Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Mərkəzi Bank bankları birləşdirə bilmədi-səbəb…

Mərkəzi Bank bankları birləşdirə bilmədi-səbəb…

Qadir İbrahimli: “Əmanətlərin Sığortalanması Fondunun büdcəsi boşalıb”

Bu ilin əvvəlində bankların bağlanması müşahidə edilsə də, bir qədər sonra birləşmə qərarı ortaya atıldı. Bir neçə bank birləşmə barədə niyyət protokolu imzalasa da, proses nəticəsiz qaldı. Heç bir bank birləşmədi. Halbuki Mərkəzi Bank onlara bir ay vaxt vermişdi. Bugünlərdə isə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bankların birləşməsi başa çatıb: “Bircə ”AGBank”la bağlı məsələ qalıb. Onlar da öz əmanətçilərinin hesabına kapitalını artırır”. 
Ekspertlər baş bankirin fikrilərinin doğru olmadığını bildiriblər. Bildirilir ki, ölkədə son illər ərzində heç bir bank nə konsolidasiya olub, nə də ki, birləşdirilib. Ekspertlərin fikrincə, niyyət protokolları birləşmə üçün heç bir hüquqi və qanuni əhəmiyyət daşımır. Birləşmə prosesinin başlanması üçün rəsmi şəkildə həmin bankların səhmdarlarının ümumi yığıncağı toplanmalıdır. Hər ikisinin, yaxud birləşmək istəyən neçə bankdırsa hamısının səhm sahibləri bir araya gəlməlidirlər. Həmin yığıncaqda qərar verilməlidir ki, hansı banklarda birləşmə baş verəcək. Sonradan isə bu qərar rəsmi şəkildə mətbuatda elan formasında dərc edilməlidir.
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, ölkədə bankların birləşməsi baş tutmayıb: “Elman Rüstəmov dedi ki, konsolidasiya bitdi. Halbuki konsolidasiya birləşmə deməkdir və birləşən olmadı. Başlamayan proses təbii ki, bitə bilməzdi. Sadəcə, Rüstəmov məsələni bu cür qapatdı. Birləşmə banklarin öz içindən gəlməlidir, yuxarıdan tapşırıq olmamalıdır. Elə buna görə də baş tutmadı. Bank nəzarəti səlahiyyəti yaxında Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək, ona görə də Rüstəmovun göstərişi ilə artıq hesablaşan yoxdur”.
Ekspert Qadir İbrahimli isə qeyd edib ki, Azərbaycanda bankların birləşməsi nümunəsi yoxdur: “Bizdə belə praktika olmayıb. Banklar korporativ idarəetməyə o qədər də meylli deyil. İkinci tərəfdən, kifayət qədər bank bağlandı, ləğv olundu. Mərkəzi Bank belə sürətlə bank sektorunun çökməsində maraqlı deyil. Bank sektoruna cəmiyyətdə böyük etimadsızlıq yaranıb. Bu baxımdan da Mərkəzi Bank bir müddət bu prosesi ləngitmək istəyir. Azərbaycanın bank sektorunun həm də yeniləşməsinə, müasirləşməsinə ehtiyac var. Çünki indiyə kimi bankların çoxu istehlak kreditlərindən deyil, əhalinin əmanətləri üzrə formalaşmışdı. Müasir bank xidmətləri göstərmək gücündə olan banklar deyildilər. Sadəcə olaraq, əhalidən depozit, əmanət və kredit hesabına gəlir əldə edirdilər. Bir çox banklar da neft pulları çox olduğu dövrdə buna nail ola bildilər. İndi bazarda rəqabət dövrü yaranıb. Bank sektorunda ciddi rəqabət mühiti var, buna bir neçə bank dözmədi və sıradan çıxdı. Bank sektorunda böyük təlatümlər yaşandı. İnsanlar artıq banka qoyduğu əmanətləri geri ala bilmirlər. Əmanətlərin Sığortalanması Fondu bəlli həddə və bəlli məbləğdə əmanətlərin qaytarılmasına təminat verirdi. Hazırda bununla bağlı ciddi problem var. Belə bir şəraitdə Mərkəzi Bank prosesi əngəllədi. Müvəqqəti də olsa dondurdu ki, proses daha dərinə getməsin. Əmanətlərin Sığortalanması Fondunun büdcəsi də boşalıb, fondda çox ciddi problemlər ortaya çıxıb. Ona görə Mərkəzi Bank bu prosesi dondurmaq və növbəti mərhələyə qədər ləngitmək qərarına gəlib”.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın