Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Məhkəmədə MTN general və polkovniki sirləri açdılar – üzədurma BAŞLADI

Məhkəmədə MTN general və polkovniki sirləri açdılar – üzədurma BAŞLADI

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hüquq müdafiəçisi məhkəməyə gəldi, hakim yarım saat gözlədib zala buraxdı

İyunun 13-də keçirilən prosesdə iştirak etmək üçün hüquq müdafiəçisi Novella Cəfəroğlu Bakı Hərbi Məhkəməsinin önünə gəlib. İş üzrə sədrlik edən hakim Elbəy Allahverdiyev əvvəlcə hüquq müdafiəçisini açıq keçirilən prosesə buraxmaq istəməsə də, sonradan fikrini dəyişib. Proses başlayandan yarım saat sonra məhkəmə nəzarətçiləri Novella Cəfəroğlunu zala dəvət ediblər. Mətbuat nümayəndələrinin israrlarına baxmayaraq açıq məhkəmə prosesində iştirakına imkan verilməyib. Zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq mətbuat nümayəndələri, ümumiyyətlə, bu məhkəmə prosesinə buraxılmırlar. Məhkəmənin davam etdiyi 9 aya yaxın müddətdə proses sözdə açıq, faktiki isə qapalı şəkildə keçirilir…

Media prosesə dair xəbərləri zərərçəkənlərdən alır.

Son məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Azad Niyazi oğlu Rəşidov sərbəst ifadə verib.

O, Moskva Univermağında qızıl satışı ilə məşğul olduğunu və 2014-cü ilin noyabr ayının əvvəllərində iş yerinə gələrkən orada MTN əməkdaşlarının onu axtardığını öyrənib. Həmin şəxslər onun qızıllarını götürüb gediblər. Onu daha əvvəl həbs edilmiş iş adamı Ramiz adlı ticarətçidən qızıl-zinət alıb satmaqda suçlayıblar.

“Yasin Məmmədov anqırmağa başladı, o qışqırmırdı, sadəcə, anqırırdı”

Zərərçəkən deyib ki, növbəti gün MTN-ə gedərək Yasin Məmmədovla əlaqə saxlayıb, onunla kabinetində görüşüb. Yasin Məmmədov işlədiyi vəzifəni deməsə də, otağının böyük olması, dəbdəbəli kreslosunun olması onda rəis vəzifəsində işləməsi fikri yaradıb:

– Yasin Məmmədov Ramizlə bağlı bir neçə sual verdi. Dedi ki, nə cinayət etdiyini bilirsən? Cavab verdim ki, mənim heç bir cinayətim yoxdur. Yasin Məmmədov da başladı ki, görürəm yaxşı oğlana oxşayırsan, istəsən sənə kömək edə bilərəm, istəmirəm səni “podval”a salım, oradakı yaşayışı görsən, artıq sənə kömək etmək gec olacaq. Dedim nə kömək edə bilirsə, eləsin, mənim cinayətim yoxdur. Yasin də şəhadət və ortancıl barmağını göstərdi, dedi ki, bunu gətir, sənə kömək edim. Elə başa düşdüm ki, məndən  2 min manat pul istəyir. Demişdim ki, 2 min istəyirsən, əvvəl güldü, sonra da bağırmağa başladı ki, nə 2 min? Yasin Məmmədova 20 min manat istəyirsən deyə sual etdim. 20 min nədir, 200 min gətir, sənə kömək edim. Ona dedim ki, mənim satış rəfimdən götürdüyün qızıl zinət əşyaları satılsa belə, 200 min manat eləmir. Heç bir cinayət törətməmişəm, pul da verən deyiləm. Yasin Məmmədov anqırmağa başladı, o qışqırmırdı, sadəcə, anqırırdı. Deyirdi ki, elə etmə ki, səni “podval”a salım, sən əgər “podval”a düşsən, bizdən heç bir kömək gözləmə!

sahib.jpg (30 KB)

Sahib Ələkbərov: “Zakir Qaralov, Rüstəm Usubov, Mövlam Şıxəliyev icraatımda olan cinayət işlərinə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim”

Axırda da dedi ki, 100 min ver, söhbəti bağlayaq. Ona dedim ki, həmin məbləği verə bilməyəcəyəm. Yasin Məmmədov başladı and içməyə, deməyə ki, bəs sənə sonuncu şans verirəm, daş havada oynayır, hələ sənə dəyməyib, yaxşı fikirləş, sonra gec olacaq. Dedim ki, cinayətim yoxdur, pul da vermirəm…

Sonda “bazarlaşma” baş verib, Yasin Məmmədov ondan 30 min manat və 4 qızıl saat alaraq azad edib.

Özünü “Memati” elan edən MTN əməkdaşı da varmış…

Bundan sonra zərərçəkən Zaur Əliyevin şərlənərək həbs olunması epizodu üzrə şahid Mirbala Əliyev ifadə verdi:

– 2010-cu ildə Novruz bayramına 2-3 gün qalmış olardı, axır çərşənbə günü evə gələndə həyat yoldaşım otaqda kürəkənim Zaurun qonaqları olduğunu dedi. Mən də başqa otağa keçdim. Az sonra Zaur olan otaqdan yüksək tonda danışıq, səs-küy eşitdim. Dərhal həmin otağa keçdim. Stolun ətrafında Zaurdan başqa 2-3 nəfər əyləşmişdi. Zaur özünü “Memati” adlandıran şəxslə mübahisə edirdi. Stolun üstündə 1 ədəd qılınc, 1 ədəd xırda keçi büstü vardı. Zaurla mübahisə edən şəxsə evin sahibi olduğumu dedim. Bir qədər asta danışmasını tələb etdim. Stolun arxasında olanlardan Arifi tanıdım. Arif Salahova əvvəllər, SSRİ vaxtı, Gəncə İcrayyə Komitəsində işlədiyini dedim, Arif də təsdiqlədi. Bir-birimizi tanıdıq. Arif özünü itirib haldan-hala düşmüşdü.  Tez-tez ayağa durub-otururdu. Arifin bu hərəkətindən şübhələnmişdim. “Memati” harasa zəng elədi,  təxminən 10-15 dəqiqədən sonra 2-3 ədəd qızıl bakallara oxşar əşyaları başqa bir şəxs evə gətirdi. Yemək üçün mətbəxə getdim. Otaqda yenə səs-küy eşitdim, qayıdanda “Memati”nin Zaura vəsiqə çıxarıb Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu dediyini gördüm. Yenə də söhbətə müdaxilə elədim, MTN-in nümayəndəsinə etdikləri hərəkətin basqın olduğunu, əməllərinin qanunazidd olduğunu, barələrində şikayət edəcəyimi izah elədim. “Memati” də dedi ki, bu iş MTN-in vacib bir əməliyyatıdır, əməliyyatdan rəhbərliyin də xəbəri var. Bu işi edənin Arif Salahov olduğunu düşündüm. MTN adından istifadə etdiklərini başa düşdüm. “Memati” evdəki əşyaları aparacağını dedi, əks təqdirdə, binanın aşağı hissəsində avtobusda gözləyən maskalı MTN əməkdaşlarını evə dəvət edəcəyini bildirdi. Daha heç nə demədim, MTN əməkdaşları əşyaları götürüb çıxıb getdilər. Lakin sonradan MTN əməkdaşları özləri ilə gətirdikləri bakal, qızıl əşyalarının da guya Zaura məxsus olduğunu qeyd etməklə protokola əlavə etdilər.

movlam.jpg (101 KB)

“Zauru məhkəmə zalına sürüyə-sürüyə aparıb barəsində həbs seçdilər”

Təqribən 10 gün sonra Zauru MTN-in İstintaq Baş İdarəsinə çağırıb həmin gün tutdular. 2 gün sonra Zauru Səbayel Rayon Məhkəməsinə apardılar. Mən oğlum Mirəli ilə birlikdə Səbayel Rayon Məhkəməsinə getdik. Məhkəmənin mərtəbəsini qalxarkən Zaur özündən getdi. Təcili yardım çağırıldı, müayinə edən həkim Zaurun paralic vəziyyətində olduğunu və müalicəyə ehtiyacı olduğunu bildirdi. Bundan sonra Zauru məhkəmə zalına sürüyə-sürüyə aparıb barəsində həbs seçdilər. MTN-in təcridxanasına apardılar. 2010-cu ilin iyun ayının ortalarında qızım mənə Zaurun həbsdən azad edilməsi üçün MTN əməkdaşlarının böyük məbləğdə, yəni 80 min manat pul istədiklərini dedi. Qızım 20 min manatı düzəltmişdi, qalan 60 min manatı isə məndən köməklik etməyimi xahiş etdi. 50 min manatı dost-tanışdan borc alıb düzəltdim. Pulu qızıma çatdırdım. O, oğlum Mirəli ilə birlikdə gedib, 80 min manat pulu “Təzə bazar”ın yaxınlığında MTN əməkdaşı, İstintaq Baş İdarəsində işləyən Təhsin Ağayevə veriblər. Pulu aldılar, ertəsi gün Zauru həbsdən buraxdılar.

“Qısa ömrünüzü dünya malına fəda elədiniz”

Şahid üzünü Mövlam Şıxəliyevə tutub deyib ki, dünya malına bel bağlamasın:

– Bu gün siz burada oturmusuz. Qısa ömrünüzü dünya malına fəda elədiniz. Bundan sonranızı düşünün, adamların qarşısında üzrxahlıq edin, haqlarını verin.

Mövlam Şıxəliyev: “Bütün məsələlər baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub”

Şahid ifadəsini yekunlaşdırandan sonra Mövlam Şıxəliyev hakimə müraciət etdi:

– Mən istintaq idarəsinin rəisi olsam da, faktiki olaraq kargüzarlıq və təşkilati işlərlə məşğul olmuşam. İstintaqa, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər baş prokuror Zakir Qaralov və Rüstəm Usubova aid olub. İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruzə edirdilər. Və ya Baş Prokurorluqdan nümayəndə gəlib həmin materialı İstintaq İdarəsində müzakirə edirdi. Bunun nəticəsi olaraq cinayət işi başlanması və ya rədd edilməsi; qətimkan tədbirinin həbslə əlaqəli olub-olmaması və ya qətimkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edilirdi. Ən sonda bu haqda mən məlumatlandırılırdım.  

Mövlam Şıxəliyev: “Nə edibsə, Təhsin Ağayev edib, bu barədə məlumatsızam”

Bu məqamda zərərçəkən Zaur Əliyev Mövlam Şıxəliyevə sual ünvanladı:

– Qeyri-iş günü, bayram günü MTN-ə dəvət olundum. MTN-in qapısında Təhsin Ağayev məndən 200 min pul istəyirdi. Pulu verə bilmədim. Həmin gün cinayət işinin başlanması və barəmdə həbs-qətimkan tədbirinin seçilməsi baş verdi. Siz kargüzar idinizsə, bu necə oldu?

Mövlam Şıxəliyev:

– Həmin gün mən işdə olmamışam, bu barədə məlumatsızam. Nə edibsə, Təhsin Ağayev edib, bu barədə məlumatsızam.

“Bu cinayəti edənlər Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovdur”

Bundan sonra zərərçəkən vəsatətlə çıxış etdi:   

– İş üzrə 36 zərərçəkəndən 34-ü girov götürülüb, girovluqdan azad edilmək üçün onların yaxınlarından müxtəlif məbləğlərdə pullar alınıb. Bu mütəşəkkil cinayətkar quldur dəstənin fəal üzvləri Zakir Qaralov, Rüstəm Usubov da burada, Mövlam Şıxəliyev yanında oturmalıdırlar. Şəxsən Rüstəm Usubovun vasitəsilə 34 zərərçəkmiş müxtəlif müddətlərdə girovluqda saxlanıblar. Yaxınlarımızdan, qohum-qardaşımızdan pulu alıb bizləri MTN zindanından azad ediblər. Adımızı da ləkələyiblər. Halbuki cinayətkar, cinayəti bizə qarşı edən elə özləri olublar. Bu səbəbdən Mövlam Şıxəliyev və digərlərinə verilən rüşvət alma ittihamı əsassızdır, ittihamdan xaric olunmalıdır. Bu adamlar hədə-qorxu ilə, bizləri girov götürməklə pul alıblar. Əməlləri də bu maddə ilə tövsif olunmalıdır. Cinayət işi də ibtidai istintaqa göndərilməlidir.

Zərərçəkən Hüseyn Səfərov da məhkəmədən söz istəyib:

– Möhtərəm hakim, məni qanunsuz həbsə alandan sonra ailəmdən hədə-qorxu ilə külli miqdarda pul tələb olunub və alınıb. Bu cinayəti edənlər Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovdur.

Vəkil Osman Kazımov müvəkkili Zaur Əliyevin vəsatətini dəstəklədi:

– Bu işdə 311-ci maddə – rüşvət vermə ilə dəymiş maddi ziyanın ödənməyəcəyinə tez-tez toxunurlar. Bu, biabırçılıqdır. Vətəndaşları qanunsuz olaraq həbs ediblər, yaxınlarından da təhdid yolu ilə külli miqdarda pullar alınıb. Ona görə də alınan pullar qeyd-şərtsiz sahiblərinə qaytarılmalıdır.

Dövlət ittihamçısı vəsatətin baxılmamış saxlanılmasını istəyib. Hakim müşavirə otağına gedib və qayıdandan sonra vəsatətin baxılmamış saxlanılması haqda qərarı elan edib.

Sabiq MTN-çilərin ifadələri niyə havadan asılı vəziyyətdə qalıb? - İLGİNC »  XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri

Mövlam Şıxəliyev: “Bütün məsələlər baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub”

Bundan sonra hakim təqsirləndirilən şəxslərə müraciət edib, onlara verilən ittihama münasibət bildirmələrini istəyib.

Sahib Ələkbərov: “Baş prokuror başda olmaqla, Rüstəm Usubov, Mövlam Şıxəliyev icraatımda olan cinayət işlərinə müdaxilə edib, tapşırıq verirdilər”

Təqsirləndirilən Sahib Ələkbərov söz alaraq ittihama əsəbi şəkildə, yüksək tonla münasibət bildirib:

– İcraatımda olan hər bir cinayət işi üzrə Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev qərar verən vəzifəli şəxslərdir. Baş prokuror Zakir Qaralov özü müraciət edirdi Rüstəm Usubova,  milli təhlükəsizlik nazirinə, Mövlam Şıxəliyevə. Qaldırın mənim telefonlarımı, baxın. Mövlam Şıxəliyev də məni yanına çağırırdı. Açıq şəkildə deyirdi ki, Rüstəm Usubovdan belə bir tapşırıq gəlib. Ya deyirdi ki, filankəsi azad et və ya da get filankəsi həbs elə. Göstəriş veriblər, mən də tapşırığı yerinə yetirmişəm. Mən heç kim idim. Baş prokuror başda olmaqla, Rüstəm Usubov, Mövlam Şıxəliyev icraatımda olan cinayət işlərinə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim.

MTN müstəntiqi: “Mənim özümü həbs edəcəkdilər”

Zərərçəkən Zaur Əliyev bu yerdə təqsirləndirilən şəxsə belə bir sual verdi:

– Sahib Ələkbərov, sizə verilən qanunsuz tapşırıqları icra etməsəydiniz, nə olacaqdı?

Təqsirləndirilən şəxs:

– Mənim özümü həbs edəcəkdilər.

Bundan sonra məhkəmə prosesi iyunun 14-nə qədər təxirə salındı.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …