Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Maliyyə Bazarlarına Nəzarət Palatasının davamlı strategiyası yoxdur” – Azər Mehdiyev

“Maliyyə Bazarlarına Nəzarət Palatasının davamlı strategiyası yoxdur” – Azər Mehdiyev

2016-cı il avqust ayının sonuna banklarda problemli kreditlərin həcmi 1 milyard 592,9 milyon manat təşkil edib. Bu, cəmi 16 milyard 839,7 milyon manat olan cəmi kredit qoyuluşlarının 9,5%-nə bərabərdir. Mərkəzi Bankın məlumatına görə problemli kreditlər İyul ayının sonu ilə müqayisədə 88,5 milyon manat artıb. İyulun sonunda problemli kreditlər 1 milyard 504,4 milyon manat idi. 2015-ci ilin əvvəlində problemli kreditlərin həcmi təxminən 1 milyard manat idi (976,3 milyon manat). Ötən müddət ərzində problemli kreditlərin həcmi 600 milyon manatdan çox artıb. Artımın 278 milyon manatı 2016-cı ilin payına düşür.

Bu mövzuda Qafqaznews.az-a danışan iqtisadçı ekspert Azər Mehdiyev hesab edir ki, əslində, Azərbaycanda problemli kreditlərin həcmi daha böyükdür. “Sadəcə bəzi banklar kreditlərin bir qismini restrukturizasiya etməklə vaxtı uzatmağa nail olublar. Bununla, bəzi kredit borcları kreditli problemlər siyahısına salınmayıb, çünki problemli kreditlərin çoxluğu bankların reputasiyası üçün də mənfi hal sayılır. Lakin problemli kreditlərin artması gözlənilən idi. Devalvasiya dalğalarından sonra, bir çox insan iş yerini itirdi, valyuta məzənnəsinə görə, vətəndaşlar kreditləri ödəməyə çətinlik çəkdilər. Konkret strategiya və kredit siyasəti yox idi. Banklarımız asan sənədləşdirmə mövzusunda bir-biriylə yarışa çıxmışdı. Əvvəl müəyyən cəhətdən iş yeri tapmaq daha asan idi, ölkəyə neft pulları gəlirdi. Vətəndaşlar da çox narahat olmurdu ki, krediti sonra necə ödəyəcək. Lakin devalvasiyadan sonra, bu spontan vəziyyətin ağır nəticələri görünməkdədir”, – deyə ekspert qeyd etdi.

Onun fikrincə, hökumət sosial proqramları genişləndirməli, problemli kreditlərin tənzimlənməsində vətəndaşlara yardım etməlidir. “Yaxın gələcəyə dair proqnoz vermək çox çətindir. Nə Mərkəzi Bankda, nə də Maliyyə Bazarlarına Nəzarət Palatasında problemli kreditlərlə bağlı davamlı, elan olunmuş strategiya yoxdur. Son zamanlar atılan addımlar çox ziddiyətlidir. Həm Mərkəzi Bank rəhbərliyinin, həm də Maliyyə Nazirliyinin açıqlamalarından belə başa düşdük ki, onlar problemli kreditlərin həlli üçün əhaliyə güzəştə getmək fikrində deyillər. Əksinə, banklara yeni gəlir mənbələri düşünürlər ki, bu da iqtisadiyyata ard-arda zərbələr vurur. Əgər hökumət əhaliyə real yardım göstərməzsə, bank sistemində kollaps vəziyyət dərinləşəcək, bağlanan bankların sayı artacaq və bankla müştərilər arasında gərginlik artacaq”, – deyə A.Mehdiyev əlavə etdi.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın