Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Mərkəzi Bankın 2017-də əsas hədəfi nə olacaq? – TƏHLİL

Mərkəzi Bankın 2017-də əsas hədəfi nə olacaq? – TƏHLİL

Mərkəzi Bankın (AMB) 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatı bu dəfə bəzi iqtisadçı ekspertlər tərəfindən qurumun əvvəlki illərə dair anoloji Bəyanatlarından çox fərqli şəkildə təqdim edilməyə çalışılır. Həmin “ekspertlər” AMB-nin əvvəlki illərə dair anoloji Bəyanatlarına həmişə tənqidi və sərt mövqedən yanaşdıqları halda, 2017-ci il üçün açıqlanan eyni sənədə münasibətdə bu ənənəni pozublar.

Belə ki, cari ilə aid Bəyanatda söylənilənlərdən müxtəlif sitatlar gətirərək yazırlar ki, guya, 2017-ci il ərzində vəziyyətin daha pis olacağı artıq AMB tərəfindən də bəyan edilir. İkincisi isə, özləri özlərinin əvvəllər sərt pul-kredit siyasəti, infliyasiya, məzənnənin mövcud tənzimlənməsi mexanizmi və sair kimi amillər haqda söylədikləri tənqidi fikir və mülahizələrin əleyhinə çıxıraq, qeyd edirlər ki, guya, vəziyyət o qədər faciəlidir ki, AMB əslində, düzgün kurs həyata keçirsə də, bunun xeyri olmayacaq…

Qeyd edim ki, bütün bunlar cəfəngiyyat və olduqca qərəzli yanaşmalardır!

Birincisi, AMB-in növbəti il üçün həyata keçirəcəyi pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatı həmişə ümumi xarakter daşıyıb. Bu dəfə də belədir. Belə ki, orada söylənilənlər sonradan il ərzində baş verən proseslərə uyğun təkmilləşdirilə və dəyişə bilir. Təkcə bir sadə və konkret bir misal çəkim ki, AMB məsələn, heç bir halda neftin dünya bazar qiymətlərinin necə olacağını dəqiq müəyyən edə bilməz. Ölkəmizin iqtisadi həyatında isə nəinki yeni qədəm qoyduğumuz bu il ərzində, hələ sonrakı 2-3 il ərzində də əsas atmosfer bilavasitə bu amildən asılı olacaq.

İkincisi, AMB-in 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatında əslində, yeni heç bir şey yoxdur. Sərt-pul kredit siyasətidir, inflyasiyanın cilovlanmasıdır, xarici amillərin daxili valyuta bazarına və məzənnəyə təsirlərinin qarşısının alınmasıdır, iqtisadi artımı stimullaşdırma tədbirləri ilə mövcud makroiqtisadi sabitlik arasında uzlaşmaya nail olunmasıdır… Bunlar AMB üçün həmişə aktual olub və hətta neftin dünya bazar qiymətləri yüksək olan illərdə də həyata keçirilən ümumi kursun tərkib hissələri kimi aşkar şəkildə nəzərə çarpıblar.

Və nəhayət, üçüncüsü: AMB-nin 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatında “tam üzən məzənnə” siyasətinə keçiləcəyi heç nə deyilmir. Sadəcə olaraq, sənəddə qeyd edilib ki, AMB Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq, 2017-ci ildə üzən məzənnə rejiminə tam keçid istiqamətində tədbirləri davam etdirəcək. Və bəyan edilib ki, Mərkəzi Bankın valyuta bazarında iştirakı yalnız məzənnənin kəskin dəyişkənliyini məhdudlaşdırmaq məqsədi daşıyacaq.

Bunda isə qeyri-adi heç nə yoxdur. Belə ki, yola saldığımız il ərzində də AMB-nin valyuta bazarına intervensiya hallarınıın yalnız və məhz belə vəziyyətlərdə və bu məqsədlə həyata keçirildiyinin şahidi olduq. Başqa sözlə desəm, qurumun keçirilən valyuta hərraclarında iştirakı bu çərçivədən kənara çıxmadı. Ancaq sözügedən sənəddə o da qeyd olunub ki, 2017-ci ildə AMB “üzən məzənnə” rejiminə uyğun olaraq valyuta hərracları mexanizmini təkmilləşdirməyi də diqqət mərkəzində saxlayacaq. Bu isə çox önəmli faktordur.

Sözün qısası, demək istədiyim odur ki, cari il üçün AMB-in nail olmaq istəyəcəyi əsas hədəf məhz inflyasiya birrəqəmli səviyyəyə endirməkdən ibarət olacaq. Və bu, 2017-ci ildə ölkəmiz üçün əsas makroiqtisadi göstərici sayılacaq. Belə ki, əgər, onun yüksəlməsi qarşısını saxlamaq mümkün olarsa, demək ki, vəziyyət yaxşı olacaq. Yox, əgər, nəzarətdən çıxarsa, AMB “pis vəziyyətdə” qalacaq. Yeri gəlmişkən, bütövlükdə ölkədə bank sektorunda normallaşma prosesi də məhz buna bağlı olacaq.

AMB-in 2017-ci il ərzində həyata keçirəcəyi pul siyasətinin bütün istiqamətlər üzrə əsas məğzi bundan ibarətdir.

Yuxarıda yazdığım AMB-in 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqda Bəyanatında söylənilənlərə dair izahat xarakterli açıqlamalarımı bir az da uzada bilərdim. Lakin əsas olanları bunlardır. Sənəddə də qeyd edilib ki, əlverişsiz qlobal iqtisadi konyunktur və iqtisadiyyatın struktur transformasiyası şəraitində makroiqtisadi sabitliyin təmin edilməsi 2017-ci ildə Mərkəzi Bankın qarşısında duran ən mühüm vəzifə təşkil edəcək. Bu da ondan irəli gəlir ki, makroiqtisadi sabitlik iqtisadi artımın bərpa olunmasının, milli iqtisadiyyatın yeni artım və inkişaf modelinə keçirilməsinin bazis şərtini təşkil edir.

O ki qaldı inflyasiya proqnozuna, 2017-ci il üçün rəsmi olaraq 7,3% səviyyəsində proqnozlaşdırılıb. Qeyd edim ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2016-cı ilin yanvar-noyabr ayları ərzində onun orta illik səviyyəsi 12,1% təşkil edib. Yeri gəlmişkən, 2016-cı il ərzində inflyasiyanın 12% ətrafında təşkil edəcəyini hökumət də əvvəlcədən bildirmişdi.

Qısa desək, vəziyyət belədir: manat ucuzlaşmaqda davam etsə, inflyasiya yüksək olacaq, yəni onu birrəqəmli səviyyədə cilovlamaq mümkün olmayacaq. Neftin dünya bazar qiymətləri isə qalxmaqda davam edərsə, manatın dəyəri sabitləşəcək. Başqa sözlə, inflyasiya cilovlanacaq!

Pərviz Heydərov

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın