Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Məhbusların qaçmasına görə həbs olunan qarovul rəisinin belində şiş əmələ gəlib

Məhbusların qaçmasına görə həbs olunan qarovul rəisinin belində şiş əmələ gəlib

Bakıda 2 məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədovun səhhətində problem yaranıb.
Bu barədə Trend-ə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib.
Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin bel nahiyəsində ağrıları var: “Saxlanma şəraiti normaldır, lakin səhhətində müəyyən problemlər var. Bel nahiyəsində şiş yaranıb. Bununla bağlı özü Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə müraciət edib. Hazırda müalicə olunur”.
Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.
Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunub ki, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülür. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.
Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilmiş, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.
Bundan əlavə, həbs edilmiş şəxslərin vaqonda müşayiətini bilavasitə təmin edən qarovul rəisi Ceyhun Səmədov və digər 7 əməkdaş ədliyyə orqanlarından xaric edilib, Penitensiar xidmətin bir çox digər aidiyyəti məsul işçiləri ciddi intizam məsuliyyətinə cəlb olunublar.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılmış, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin istintaqla müəyyən edilib ki, qarovul heyəti tərəfindən həbs edilmiş şəxslərin etapı zamanı E.Məmmədov və Ə.Ağamiyə münasibətdə “Həbs edilmiş şəxslərin müşayiət edilməsinə dair Qaydalar”ın tələblərinə riayət olunmayıb və bu da fövqəladə hadisə – təqsirləndirilən şəxslərin həbsdən qaçmağı ilə nəticələnib.
Bununla əlaqədar qarovul rəisi C.Səmədov, qarovul rəisinin köməkçiləri Fuad Hacıyev və Tural Platxanov Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əmələ görə cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

3 azyaşlı uşaq anası məhkəmə zalında həbs edildi: əri ondan şikayətçi oldu

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində həyat yoldaşına balta ilə xəsarət yetirməkdə ittiham olunan Lalə İmaşova …