Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Kriminal / “Məni rüşvətxora, şərəfsizə bənzətməsinlər”- Fədayə Laçınla birlikdə həbs edilən polkovnik qəzəbləndi

“Məni rüşvətxora, şərəfsizə bənzətməsinlər”- Fədayə Laçınla birlikdə həbs edilən polkovnik qəzəbləndi

Müğənni Fədayə Laçın və digərləri aldıqları cəzadan narazı qalaraq apellyasiya məhkəməsinə müraciət ediblər.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmə prosesində həbsdə olan konvoy taborunun sabiq komandiri Bəhruz Abdullayev çıxış edib. Polkovnik ittihamları qəbul etmədiyi bildirib.

“Məni dəstənin başçısı kimi təqdim edirlər. Bu mənə çox pis təsir edir. 21 illik xidmətim var. Mən hər zaman vətənimə sədaqətlə xidmət etmişəm. Şərəfimə, ləyaqətimə xəyanət etməmişəm. Mən heç kimə görüş üçün icazə verməmişəm. Mənim Etibara hər zaman kinim olub. Ötən məhkəmələrdə də demişəm ki, Etibar həbsdə olanda bizim əməkdaşımızı öldürüb. Mənim elə bir cinayətkarın kimləsə qanunsuz görüşməsinə, qaçmasına necə şərait yaratmağımı düşünürsünüz? Mənliyimi, 21 illik namuslu xidmətimi ləkələmərəm. Dəfələrlə xidmətimə görə dövlət mükafatları almışam. Sadəcə məni mütəşşəkil dəstənin başçısı kimi təqdim etmələri yandırır. Komandir kimi həbs edə bilərdilər. Amma bu ittihamlarla yox. Məni rüşvətxora, şərəfsizə, ləyaqətsizə bənzətməsinlər. Mən dövlətimizə, prezidentimizə, komandirlərimə xəyanət etmərəm”- deyən təqsirləndirilən şəxs çıxışının sonunda baş verən hadisəyə görə prezidentdən və komandirlərindən üzr istəyib.

Hakim çıxış üçün prokurora söz verib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

Xatırladaq ki, müğənni Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovla birlikdə hakim qarşısına çıxarılıb.

Onlar xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs ediliblər.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. “Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və “Qoca” adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə konvoy taborunun əməkdaşları olmuş Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Tabor komandiri polkovnik-leytenant Bəhruz Abdullayev 9 il azadlıqdan məhrum ediliblər.

“Qocanın qaçmasına kömək etməkdə suçlanan Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qatardan qaçan Əli Ağami isə digər cəzası ilə birləşməklə qəti olaraq 20 il azadlıqdan məhrum edilib.

B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.İ

Həmçinin oxuyun

Tariyel Ağayevin qardaşı oğlu bəraət aldı – Modelyeri girov saxlamaqda günahlandırılırdı

Modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq işinə görə məhkəmə iclası davam etdirilib. Criminal.az …