Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / “Mənə dedi ki, arxamca gəl, sənin başını kəsəcəm”

“Mənə dedi ki, arxamca gəl, sənin başını kəsəcəm”

Bakı Apellyasiya Məhkəməsində general Novruzəli Orucovun oğlu, xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov və onun dostları Kənan Vəliyevlə Pərviz Abbasov barələsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Sahibxan Mirzəyevin icraatında olan prosesdə zərərçəkmiş Sənan Səmədov iştirak etməyib.

Rüstəm Orucov ifadə verərək hadisənin necə baş verdiyini deyib: “Axşam saat 8-9 radələridə “Əcəmi dairəsi”ndə tıxacda dayanmışdım, yanımdakı avtobus sürücüsü dayanmadan siqnal verirdi. Niyə siqnal verirsən dedim, mənə “korsan?” deyə cavab verdi. Maşınımdan düşüb ondan nömrəsini verməyini istədim, vermədi. Sonra qayıdıb maşına oturandan sonra məni söydü. Ardıyca da “arxaca gəl, sənin başını kəsəcəm” dedi. Mən də getdim, sonuncu dayanacaqda görüşdük. Dispetçerə dedim ki, sürücü söyüşə görə üzr istəsin gedim. Onda sürücü “söyüləsi adamsan” dedi, mən də vurdum, yerə yıxıldı. Sonra da çıxıb getdim. Pərvizlə Kənan mənim yanımda olmayıblar”.

K.Vəliyev bildirib ki, R.Orucovu uzaqdan görüblər: “Biz ona çatanda Rüstəm maşına oturub getdi. Ətrafdakılar dedilər ki, o, sürücünü vurub. Biz həmin adamı ayıltdıq, ürəyi getmişdi. Ayılan kimi Rüstəmin valideynlərinə söydü. Biz də dedik söymə, sonra da çıxıb getdik”.

Proses aprelin 10-da davam etdiriləcək.

Xatırladaq ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu təqib edərək sürücünü döyüb.

Binəqədi rayon məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – K.Vəliyev və P.Abbasov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib. Hər üç şəxs apellyasiya şikayətində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Qeyd edək ki, R.Orucovun atası  general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …