Ana səhifə / Kriminal / MANAT KƏSGİN UCUZLAŞA BİLƏR – Milli valyuta təhlükədədir

MANAT KƏSGİN UCUZLAŞA BİLƏR – Milli valyuta təhlükədədir

Ekspertlər uzağı seçkidən sonra devalvasiyanın qaçılmaz olduğunu bildirirlər..

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi milli valyuta olan manatın dəyərdən düşmə ehtimalını artırmaqdadır. Ekspertlər il ərzində yeni devalvasiyanın olacağını vurğulayırlar. Bildirirlər ki, tezliklə növbəti devalvasiyanı gözləmək daha məntiqlidir. Ekspert Vüqar Bayramov musavat.com-a bildirib ki, bu həftənin ilk üç günündə manatın dollara nisbətən məzənnəsi müqayisəli şəkildə aşağı düşüb. Amma manatın dollara nisbətən zəifləməsi heç də son günlər neftin qiymətinin aşağı düşməsi deyil, avronun dünya bazarında mövqelərinin sarsılması ilə bağlıdır.
Belə ki, valyuta səbətində avronun payının artması köhnə qitə pulunun kursunun manata təsir etməsinə səbəb olur. Dollara nisbətən zəifləyən avro manatla müqayisədə də dəyər itirib. Son üç gündə dollara nisbətən dəyər itirən manat avroya münasibətdə güclənib. Belə ki, avqustun 3-də 1 avro almaq üçün 1,1524 manat ödəmək lazım idisə, növbəti günlərdə uyğun olaraq rəsmi məzənnə 1,1482 və 1,405 oldu.
Buna görə də manatın məzənnəsinin son günlərdəki azalmasını neftin dünya bazar qiymətinin dəyişməsi ilə əlaqələndirməməlidir. Təbii ki, neftin dünya bazar qiyməti ölkəmiz üçün vacibdir. Ancaq onun monetar təsirləri çox qısa deyil, orta müddətli dövrdə özünü göstərir. O baxımdan da əgər yaxın günlərdə avronun məzənnəsi dollara nisbətən möhkəmlənərsə, o zaman milli valyutamız da ABŞ pulu qarşısında dəyər qazanacaq. Avronun zəifləməsi davam etdiyi halda isə dollar yenidən Azərbaycan bazarında nisbi möhkəmlənəcək. Avrozonadakı mövcud durum isə heç də Avropa pulu üçün nikbinlik vəd etmir”.

Samir Əliyev

Ekspert Samir Əliyev qeyd edib ki, Azərbaycanda yenidən devalvasiya ola bilər:Ümumiyyətlə, devalvasiya məsələsi gündəmdən çıxmayıb, bu gün də real olaraq qalır”.
Onun sözlərinə görə, devalvasiyanın nə zaman olacağını dəqiq demək bir qədər çətindir: “Azərbaycan manatı iki amildən asılıdır. Bunlardan biri neftdir. Ötən gün neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Halbuki bir ay öncə neftin qiyməti 60 dollardan yuxarı idi. Neft ucuzlaşdıqca, manata təzyiq artır.
Son bir ayda olan vəziyyət manatın əleyhinə işləyir. Mart ayından başlayaraq iyula kimi neftin qiyməti 60-70 dollar arasında dəyişirdi. Bu, manat üçün haradasa sabitlik təmin edirdi. Manat üçün narahatlıq doğuran ikinci amil kapital axınıdır. Rusiya, Türkiyə, Yunanıstan kimi ölkələrdə daşınmaz əmlakın ucuzlaşması səbəbindən insanlar pullarını bu ölkələrə yönəldirlər və orada daşınmaz əmlak alırlar. Bu vasitə ilə kapital ölkədən çıxır, bir də biznesmenlər yoxlamaların fonunda öz kapitalını ölkədən çıxarırlar. Odur ki, ölkənin valyuta ehtiyatında azalma hiss olunur. Bu baxımdan neftin qiymətinin ucuzlaşması və kapital axını milli valyuta üçün əsas təhlükədir”.
S.Əliyev aznew.az-a açıqlamasında qeyd edib ki, dövlət ilin sonuna kimi ikinci devalvasiyanın olmaması üçün çalışır: “Kapital axını və neftin qiyməti ucuzlaşmaqda davam edərsə, devalvasiyaya gedilə bilər. Vəziyyət çətinləşərsə, yumşaq devalvasiya baş tutacaq. Vəziyyət lap pisləşərsə, kəskin devalvasiya gedə bilər. Hansı ki, biz fevral ayında bunun şahidi olduq.
Əgər kəskin devalvasiya olarsa, bu, 15-20 faiz gözlənilir. Kapital axını və neftin qiyməti manatın əleyhinə işləməzsə, manat ilin sonuna kimi indiki səviyyədə qalacaq. Əgər sadalanan amillərdən biri güclənərsə, bu halda hökumət devalvasiyaya getmək məcburiyyətində qalacaq”. Qeyd edək ki, əksər ekspertlər ilin sonuna 15 faizədək devalvasiya proqnozlaşdırırlar.
img1805112Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, növbəti devalvasiya qaçılmazdır: “Manatın taleyi ilə bağlı rəsmi şəxslərin də açıqlamalarında dəfələrlə vurğulanıb ki, manatın gələcək taleyinin neftin qiymətindən birbaşa asılılığı var. Neftin qiymətinin indiki aşağı səviyyələrə düşməsi manata basqıları xeyli dərəcədə artırır. Çünki ölkəyə gələn valyuta ehtiyatlarının kifayət qədər böyük bir hissəsi neftdən asılıdır. Neftdən gələn valyuta, valyuta ehtiyatları, valyuta daxilolmaları azaldıqca, manata basqılar da artacaq. Bunun artıq ilkin işartıları da var. Mərkəzi Bankın iyul ayına olan açıqlamasından görünür ki, iki ay aradan sonra artıq rezervlərində yenidən azalma trendi başlayıb. Təbii ki, çox da böyük bir azalmadan söhbət getmir. Amma hər halda, bu azalmanın yenidən başlaması belə bir təhlükənin olması ehtimalını yüksəldir. İlin sonuna qədər neftin qiyməti aşağı səviyyədə qalarsa, manata basqılar artacaq. Amma düşünmürəm ki, fevral ayının 21-də gördüyümüz kəskin, 35 faizlik devalvasiya yenidən baş versin. Mərkəzi Bank, hökumət yenidən belə bir addım atmaz. Çünki ölkə iqtisadiyyatı hələ birinci devalvasiyanı həzm etməyib. Ölkənin bank sferasında olan problemlər həm də birinci devalvasiyanın nəticəsidir. Amma Mərkəzi Bank addım-addım yumşaq formada manatın məzənnəsinin azaldılması yönündə addımlar ata bilər. Həm də bunu nəzərə almaq lazımdır ki, noyabrın 1-də ölkədə parlament seçkiləridir. Parlament seçkiləri öncəsi hökumət kəskin addım atmaqdan çəkinə bilər. Çünki manatın kəskin şəkildə dəyərdən düşməsi siyasi ictimai vəziyyəti kəskinləşdirə bilər. Ona görə də əsas manatla bağlı addımların noyabrdan sonra olması çox yüksəkdir. İlin sonuna qədər neftin qiyməti indiki səviyyədə qalsa, yaxud bir qədər də düşsə, noyabrdan sonra manatla bağlı qərarlarının şahidi olacağıq. İlin sonuna qədər yenidən manatın 10-15 faiz civarında dəyərdən düşməsini görə bilərik”.
Qeyd edək ki, ekspertlərin fikrincə, neft gəlirlərinin azalması və avro ilə dolların məzənnəsinin bir-birinə olan münasibətlərinin manata təsiri milli valyutanın sabitliyində mühüm rol oynayır.
Buna görə də bu səbəblər fonunda yeni qərarlar verilməzsə, ilin sonuna ölkədə yeni devalvasiya qaçılmazdır. Reallıq göstərir ki, ölkəyə gələn valyutanın həcmi getdikcə daha da azalır. Ölkəyə valyuta nə qədər az gələcəksə, manata olan basqılar bir o qədər artacaq. Həmçinin İranın Qərblə münasibətlərinin yaxşılaşması dünya bazarında neftin qiymətinin düşməsinə təsir edər. Bildirilir ki, ikinci devalvasiya bank və özəl sektora ciddi təsir edə bilər. İkinci kəskin devalvasiya iqtisadiyyatı tam çökdürər.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın