Ana səhifə / Kriminal / Məktəbli qızı dayanacaqdan oğurladılar, Həmid barışmadı

Məktəbli qızı dayanacaqdan oğurladılar, Həmid barışmadı

Gürcüstanın azərbaycanlılar yaşadığı Qardabani rayonunun Kalinino kəndində təhsil almaq istəyən qızların zorla qaçırılmasına etiraz edən gənc müəllim üzr istəməyə məcbur edilib.

Virtualaz.org yerli KİV-ə istinadən xəbər verir ki, Həmid Sadıx adlı müəllim “feysbuk”da status yazaraq Təzəkənd kəndində dərs dediyi və bu il ali məktəbə qəbul olan qız şagirdinin avtobus dayanacağından zorla qaçırıldığını deyib: “Vaxtilə dərs dediyim şagirdlərimdən birini zorla qaçırıblar. Bu gün universitetə ilk addımını atacaqdı, dayanacaqdan qaçırıblar. Bax belə murdar, əclaf adamlardan ibarətdir bizim icma. İndi ağsaqqallar düşəcək ortaya ki, barışın getsin”.

Bundan sonra gənc müəllimə təzyiqlər başlayıb və kənd əhalisi bir yerə toplaşaraq Həmid Sadıxı da camaatın içərisinə gətiriblər. Orada gənclər onu döyməklə hədələyiblər. Gürcüstan televiziyasının hazırladığı reportajda görünür ki, cavan oğlanlar Həmid Sadıxın üzərinə hücum etmək istəyəndə kənardan “döymə” çağırışları eşidilir.

Burada kişilər gənc müəllimi onlardan üzr istəməyə məcbur ediblər və bunu videoya çəkərək sosial şəbəkələrdə yayımlayıblar. Bundan sonra isə vətəndaşlar müəllim Həmid Sadıxın müdafiəsi, gənc qızların zorla ərə verilməsinə etiraz üçün kampaniya başladıblar.

Gənclər #MənHəmidəm #MüəlliməToxunma həştəqləri ilə paylaşımlar etməyə başlayıblar. Həmid Sadıx daha sonra paylaşım edərək ümumi kənd əhalisini yox, zorakılığı, zorakılığa bəraət verənləri və vermək istəyən şəxləri təhqir etdiyini bildirib.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …