Bazar , Noyabr 29 2020
Ana səhifə / Kriminal / Məşhur həkimin qətlində iştirak edən Türkan Azərbaycandan niyə getmək istəyir? – 8 ildir həbsdədir

Məşhur həkimin qətlində iştirak edən Türkan Azərbaycandan niyə getmək istəyir? – 8 ildir həbsdədir

2013-cü ildə Bakıda törədilən dəhşətli qətlin iştirakçısı olan qadın Azərbaycandan getmək istəyir. O, əslən azərbaycanlı olsa da Rusiya Federasiyasının vətəndaşıdır. Buna görə də Rusiyaya göndərilməsini, cəzasının qalan hissəsini Rusiyada çəkmək istəyir.

Adı çəkilən qadın Türkan Ağayevadır. O, 2013-cü ildə tibb elmləri namizədi, ürək-damar cərrahı, Tibb Universitetinin nəzdində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri, 1977-ci il təvəllüdlü Cavid Həmişəyevin vəhşicəsinə öldürülməsində iştirak edib.

Türkan Ağayeva qətl iştirakçısı kimi 2014-cü ildə cəza alıb. Onun cəzasının başa çatmasına 7 il 4 aydan artıq müddət qalır. Ağayeva cəza aldığı məhkəməyə – Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək Rusiyaya ekstradisiya edilməsini istəyib.

Səbəb olaraq isə göstərib ki, ailə üzvlərindən Azərbaycanda heç kim yoxdur. Anası və digər qohumları onun ziyarətinə gələ bilmir.

Məhkəmə hazırda onun müraciətini araşdırır.

Xatırladaq ki, Türkan Ağayeva Yasin Ərəbov və Koroğlu Məmmədovla birlikdə həbs edilimişdi. Onlar tamah məqsədi ilə qəsdən adam öldürməkdə ittiham olunurdular. 

Türkan Ağayeva kimdir?

T.Ağayeva Mingəçevir şəhərində anadan olub. Ana nənəsi Ceyran İsmayılova ilə yaşayıb. Anasıgil adını Emiliya qoysalar da, sənəddə adı Türkan kimi qeyd olunub. Ana adı Rəna İsmayılova, ata adı Sudeyif Bağırovdur. O doğulandan sonra atası anasını ataraq gedib. Bundan sonra anası Rəna ikinci dəfə ərə gedib.

Anasının ikinci həyat yoldaşı Türkan ilə əlaqə saxlamasına icazə verməyib və anası ondan imtina edib.

5 yaşı olanda Ceyran nənəsi rəhmətə gedib. Bundan sonra Mingəçevirdə məskunlaşan anasının ikinci əri Raqib Ağayevin anası Asiya Ağayeva ilə Moskvaya gedib. Onun Moskva vilayəti, Jeleznodorojnı şəhərində yerləşən mənzilində yaşayıb. Orada onun adına sənəd düzəldilib və adı Ağayeva Türkan Raqubovna kimi qeyd edilib. Türkan Rusiya Federasiyasının vətəndaşlığını alıb.

Onun 11 yaşı olanda, 2007-ci ildə Asiya Ağayeva mənzili satıb və Türkanı mənzildən qeydiyyatdan çıxarıb.

Türkan Bakıya qayıdıb və Əhmədli qəsəbəsində kirayədə qalıb.16 yaşı olanda tanış olduğu Çeçenistandan olan Maqomed İsayevlə kirayədə yaşamağa başlayıb. Birgə yaşasalar da, rəsmi nikahları olmayıb.

Onun uşağı olub və Maqomed uşağı da götürüb Çeçenistana aparıb. Həmin tarixdən Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayıb, çay evlərində ofisiant kimi işləyib.

Sonuncu iş yeri Xəzər yolunda yerləşən “101″ adlı çay evi olub.

Türkan qətlə yetirilən Cavid həkimlə necə tanış olub?

Elə Türkan gələcək qurbanla tanışlığı da “101”də olub.

Türkan qətli və Cavid həkimlə tanışlığını istintaqdakı ifadəsində belə danışıb:

“Cavid kafeyə müştəri kimi gəlib-gedirdi. Cavid çox vaxtı kafeyə tək gəlirdi. Yaxından tanış olmaq üçün mənə vizitkasını verdi. Ona bildirdim ki, telefonum itdiyinə görə sənə zəng edə bilməyəcəm. Mənə 120 manat pul verib dedi ki, “özünə 100 manata telefon al, 20 manat kontur yüklə və mənə zəng et”. Həmin vaxtdan Cavid hər gün zəng edərək əhvalımı soruşurdu, tez-tez kafeyə gəlirdi.

Sonra Cavidlə “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən “Şəhzadə” adlı kafedə görüşdük. Kafedə mənə 250 manat pul verdi ki, “get özünə kirayəyə ev tut”. Həmin kafenin yanında yerləşən mənzilinin açarını da verdi ki, “qalmağa yerin olmasa, mənə xəbər elə, gəl evdə qal”.

Bir neçə ay sonra “Elit” çay evində ofisiant kimi işləməyə başladım. Orada işləyən Gülü adlı qızla tanış oldum. O isə məni Koroğlu adlı oğlanla tanış etdi. Tanışlıqdan sonra Koroğlu məni işə buraxmadı, onunla yaşayacağımı dedi. Telefonuma Cavid tərəfindən zənglər gəldiyi üçün Koroğlu hirsləndi, telefonu söndürərək nömrəni çıxardı və sındırdı. Koroğlunun məni apardığı evdə adını bilmədiyim anası, qardaşı Zöhrab, gəlinləri Cəmilə ilə birgə yaşayırdı.

Bir gün Koroğlu məndən zəng edən şəxs barədə soruşdu. Mən də ona Cavid barədə ətrarlı danışdım. Yəni onun imkanının yaxşı olmasını, mənə dəfələrlə pul verməsini, bahalı avtomobilinin olmasını dedim. Koroğlu dedi ki, “mənə əsgərlikdən yayınmaq üçün küllü miqdarda pul lazımdır, gəl həmin şəxsi öldürək, maşınını qaçırıb “zapçast” edib satarıq. Mən Koroğlu ilə razılaşmadım”. 

Mən Koroğluya dedim ki, “gəl mən Cavidlə görüş təyin edim, evdə olduğum müddətdə maşının açarlarını götürüm verim sizə çıxıb gedərsiniz”. Əvvəl Koroğlu razılaşsa da, sonradan “xeyr, biz həmin adamı öldürəcəyik” dedi. 2013-cü il mayın 24-də Koroğlu dedi ki, “mən hər şeyi bibim oğlu Yasinə danışmışam, cinayəti onunla birgə törədəcəyik”. Həmin gecə Koroğlu öz telefonunu mənə verərək Cavidə zəng etməyimi, həmin mənzildə görüşməyi və özü ilə pul götürməsini bildirməyimi dedi. Mən Koroğlunun telefonundan Cavidə zəng edərək səhərisi gün görüşməyimizi təklif etdim. Cavid mənim səsimi eşidərək sevindi. Mən Cavidin evinə gəldim.

Cavid yataq otağına keçdi. Mən isə vanna otağına keçərək Koroğluya zəng elədim. Qapını açdım və onlar Cavidi yataq otağında öldürəndən sonra 700 manat pulunu, maşınının açarlarını götürərək mənzildən çıxdıq. Bir gün sonra Cavidin maşını ilə Mingəçevir gedəndə polis bizi saxladı”.
Musavat.com

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …