Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / “Manat ilin sonuna kimi ucuzlaşmayacaq” – EKSPERT

“Manat ilin sonuna kimi ucuzlaşmayacaq” – EKSPERT

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclası baş tutub. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,75-dən 1-1,25-dək artırıb. Xatırladaq ki, sonuncu dəfə FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1%-dək artırıb.
Bəs görəsən, bu qərar dünya bazarında dolların bahalaşmasına səbəb olacaqmı? Yaxın müddətdə manatın məzənnəsinə bu amil necə təsir edəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzu ilə bağlı şərh verərkən bildirib ki, FED-in uçot dərəcəsini növbəti dəfə artırması Azərbaycana da təsirsiz ötüşməyəcək:

“FED bu addımı nə vaxt atıbsa, dünyada milli valyutalara öz təsirini göstərib. İstər avro, istər digər dövlətlərin milli valyutasına bu öz təsirini göstərməyə bilməz. Çünki dollar yeganə valyutadır ki, dünyanın bütün maliyyə bazarlarında fəaliyyət göstərir”.

FED-in son qərarının Azərbaycana konkret təsirinə gəlincə, V.Əhmədov qeyd edib ki, bu birbaşa olmasa da maliyyə bazarında müəyyən qədər ajiotaj yarada bilər: “Ola bilər ki, manatın məzənnəsində müəyyən dəyişiklik olsun. Amma hələlik milli valyutamız tələb-təklif əsasında maliyyə bazarında öz işini görür. Manatın xarici valyutalara kursu maliyyə institutlarının verdiyi tələb və təkliflər əsasında, o cümlədən neftin dünya bazarındakı qiyməti, idxal-ixrac əməliyyatları ilə tənzimlənir və sonda üzən məzənnə siyasəti ilə müəyyənləşir. İnanmıram ki, yaxın günlərdə FED-in qərarı manatın məzənnəsinə ciddi təsir göstərsin. 1-2 qəpik təsir göstərmək imkanı var. Amma FED uçot dərəcəsini artırmaqda davam edərsə, təbii ki, dünyanın digər valyutalarına olduğu kimi, manata da ciddi təsir göstərəcək”.

İqtisadçı-ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, budəfəki faiz artımını bazarlar öncədən “həzm etmişdi”: “Təqribən iki ay öncə FED faizləri artıracağı ilə bağlı bazara siqnal vermişdi, bununla bağlı açıqlamaları olmuşdu. Ona görə də indiki faiz artımı artıq bazarlar tərəfindən qiymətləndirilmişdi. İndiki məzənnənin içində də özünü büruzə vermişdi. Ancaq FED-in faiz artımından sonra verdiyi rəsmi bəyanatı daha ciddi proseslərin olmasından xəbər verir. FED növbəti 6 ayda faizlərin ən azı 1 dəfə yenidən artırılacağını bəyan etdi. Daha maraqlı bir açıqlama ondan ibarətdir ki, indi Federal Rezerv Sistemi bazarlarda likvidliyi saxlayan əsas maliyyə qurumlarından biridir. Dolların dövriyyəsini artıran və likvidlik yaradan bir qurumdur. Artıq o likvidlik də azalmağa başlayacaq. Birjalara daha az valyutanın çıxması ehtimalı yüksəlib. Bu da ona gətirib çıxaracaq ki, dolların indeksi ilin sonuna qədər addım-addım yüksələcək. Dolların indeksi digər valyutalar qarşısında qalxdıqca, qonşu ölkələrdə və dünyada dolların bahalaşmasını görəcəyik”.

Natiq Cəfərlinin sözlərinə görə, bu Azərbaycana iki istiqamətdən təsir göstərir: “Azərbaycanda üzən məzənnə siyasətinə keçid elan olunsa da, məzənnə inzibati nəzarət altındadır. Çünki bizdə qiymətli kağızlar birjası yoxdur. Biz dünya birjalarında digər valyutaların saniyə-saniyə dəyişdiyinin şahidi oluruq. Manatla bağlı isə belə siyasət həyata keçirilmir. Həftə ərzində cəmi iki hərrac olur. Mərkəzi Bank da bu prosesə sərt nəzarət edir. Ona görə də, FED-in qərarının qısa müddətdə manatın məzənnəsində özünü büruzə verməsini gözləmək əbəsdir. İlin sonuna kimi kəskin devalvasiyanı gözləmək də yersizdir. Çünki Mərkəzi bank və hökumət kəskin devalvasiyaların iqtisadiyyata çox böyük zərbə vurduğunu görüb. Əsasən ilin sonuna yaxın, payız aylarında manatın yumşaq şəkildə dəyərdən düşməsini izləyə bilərik. Çünki ən azından qonşularımızda, ticarət tərəfdaşlarımızda dollar bahalaşdıqca, bunun bizim bazarlara da birbaş təsiri olur. Azərbaycan manatının yerində qalması mümkünsüz hala gəlir. İkinci təsiri ondan ibarətdir ki, dünya birjalarında dollar bahalaşdıqca, əmtəə ucuzlaşır. Enerji daşıyıcıları, qızıl, gümüş və sair bu kimi əmtəə malları ucuzlaşır. Neftin ucuzlaşma ehtimalı da yüksəlir. Bu da Azərbaycanın valyuta gəlirlərinə mənfi təsir göstərir. Dolların bahalaşmasının bu cür iki yöndən Azərbaycan iqtisadiyyatın təsiri payız aylarında özünü daha ciddi göstərəcək. İl ərzində FED-in üçüncü dəfə faizləri artırmasından sonra Azərbaycanda manatla bağlı daha nəzərəçarpan prosesləri görə bilərik. Üçüncü faiz artımı isə sentyabr ayına təsadüf edəcək.

Kəskin addımlar olmasa da bu ilin sonuna doğru yanvar ayında gördüyümüz pik həddə, yəni 1.90-1.92 hədlərinə doğru addım-addım manatın ucuzlaşmasını seyr edə bilərik”.

İqtisadçı-ekspert vətəndaşlara vəsaitləri dollarda saxlamağı tövsiyə etdi: “Azərbaycan əhalisi iki devalvasiyadan sonra artıq ehtiyatlarını manatla saxlamaqdan imtina ediblər. Əhalinin əlində olan manat ehtiyatları artıq valyutaya çevrilib. Yenidən valyutaya olan tələbatın artması gözlənilir. Onu da nəzərə almaq lazımdır ki, yay ayı turizm mövsümüdür və Azərbaycandan xaricə gedənlərin sayı da artır. Bu da tələbatı artıran amillərdən birinə çevriləcək. Payız aylarına doğru proseslər sürətlənəndə əhalinin vəsaitlərinin yenidən dollara çevrilməsinin sürətləndiyini də görə bilərik. Həmçinin ilin sonunda büdcə xərcləmələri də artır. Keçən il büdcənin yarıdan çoxu 4-cü rübdə xərcləndi. Ölkəmizdə belə bir tendensiya var ki, büdcə xərcləmələri artdıqca manatın dövriyyəsi artır. Manatın dövriyyəsi artdıqca bu dollara tələbatı artırır. Bütün bu şərtləri nəzərə alsaq, ilin sonuna yaxın manatın ucuzlaşmasını çox böyük ehtimalla görə biləcəyik. Əlində vəsaiti olanlar da pulunu dollara çevirməkdə davam edəcək”.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …

Bir cavab yazın