Şənbə , May 25 2024
Ana səhifə / Kriminal / Məşhur vəkilin cinayət işi: Nədə ittiham olunur?

Məşhur vəkilin cinayət işi: Nədə ittiham olunur?

Bakıdakı 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri, vəkil Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report”un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda prokuror Ziya Mansurov ittiham aktını elan edib.

İttiham aktında göstərilib ki, Sümbülə Əliyeva 2011-2019-cu illərdə Bakı şəhəri 1 saylı Hüquq Məsləhətxanasının müdiri işləyərkən hüquq məsləhətxanasına məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəyərək talamaq məqsədilə 2016-2019-cu illər ərzində məsləhətxanada işləyən digər vəkillərin ayrı-ayrı fiziki və hüquqi şəxslərə göstərilimiş xidmətlərə görə ödənilmiş müxtəlif məbləğlərdə vəsaiti – cəmi 48 nəfər vəkilin göstərdiyi xidmətlərə görə məsləhətxananın xəzinəsinə mədaxil edilməli olan 92 min 570 manat məbləğində vəsaiti mənimsəyib.

Həmçinin, büronun vəkillərinin dövlət hesabına göstərdiyi hüquqi yardıma görə – ümumilikdə 7 vəkilin göstərdiyi xidmətlərə görə Yasamal RİH-in Dövlət sifarişləri üzrə məsləhətxananın qeyd edilən hesabına köçürdüyü 22.872 manat vəsaiti həmin hesabdan çıxarmaqla, ümumilikdə 115.442 manat məbləğində pul vəsaitindən hər bir vəkil üzrə aylıq üzvlük haqları və digər xidməti ödənişləri ödəməklə qalan vəsaiti müvafiq olaraq hər bir vəkilin kart hesabına köçürülməsini təmin etməli olduğu halda həmin hərəkətləri şəxsi niyyətlə qəsdən etməyərək məsləhətxanaya məxsus olmaqla ona etibar edilmiş cəmi 115 min 442 manat məbləğində vəsaiti mənimsəyib.

İttiham aktında o da göstərilib ki, təqsirləndirilən şəxs eyni niyyətlə cəmi 71 min 630 manat məcburi dövlət sosial sığorta haqqını həmin müddətdə DSMF-yə, 14 min 276 manat vergi məbləğini həmin müddətdə Dövlət Vergi Xidmətinə köçürülməsini təmin etməli olduğu halda qəsdən etməyib ona etibar edilmiş cəmi 85 min 907 manat məbləğində, yəni xeyli miqdarda vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən qəsdən vahid niyyətlə yayınmaqla həmin vəsaiti, ümumilikdə qeyd edilən qaydada cəmi 201 min 349 manat məbləğində ona etibar edilmiş vəsaiti külli miqdarda ziyan vurmaqla mənimsəyərək talayıb, onu şəxsi ehtiyaclarına sərf edib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Sonra hakim Mahmud Ağalarov təqsirləndirilən Sümbülə Əliyevaya sərbəst ifadə verməyi təklif edib. O isə sənədlərlə tanış olduqdan sonra ifadə vermək istədiyini deyib.

Məhkəmənin növbəti iclası mayın 2-nə təyin edilib.

Xatırladaq ki, zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Həmçinin oxuyun

Fazil Mustafa işi: Dizimi yerə qoymadığıma görə polislər yarım saat döydülər

Deputat Fazil Mustafanın güllələnməsindən sonra həbs olunan millət vəkilinin qonşusu, Zabrat sakini Yunis Quliyev məhkəmədən …