Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Kriminal / Manatın başı üzərindəki təhlükə sovuşdumu? – Ekspert rəyi

Manatın başı üzərindəki təhlükə sovuşdumu? – Ekspert rəyi

29 avqustdan etibarən Azərbaycan neftinin qiymətində yenidən artım müşahidə olunub. Belə ki, Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq, satdığı “Azeri LT CIF” markalı xam neftin bir barrelinin qiyməti 3,64 dollar, yaxud 7,76% bahalaşıb. Bahalaşmadan sonra “Azeri LT CIF” markalı neftin bir barrelinin qiyməti 50,54 dollara bərabərdir.

Dünya birjalarında isə digər markalı neftin qiymətlərində ucuzlaşma davam edib. Belə ki, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,82 dollar ucuzlaşaraq 40,80 dollar, Londonun İCE (“İnter Continental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,43 dollar azalaraq 47,16 dollar olub.

Eyni zamanda onu da qeyd edək ki, ölkədə dolların da manata nəzərən qiymətində artım müşahidə olunub. Mövcud iqtisadi şəraitdə manatın təhlükə altında olduğunu söyləyənlər də az deyil.

Bu mövzu bağlı musavat.com-a iqtisadçı Azər Mehtiyev danışıb. İqtisadçının təhlilinə görə, neftin qiyməti hazırkı səviyyədə qalarsa, manatın məzənnəsində əsaslı dəyişiklik olmayacaq: “Bəlli olduğu kimi, ölkədə manatın taleyi, daha çox ölkəyə daxil olan neft gəlirlərindən asılıdır. Çünki bu gün ölkəyə valyuta gətirən əsas ixrac məhsulumuz neftdir. Bu baxımdan, neftin dünya bazarında qiymətinin dəyişməsi, təbii ki, ölkənin valyuta məzənnəsində özünü göstərməlidir. Ancaq bu da var ki, Azərbaycanda manatın məzənnəsi bazar tərəfindən tam tənzimlənmir. Belə ki, ölkədə manatın məzənnəsinin tənzimlənməsinə Mərkəzi Bank daha çox nəzarət edir. Lakin uzunmüddətli dövr üçün burada neftin qiyməti önəmlidir. Neftin qiymətinin kəskin dəyişməsinin isə manatın məzənnəsində əks olunmamasının səbəbi yuxarıda qeyd etdiyimiz kimi Mərkəzi Bank faktorudur. Son dövrlərdə qonşu ölkələrdəki devalvasiya prosesini nəzərə alarsaq, Mərkəzi Bank manatla bağlı ajiotajı aradan qaldırmaq üçün bazara müəyyən limitdə dollar buraxdı. Bu da manatın məzənnəsinin neftin ucuzlaşmasının əksinə olaraq, sabit qalmasına kömək etdi. Lakin uzunmüddətli dövr üçün bu, keçərli sayılmır. Neftin qiyməti ötən həftə əvvəlki günlərlə müqayisədə kəskin aşağı düşsə də, bu həftə qiymətin qalxması ilə həmin boşluq bərpa olundu. Növbəti həftələrdə baş verəcək proseslər daha önəmlidir. Təbii ki, əgər qarşıdan gələn dövr ərzində neftin qiyməti 50-60 dollar civarında qalarsa, Mərkəzi Bank üçün manatın məzənnəsini saxlamaq daha asan olacaq. Lakin neftin qiyməti 40 dollardan aşağı düşəcəksə, bu, manatın da devalvasiyasına səbəb olacaq”.

Əli Rais,
Musavat.com

Həmçinin oxuyun

Azərbaycanda 674 koronavirus xəstəsinə cinayət işi açılıb

Ötən il ölkə üzrə daxili işlər orqanları əməkdaşları tərəfindən saxlanılan aktiv COVID-19 xəstələrinin sayı açıqlanıb. …

Bir cavab yazın