Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Kriminal / “Məlum oldu ki, nə bilet var, nə də bron”- xaricdə təhsil almağa gedənlər belə aldadılıb

“Məlum oldu ki, nə bilet var, nə də bron”- xaricdə təhsil almağa gedənlər belə aldadılıb

“Azərbaycanda Amerika Məktəbi” (“American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz sahibkarlıqda təqsirləndirilən Elvin Məmmədzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, E.Məmmədzadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittiham olunur. Bu işdə 77 nəfər zərərçəkən var.

İttihama görə, E.Məmmədzadə sosial şəbəkələrdə münasib qiymətə ABŞ-dakı xarici dil kurslarına göndəriş barədə elanlar paylaşıb. Zərərçəkənlər də inanıb, onun rəhbərlik etdiyi Təhsil Mərkəzinə müraciət ediblər.

Zərərçəkənlər arasında elələri var ki, onlara ABŞ-a səfər üçün viza da alınıb, amma səfər baş tutumayıb.

Məhkəmədə ifadə verən zərərçəkənlərdən biri Dövlət Neft Şirkətinin əməkdaşı Elçin Hüseynov da ABŞ-a səfər vizası əldə edib gedə bilməyənlərdəndir.

O deyib ki, xaricdə təhsil üçün əvvəlcə 1290 dollar verib:

“Demişdi ki, qarşılanma, qidalanma, orada iki həftə qalmaq bu qiymətə daxildir. Məni bu məbləğ qane edirdi. Vizanı alandan sonra dedi ki, şənbə günü gedirsiniz. Mən də çemodanımı hazırladım. Beşinci gün AZAL-dan dəqiqləşdirəndə məlum oldu ki, mənim adıma nə bilet var, nə də bron”.

Onun sözlərinə görə, bundan sonra Məmmədzadə telefona cavab verməyib:

Zərərçəkən deyib ki, istintaq dövründə pulundan 1000 manat qaytarılıb, qalanını da tələb edir və deyir ki, pulu tam qaytarılsa, şikayətini geri götürər.

E.Məmmədzadə bildirib ki, zərərçəkən üçün viza rüsumunu ödəyib. ABŞ-dakı kursun pulunu göndərib. Həmin məbləğlər ziyandan çıxılmalıdır. Amma E.Hüseynov razılaşmır: “Əgər Amerikaya getməyəcəkdimsə, o viza mənim nəyimə lazımdır?”.

Zərərçəkən Tural Nəbiyev isə Kanadaya getmək istəyib. Onun sözlərinə görə, E.Məmmədzadə Kanadaya viza alınmasına kömək edəcəyini vəd edib. Ona da istintaq vaxtı verdiyi pulun 1100 manatı qaytarılıb. İndi qalanını tələb edir: “Mən buna görə kredit götürmüşdüm. Buna deyirəm ki, verməsən, polisə şikayət edəcəm, ələ salıb deyir ki, “get, polisə salam söylə”.

Təqsirləndirilən şəxs isə bildirir ki, Tural öz istəyilə pulu ona verib, yardım istəyib. Aralarında pulun alınması barədə müqavilə bağlanıb. Müqavilədə iş alınmayacağı təqdirdə onun qaytarılma vaxtı da göstərilib: “Mən bu adamlara görə vizalar üçün təkcə səfirliyə 33 min pul ödəmişəm”.

Xatırladaq ki, E.Məmmədzadə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.

Məlumata görə, ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən “Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E.Məmmədzadə son 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə onlarla insanı aldatmaqda ittiham olunur.

Bu iş üzrə 100-ə yaxın zərərçəkmiş şəxs var. Məhkəmə iclası aprelin 2-də davam etdiriləcək.

Həmçinin oxuyun

12 il azadlıqdan məhrum olunan hərbçi məhkumun etirafları – VİDEO

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum, keçmiş hərbiçi Yaşar Şükürovun həyat hekayəsindən danışılıb. Yaşar …