Bazar ertəsi , May 23 2022
Ana səhifə / Kriminal / Məmurların həbs olunanadək “bilinməyən” əmlakları – büdcə talanını necə durduraq?

Məmurların həbs olunanadək “bilinməyən” əmlakları – büdcə talanını necə durduraq?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub. 63 yaşlı Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığında ittiham edilir.

O, 2004-2006-cı illərdə Göygöl (keçmiş Xanlar), 2006-2012-ci illərdə Samux, 2012-ci ildən isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2020-ci ilin mayında kabinetində DTX əməliyyatçıları tərəfindən qandallanıb. 1 ilə yaxın davam edən istintaqla çoxsaylı rüşvət və korrupsiya cinayətlərinin törədilməsinə dəlalət edən faktlar rəsmiləşdirilib. Bu ilin əvvəlində Vilyam Hacıyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndrilib. Hazırda iş üzrə məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdirilir. İstintaq Vilyam Hacıyevin 5 milyon manatlıq əmlakının üzərinə həbs qoyub. Həmin  əmlaklarının siyahısı belədir:

Bir məmur illərlə eyni postda oturanda reallığı itirir” - deputat

– Bakı şəhərində yerləşən mənzil;

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 fərqli mənzil;

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi;

Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin adına rəsmiləşdirilmiş “Rance Rover” markalı avtomobil və ailəsinə məxsus daha 3 avtomobil.

Vilyam Hacıyevə qarşı ittiham təsdiqini taparsa, məhkəmə üzərinə həbs qoyulan əmlakların dövlət nəfinə müsadirə edilməsinə qərar verəcək. Vilyam Hacıyevdən  əvvəl işdən çıxarılan, həbs edilən icra başçılarının, nazirlərin, digər vəzifəli şəxslərin var-dövləti, daşınmaz əmlakı haqda şok siyahılar üzə çıxıb. Yaxşı, bütün bu əmlaklar o şəxslər vəzifədə olanda niyə aidiyyəti qurumların, xüsusilə də hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmir? Başçı, nazir, komitə sədri postu tutana qədər elə də böyük imkanlara sahib olmayan biri, vəzifəyə təyinat alandan sonra mal-mülkünün, pullarının, biznesinin sayını itirir. Müvafiq qurumlar belə halları niyə görməzdən gəlir?

Bir məmurun korrupsiya yolu ilə əmlak aldığını sübut etmək üçün mütləq o şəxs həbs edilməlidir?

Vəkilləri həbsdəki icra başçıları haqqında danışmırlar

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda ilk növbədə məmurların gəlir və xərclərinin bəyan edilməsi təmin edilməlidir: “Söhbət ondan gedir ki, Vilyam Hacıyevin, digər 5-10 icra başçısının həbsi ümumilikdə icra hakimiyyəti sistemindəki rüşvət və korruspiya bataqlığının aradan qaldırılmasına səbəb olmur. Çünki  dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına ictimai nəzarət yoxdur. Dövlət satınalmaları və dövlət vəsaiti hesabına ayrılan kreditlər şəffaf deyil. Vilyam Hacıyevin məhkəməsində üzə çıxır ki, vətəndaşlara dövlət büdcəsi hesabına yardım ayrılıb. Məsələn, şahid Xəyyam Məmmədov deyib ki, maliyyə şöbəsində ona 7 min manata qol çəkdiriblər. Vətəndaş bankdan həmin pulu alıb. Vilyam Hacıyevin əlaltıları həmin pulun 6 min 800 manatını vətəndaşın əlindən alıblar. Nəticədə vətəndaşa 200 manat çatıb. Büdcədən ayrılan pulun 99 faizi kimin cibinə gedib sualına ehtiyac varmı? Vilyam Hacıyevin bundan xəbəri olmayıbsa, deməli, tutduğu vəzifəyə uyğun kadr deyil. Bu halda da məsuliyyət onun üzərindədir. Əlbəttə ki, 99 faiz pulun oğurlanmasından başçının xəbərsiz olması indiki reallıqlarda gülüncdür. Vilyam Hacıyev sürücüsünün maşını 1 kilometr artıq sürməsini nəzarətdə saxlayan biri olub. Yəni ondan xəbərsiz kimsə bankdan çıxarılan pulun 99 faizini alıb cibinə qoya bilməzdi.  Belə faktlar bir deyil, iki deyil. Məhkəməni izləyənlər bilirlər ki, Vilyam Hacıyev yaxasını kənar tutmağa çalışsa da, çoxsaylı şahidlərin ifadələri onun əleyhinədir. Tutaq ki, heç şahid ifadələri yoxdur. Haradandır Vilyam Hacıyevdə 5 milyon manatlıq əmlak? Xatırlayırsınızsa, mətbuata açıqlamalarında deyirdi ki, kirayədə yaşayır. Kirayədə yaşamaq ayıb deyil, yardıma ehtiyacı olan vətəndaşa dövlət adından verilən pulu ələ keçirmək isə ayıbdır, rəzillikdir. Vilyam Hacıyev məhkəmədə özünü müdafiə etdiyi bu günlərdə, ölkədə onun əməllərini təkrarlayan başçılar var. Bu adamlar icra başçısı postuna dövlət büdcəsinə daha yaxın olmaq üçün can atırlar. Bu cür gedişatın var olmasının isə bir səbəbi var: məmurlar gəlir və xərclərini bəyan etmirlər”.

Hüquqşünas deyir ki, məhkəmə-hüquq islahatları da dərinləşdirilməlidir:

“Prezidentin ”Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmandan 3 il keçdi. Fərmana əsasən məhkəmə qərarları ilə bağlı internet axtarış sistemi yaradılmalıydı, lakin aradan 3 il keçməsinə baxmayaraq, hələ də məhkəmə qərarları üzrə axtarış sistemi yoxdur. Prezidentin fərmanında yer alan bu maddə niyə icra edilmir? Aydın məsələdir ki, məhkəmələrdə hələ də süründürməçilik, rüşvət və başqa neqativ hallar var. Əvvəl-axır hər şeyə qiymət verən məhkəmələrdir. Onlar da korrupsiya mexanizminin tərkib hissəsi olduğu halda, təbii ki, mübarizə səmərəli olmayacaq. Hüquq-mühafizə orqanı 50 icra başçısını eyni gündə həbs etsə belə, bu yolla vəziyyəti dəyişmək mümkün deyil. Uzağı başçılar 3-5 ay özlərini yığışdırıb gözləyəcəklər və yenidən büdcədən oğurlamağa başlayacaqlar. İcra başçısı bilir ki, ən pis halda həbs olunacaq və illərlə oğurladığı büdcə pullarının 10-15 faizini xərcləməklə 3-5 ilə azadlığa çıxacaq.

Təəssüf ki, Azərbaycan məhkəmə sistemi prezidentin bu yöndə təşəbbüslərini əngəlləyir. Məsələn, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının bəzi müddəaları hələ də icra olunmayıb. Misal üçün, fərmanda nəzərdə tutulan “məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması” təmin olunmalı idi. Amma edilməyib. Niyə? Çünki məhkəmə icraatının qeyri-obyektivliyində maraqlı olanlara bu, sərf etmir. Fərmanda “Elektron məhkəmə” informasiya sistemində dərc edilən məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün müvafiq funksional imkan yaradılması tapşırılmışdı. Burada məqsəd vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Yəni əhali, vəkillər, digər maraqlı şəxslər oxşar işlər üzrə əvvəlki məhkəmə qərarlarını rahatlıqla tapmaq imkanına malik olmalıdır ki, məhkəmələr vahid təcrübədən kənarlaşa bilməsin. Amma belə axtarış sistemi hələ də yaradılmayıb. Əksər məhkəmələr, ümumiyyətlə, qərarlarını dərc etmir. Pis-yaxşı, yalnız Ali Məhkəmə dərc edir, amma onun da axtarış sistemi çox səmərəsizdir. Yalnız özünün müəyyən etdiyi sözlər üzrə axtarış vermək olur. Məsələn, mən istəsəm ki, Ali Məhkəmənin bütün qərarları üzrə “başçı” sözünü axtarışa verim, heç nə çıxmayacaq. Və mən başçılarla bağlı qərarları ümumiləşdirib nəticəyə gələ bilməyəcəyəm”.

Hüquqşünas deyir ki, Cinayət Məcəlləsində mənimsəmə və ya israf edilmək 5 ildən 10 ilədək, xüsusi külli miqdarda olduqda isə 10 ildən 14 ilədək  azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur: “Yəni ən yüksək cəza 14 ildir. Korrupsiya cinayətləri bir neçə maddədə nəzərdə tutulur. Bir var vəzifə səlahiyyətlərindən sui-istifadə – burada cəza müddəti maksimum 7 ildir. Bir də var dövlət büdcəsinin və ya məqsədli büdcə fondlarının, büdcədənkənar dövlət fondlarının vəsaitlərindən təyinatı üzrə istifadə etməmək. Burada maksimum cəza 6 illiyə azadlıqdan məhrum edilmədir. Daha bir hal satınalma prosedurlarını keçirmədən dövlət vəsaitlərini xərcləmə, yaxud dövlət satınalmalarını qanunsuz keçirmə ilə bağlıdır – 4 ilədək həbs cəzası nəzərdə tutulur. Vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərini mənimsəmə – maksimum cəza 3 ildir. Rüşvətalma külli miqdarda olduqda 12 ilədək həbs cəzası nəzərdə tutulur. Korrupsiya cinayətləri ilə bağlı cəzalar daha sərt olmalıdır. Fərq qoyulmadan korrupsiyaya bulaşmış məmurların statusundan asılı olmayaraq cəzalandırılmalıdır. Korrupsiya cinayətinə yol verən  məmurlar ən ağır cəza almalı, qanunun sərt üzünü görməlidirlər. Büdcədən milyonlarla pul oğurlamış şəxs bilməlidir ki, onu xüsusilə ağır cəza gözləyir. Belə olmasa, büdcədən oğurluqları dayandırmaq mümkün olmaz. Məmur düşünür ki, dövlətin vəsaitini talayır, tutulsa uzağı 10 il iş alır, 3-4 il cəza çəkəndən sonra isə şərti cəza ilə azadlığa çıxır. Belə məmurlar həbs ediləndən sonra cəzaçəkmə yerlərində də digər məhkumlardan daha yaxşı yaşayırlar. Milyonlar oğurlayan məmur ayda 3-5 min manat xərcləyib həbsdə belə yaxşı yaşayışını təmin edə bilir. Heç kimə sirr deyil ki, korrupsionerlər həbsə alındıqdan sonra taladıqları pullarla özləri üçün rahat şərait yaradıb, sonra da çıxıb həyatlarına davam edirlər. Bu kimi halların qarşısının alınması üçün cəzaların sərtləşdirilməsinə ehtiyac var. Korrupsioner məmur həbsdə digər məhkumlarla eyni şərtlər daxilində saxlanılmalıdır. Rahat kreslolara, komfort həyata öyrənmiş məmur belədə oğurladıqlarını tez-təcili təhvil verməyə razı olar”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Vilyam Hacıyev ifadə vermək üçün vaxt istəyib

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə …