Bir müddət əvvəl Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovun şikayəti əsasında həbs olunmuş iş adamı Vahid Xələfov məhkəmə qarşısına çıxarılır.
İş adamı hədə-qorxu yolu ilə tələb etmədə təqsirləndirilir.
Bu iş üzrə məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək. İş materialları hakim Azad Məcidovun icraatındadır.
Vahid Xələfova qarşı Cinayət Məcəlləsinin 182.4-cü (Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Vahid Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və başqa bir məhkəmə çəkişməsi də gedir.
Daha əvvəl isə Hikmət Xəlilovla Vahid Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə Hikmət Xəlilovun xeyrinə qərar çıxarıb.
2 il əvvəl Vahid Xələfov və onun “SV QRUP” MMC üzrə təsisçilərdən biri kimi iş ortağı olan Sərvər Məmmədov Nazirlər Kabinetinin idarə müdiri Hikmət Xəlilovdan Prezident İlham Əliyevə və baş prokurora şikayət yazıb. Vahid Xələfov şikayətində göstərib ki, Hikmət Xəlilov onun milyonlarla manatını, qızının isə əmlaklarını aldatmaqla ələ keçirib.
Bu ilin aprelin 6-da isə Hikmət Xəlilov Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə ərizəylə müraciət edib. O, ərizəsində göstərib ki, səhər saat 8 radələrində Vahid Xələfov onun avtomobilinin qarşısını kəsib, ondan hədə-qorxu ilə pul tələb edib, maşına zərər vurub.