Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Məhkəmə həbsdə ölən başçının əmlaklarının müsadirəsinə QƏRAR verdi

Məhkəmə həbsdə ölən başçının əmlaklarının müsadirəsinə QƏRAR verdi

Gəncə Apellyasiya Məhkəməsi Ağstafanın həbsdə vəfat edən keçmiş icra başçısı Nizaməddin Quliyevin özünə və yaxınlarına məxsus təxminən 600 min manatlıq əmlakın müsadirəsinə qərar verib.

Başçının əmlakı sağlığında müsadirə olunsa da, sonradan onun şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsi müsadirə qərarını ləğv etmişdi.

İndi isə hakim Salman Hüseynovun sədrliyi ilə həmin əmlaklarla bağlı fərqli qərar çıxarılıb. Nizaməddin Quliyev 2019-cu ilin dekabrında həbs olunandan sonra əmlaklarının üzərinə həbs qoyulmuşdu. 2021-ci ilin avqustunda Gəncə Ağır Cinayətlər Məhkəməsində ona 9 il azadlıqdan məhrumetmə cəzası kəsilməklə yanaşı, həm də üzərində həbs olan əmlakların müsadirəsinə qərar verilmişdi. Hökmdən 1 ay sonra Nizaməddin Quliyev həbsdə koronavirusa yoluxaraq vəfat etmişdi. Lakin onun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirildi. O zaman sabiq icra başçısının ölümündən sonra onun şikayətinə baxan Gəncə Apellyasiya Məhkəməsi əmlakların müsadirəsi haqda qərarı ləğv edib onların üzərindən həbsi götürmüşdü. Prokurorluq orqanı isə bu qərardan narazı qalıb Ali Məhkəməyə kassasiya protesti vermişdi. Bundan sonra Ali Məhkəmə qərar vermişdi ki, apellyasiya instansiyası əmlaklar məsələsinə yenidən baxsın.

Beləliklə, Gəncə Apellyasiya Məhkəməsi həmin məsələyə yenidən baxıb və bu dəfə 600 min manatlıq əmlakın müsadirəsinə qərar verilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının icra başçılarına qarşı keçirdiyi əməliyyatlar 2019-cu ilin dekabrında Ağstafa rayon İcra Hakimiyyətində mərhum Nizaməddin Quliyevdən başlamışdı. O vaxtdan bu yana Ağstafa ilə yanaşı, Yevlax, Neftçala, Biləsuvar, İmişli, Şəmkir, Kürdəmir, Cəlilabad rayonlarının da icra başçılarına qarşı əməliyyatlar keçirilib və onlar həbs olunub. Külli miqdarda mənimsəmə, rüşvət alma və başqa əməllərdə suçlanan sabiq məmurların bəziləri özlərini qismən təqsirli bilsə də, bir hissəsi, ümumiyyətlə, ittihamları qəbul etməyib. Mərhum Nizaməddin Quliyev həbs olunarkən onun övladlarından biri Nərimanov rayon Məhkəməsinin hakimi, digəri isə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi idi.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə ikinci dəfə müsadirə olunan əmlakların siyahısı belədir – Goranboy rayonu, aşağı Ağcakənd kəndində bazar dəyəri 20 min 800 manat olan 0.08 ha torpaq sahəsi, Goranboy şəhəri Heydər Əliyev prospekti 2 ünvanında yerləşən orta bazar dəyəri 143 min manat olan qeyri-yaşayış binası, Goranboy rayonu, Heydər Əliyev prospekti 106 ünvanında yerləşən orta bazar dəyəri 330 min 395 manat olan qeyri-yaşayış binası, Goranboy şəhəri V.Bayramov küçəsində yerləşən orta bazar dəyəri 121 min manat olan daha bir qeyri-yaşayış binası.

Musavat.com

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …