Ana səhifə / Kriminal / Manat Dollar qarşısında nə qədər düşə bilər?

Manat Dollar qarşısında nə qədər düşə bilər?

Noyabr ayı Dolların Manat qarşısında cüzi də olsa gücləndiyi, Avronun isə kəskin zəiflədiyi bir ay kimi yadda qaldı. Bu gün Dolların manat qarşısında hara kimi bahalaşacağı (Manatın düşəcəyi) əhalini yaxından maraqlandırır.

“Marja”-nın məlumatına görə, Mərkəzi Bank Noyabr ayının ortasında bəyan etmişdi ki, Dolların Manat qarşısında qalxması, Avronun isə enməsi, beynəlxalq valyuta bazarında Avro/ABŞ dolları məzənnəsində baş verən gündəlik dəyişikliklərin qismən milli valyutanın məzənnəsinə ötürülməsi ilə bağlıdır.

Mərkəzi Bank tərəfindən məzənnə siyasəti ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi çərçivəsində həyata keçirilir.

Beynəlxalq valyuta bazarında ABŞ dollarının Avroya qarşı məzənnəsinin yüksəlməsi müşahidə edilir. Bunun səbəbi ABŞ Mərkəzi Bankı Fed-in pul siyasətini sərtləşdirərək faiz artırımına gedəcəyinin gözlənilməsi, əksinə, Avropa Mərkəzi Bankının isə pul siyasətini daha da yumuşaldaraq əlavə təşviq planını açıqlayacağının ehtimal olunmasıdır.

DOLLAR MANAT QARŞISINDA 0,4% QALXIB

Bu il Dollar Manat qarşısında ən aşağı səviyyəyə Oktyabr ayının 15-də enib. Həmin gün Mərkəzi Bankın məzənnəsinə görə, 1 dollar  1.0469 manata, 1 avro isə 1.2019 manata bərabər  idi. Eyni gün beynəlxalq bazarlarda 1 avro 1.14888 dollara bərabər olub.  Ötən 1 ay 15 gün ərzində beynəlxalq bazarlarda, dollar avro qarşısında təxinən 8,04% bahalaşıb (avro isə 8,04% ucuzlaşaraq 1 avro = 1.05629 dollaradək düşüb). 1,5 ayda Dollar Manat qarşısında 0,4% qalxıb, Avro isə 8% ucuzlaşıb. Noyabrın 30-da  1 dollar 1.0512 manata, 1 avro isə 1.1130 manata bərabər olub. Yəni, məzənnə siyasəti iki valyutalı səbət mexanizmi çərçivəsində elə aparılıb ki, beynəlxalq valyuta bazarında dolların avro qarşısında 8,04% güclənməsi, dollar/manat məzənnəsinə, dolların manat qarşısında 0,4% qalxması, avronun isə 8% düşməsi şəkilində ötürülüb.

Bəzi qlobal banklar beynəlxalq valyuta bazarında 1 avronun 1 dollara bərabər olacağını proqnozlaşdırırlar. Bir sıra banklar isə gələn ilin Mart ayınadək avro/dollar məzənnəsinin 1.04 dollar səviyyəsinə qədər düşəcəyini proqnozlaşdırırlar.

DOLLAR 1.0545 MANATA QALXA, AVRO İSƏ 1.05 MANATA DÜŞƏ BİLƏR

Əgər 1 avro 1 dollara bərabər olarsa, bugünkü Avro/Dollar məzənnəsi nəzərə alındıqda (1.05627), bu Dolların daha 5,3% bahalaşması demək olar. Mərkəzi Bank bu bahalaşmanı AZN məzənnəsinə ötürsə Dollar manat qarşısında ən çoxu təxminən 0,3% qalxa, Avro isə 5% düşə bilər. Qısası 1 dollar 1,0540-1.0545 manata qədər çıxa, Avro isə 1.0570 manat ətrafındakı səviyyələrə qədər enə bilər.

“DOLLARIN BAHALAŞMASI BAŞA ÇATIR”

Qeyd edək ki, analitiklər artıq Dolların bahalaşmasının böyük bir hissəsinin başa çatdığını bildirirlər. Ehtimal olunur ki, bəlkə, yaxın vaxtlarda 1 dollar 1 avroya belə bərabər olmayacaqdır. ABŞ Mərkəzi Bankının dolları bahalaşdıracaq faiz artırımı qərarını 15-16 Dekabr tarixlərində keçirəcəyi toplantısında verəcəyi gözlənilir. Analitklər xəbərdarlıq edirlər ki, bu tarixə qədər Dollar Avro qarşısında bir az da qalxdıqdan sonra (avro 1.04-ə qədər ucuzlaşa bilər),  növbəti günlərdə xeyli aşağı düşəcəkdir.

YENİDƏN DEVALVASİYA OLA BİLƏR?

Mərkəzi Bankın yenidən qəfil devalvasiyaya getməsi xüsusi bir qərar ola bilər. Manatın məzənnəsinə, Dolların beynəlxalq valyuta bazarında qalxmasından daha çox neftin qiymətinin kəskin düşməsi təsir edə bilər. Gələn il neftin qiymətinin 40 dollar və aşağı olacağı gözlənilir. Burada qeyd edək ki, Azərbaycan hökuməti 40 dollar qiymətinə belə hazırlıq görüb. Gələn ilin dövlət büdcəsinin 3 variantından biri neftin qiymətinin 40 olması vəziyyətinə qarşı nəzərdə tutulub. Neft 40 dollardan da aşağı düşərsə,  50 dollarlıq neft qiyməti əsasında təsdiq edilmiş 2016-cı ilin büdcəsindən bir sıra xərclər təxirə salınacaqdır.

Digər tərəfdən, yaxşı başa düşülür ki, yenidən devalvasiya olarsa, əhalinin vəziyyəti daha da pisləşəcək, bankların iflas olmaq riski artacaq, idxal məhsulları xeyli bahalaşacaq, işsizlərin sayı artacaq, alıcılıq qabiliyyəti aşağı düşəcək və nəticədə də iqtisadi geriləmə yaranacaqdır. Bu ilin Fevral ayında həyata keçirilmiş devalvasiya göstərdi ki, devalvasiyanın faydasından çox zərəri olub. Bu gün əhali banklara borcunu qaytara bilmir, bankların problemli kreditləri artıb, böyük zərərləri yaranıb. Eyni zamanda, banklardan kredit götürənlərin sayı günü-gündən azalır, filialların bağlanılması, işçilərin ixtisar olunması başlayıb. Manatın ucuzlaşdırılması qeyri-neft sektorunun ixracında da artıma səbəb olmadı. Belə vəziyyət yenidən devalvasiyaya getməyi çətinləşdirir.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın