Cümə , Avqust 23 2019
Ana səhifə / Kriminal / Manatın ucuzlaşması bitir – TƏHLİL

Manatın ucuzlaşması bitir – TƏHLİL

Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2017-ci il fevralın 1-nə olan məlumata əsasən, 4 milyard 327,2 milyon ABŞ dolları təşkil edib. Bu isə o deməkdir ki, ilin əvvəli, yəni yanvarın 1-nə olan anoloji rəqəmlə müqayisədə 352,8 milyon dollar və yaxud 8,88 % artım əldə olunub.

Halbuki, ilin əvvəlinə adı çəkilən qurumun ehtiyatları azalaraq, hətta “psixoloji hədd”dən, yəni 4 milyard dollardan da aşağıya düşmüşdü. Və 3 milyard 974,4 milyon dollara bərabər olmuşdu. Bu haqda əvvəlki şərhlərimdə yazmışdım ki, AMB-nin rəsmi valyuta ehtiyatları səviyyəsinin “döşəmə həddi” 4 milyarddır. Və sözügedən qurumun 2015-ci ilin dekabrın 21-i tarixində manatın dəyərini 2-ci dəfə ucuzlaşdırmasının bir səbəbinin də məhz ehtiyatların həcminin azalaraq, 5 milyard dollara düşməsi olduğunu qeyd etmişdim.

Məhz buna görə manatın dəyəri həmin ildə növbəti dəfə ucuzlaşdırılaraq, “idarəolunan üzən məzənnə” rejimi mexanizmi əsasında tənzimlənməyə keçirildi. Bu da məzənnənin valyuta bazarında göstərilən tarixdən müvafiq tələb və təklif nisbəti altında müəyyən edilməsi və AMB-in kursu tənzimləmək məqsədilə intervensiyanı məhdudlaşdırmağa başlaması demək idi.

Yəni, AMB-nin ehtiyatları ölkənin iqtisadi təhlükəsizliyi baxımdan bundan da aşağı enə bilməzdi. Odur ki, 2016-cı ilin əvvəlindən bəri valyuta mübadiləsi üzrə keçirilən hərraclarda təklif funksiyasını demək olar, təkcə Dövlət Neft Fondu (ARDNF) həyata keçirir. Bu qurumun isə dövlət büdcəsi qarşısında müvafiq öhdəliyə uyğun imkanı olduğundan, hərraclara istənilən qədər valyuta çıxarıb təklif etmək və satmaq gücü yoxdur.

Bununla belə, keçən il – 2016-cı il ərzində isə sözügedən ehtiyatlar 1 milyard da tükənərək, 4 milyard dollara, başqa sözlə desəm, “döşəmə” həddinə düşdü. Lakin yazmışdım ki, ümumiyyətlə, son 1 il ərzində əldə olunan nəticə aşağıdakı göstərdi:

1) Manat son 1 il ərzində yumşaq devalvasiya siyasəti nəticəsində normal hesab ediləcək bir tempdə, yəni cəmi 14-15 % səviyyəsində ucuzlaşdı;

2) Yumşaq devalvasiya siyasətinin AMB-nin rəsmi valyuta ehtiyatlarının əvvəlki sürətlə əriməsinin qarşısını almaq üçün effektli olduğu sübuta yetdi;

3) Daxili valyuta bazarında təkliflə çıxış edən tərəfin demək olar, təkcə Neft Fondu olmasına, xarici valyutaya – dollara tələbi olanların isə çox olmasına baxmayaraq, manatın dəyəri üçün gözlənildiyindən az problem yarandı;

4) Manatın dəyərinin ölkəmizin hələ ki əsas ixrac məhsulu sayılan neftin dünya bazar qiymətlərinin təxminən, 45 dollar ətrafında olmasına adaptasiya prosesi artıq, demək olar ki, tam başa çatıb…

Elə bütün bu deyilənlərə uyğun olaraq da, AMB-in 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatında yazılmışdı ki, qurum Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq, 2017-ci ildə “üzən məzənnə” rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcək. Və Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız, məzənnənin kəskin dəyişikliyi məhdudlaşdırmaq məqsədi daşıyacaq.

Təkrar edirəm, yola saldığımız il ərzində də AMB tərəfindən valyuta bazarına intervensiya halları yalnız belə vəziyyətlərdə və sözügedən məqsədlə həyata keçirilmişdi. Qurumun valyuta hərraclarında iştirakı bu çərçivədən kənara çıxmamışdı.

Ancaq sözügedən sənəddə o da qeyd olunmuşdu ki, 2017-ci ildə “üzən məzənnə” rejiminə uyğun olaraq valyuta hərracları mexanizminin təkmilləşdirilməsi də diqqət mərkəzində saxlanılacaq. Bu isə çox önəmli faktor idi. Beləliklə də, AMB cari ilin yanvarın 12-dən valyuta hərraclarının keçirilməsi qaydalarını növbəti dəfə dəyişdirməklə, yəni daha yeni formaya doğru təkmilləşdirməklə, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4%-lik marjanı ləğv etməklə manatın dəyərini “tam üzən məzənnə” rejiminə keçirməli oldu.

Odur ki, buna müvafiq olaraq ötən ay yazdığım `Üzən məzənnə necə olur?` adlı təhlil məqaləmdə Azərbaycanda hökumətin manatın məzənnəsini əvvəl idarəolunan, cari ildən isə yuxarıda qeyd etdiyim kimi valyuta hərraclarının keçirilməsi mexanizmini təkmilləşdirməklə, sonda isə kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı da ləğv etməklə “tam üzən məzənnə” rejimə keçirməklə əslində, valyuta ehtiyatlarımızı bacardıqca qorumaq siyasəti yürütdüyünü izah etdim. Və buna da əhəmiyyətli dərəcədə nail olunduğunu vurğuladım.

Ancaq “tam üzən məzənnə” rejiminə keçiddə əsas hədəfin bu dəfə rəsmi valyuta ehtiyatlarının həcmini tədricən bərpa etmək olduğu aydın idi. Və budur: Bu sahədə yanvar ayında əldə olunan nəticə, yəni ilin əvvəli – yanvarın 1-nə olan rəqəmlə müqayisədə 352,8 milyon dollar və yaxud 8,88 % artım AMB-nin ehtiyatları tükənməyə başladığı 2014-cü ildən bəri ara-sıra artım baş verdiyi aylardakı nəticələr ilə müqayisədə ən yüksək rəqəmdir.

Yeri gəlmişkən, sözügedən ayda manatın dollara qarşı dəyəri 8,23% civarında ucuzlaşıb. Neft Fondundan verilən məlumata əsasən, adı çəkilən qurum tərəfindən bu ilin yanvar ayı ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında 285 milyon dollar məbləğində vəsait satıldığı deyilir.

Odur ki, hesab edirəm, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmini ötən ay ərzində 350 milyon dollardan çox artıra bilməsi müsbət başlanğıcdır… Bunun davam edəcəyi, eyni zamanda isə manatın öz real dəyərini tapmaqla ucuzlaşması prosesinin dayanacağı paralel olaraq baş verməlidir.

Pərviz HEYDƏROV

Həmçinin oxuyun

“Ana, nə olar ölmə!” – Video

Türkiyənin Kırıkkale şəhərində yaşanmış cinayət hadisəsini əks etdirən kadrlar izləyənləri dəhşətə gətirib.  “Qafqazinfo” Türkiyə KİV-nə …

Bir cavab yazın