Bazar , Sentyabr 15 2019
Ana səhifə / Kriminal / Məhkəmənin günahkara çevirdiyi Fərruxu necə xilas etməli?

Məhkəmənin günahkara çevirdiyi Fərruxu necə xilas etməli?

“Məhkəmə sistemindən yüz minlərlə şikayətlər var. İnsanları incidirlər, rüşvət tələb edirlər, süründürməçiliyə yol verirlər. Qərarlar Azərbaycan qanunlarına uyğun yox, müəyyən təzyiqlər nəticəsində qəbul olunur” – deputat Vahid Əhmədov prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı imzaladığı fərmanı şərh edərkən deyib.

Bu gün Azərbaycan məhkəmələrində respublika adından olduqca biabırçı, günahsız insanların uzun müddətə həbsə aparan hökmlər, qərarlar verilməsi də kimsəyə sirr deyil.

Bu baxımdan fərmanda yazılanları oxuyanlar dərinləşmənin tezliklə baş verməsini səbrsizliklə gözləyir, nəhayət ki, ölkədə məhkəmə adına utanc gətirməyən hökmlərin, qərarların veriləcəyinə ümidləniblər. Fərmanın göstərilənlərin icrası üçün 6 ay vaxt verilib.

Bəs bu günə qədər məhkəmələrin “köhnə qayda”larla məhbəsə göndərdikləri vətəndaşların aqibəti necə olacaq?

Sonuncu əfv fərmanına əsasən həbsdən çıxmış “NİDA” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə bu gün də 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Fərrux adlı məhbus haqda status yazıb. Fərruxun həbs tarixçəsi belədir:

“Məhkəmə islahatları məsələsi yadıma bir hadisəni saldı. Bu hadisəni ağlımın bir tərəfinə yazmışdım, indi yazmaq vaxtı olduğunu düşünürəm. ”13″də Fərrux adlı bir gənc var idi(böyük ehtimalla indi də oradadır). Cəlilabad rayonunda taksi sürücüsü olub. Lisenziyası, sənədləri tam qaydasında. Bir dəfə yolda maşınını saxlayırlar, iki oğlan və bir qız minir avtomobilinə. Yolda bu məsələni başa düşür: qızı qaçırırlar!

Dərhal maşını saxlayır, hər iki oğlanı qovur, qızı aparır düz evlərinə qədər. Atası təşəkkür edir. 8 ay sonra bu 2 nəfər adam oğurluğu ittihamı ilə həbs olunur. Hadisədə iştirak etdiyi üçün bunu da çağırırlar polisə. Polis deyir, bilirəm, mərdlik eləmisən, amma gətir tədqiqatçıya 2000 manat  ver, iş bağlansın. Vermir, verə bilmir. İş gedir istintaqa. Müstəntiq çağırır, deyir, bilirəm mərdlik etmisən, get 5000 manan gətir, atım prokurorun ağzına, iş bağlansın. Gətirmir, gətirə bilmir. İş gedir məhkəməyə.

Ağır Cinayətlər Məhkəməsindən bunu çağırırlar, hakim deyir, bala, bilirəm heç nə etməmisən, amma məni başa düş, səni buraxsam deyəcəklər, filan qədər almısan, filan qədərini düş bura, mən də məcburam sənin yerinə məhkəmə sədrinə öz cibimdən pul verəm. Get sədrin haqqın gətir ver, bitsin bu iş. Vermir, verə bilmir. Məhkəmədə qızın özü, valideynləri gəlib yalvarırlar hakimə. Ki, bu adam xanımı xilas edib. Notariusda təsdiqlənmiş ifadələr verirlər. Xeyri olmur. Digər 2 nəfər məhkəməyə gəlib ifadə verirlər, yenə xeyri olmur. 8 illik həbs cəzası!..

Həmin Fərrux “13″ə gələndə, Penitensiar Xidmətin işgəncə krallarından hesab olunan Elçin Əlicanov belə əlini başına tutaraq işi oxuyub hakimləri söymüşdü.

Çox yerə yazdı, məktub göndərdi. Faydası olmadı heç nəyin. Niyə? Çünki polis buraxa bilməz! Müstəntiq buraxa bilməz! Hakim buraxa bilməz! Rüşvət mexanizmi elədir ki, aldınsa, verməlisən. Vəssalam! Kimisə buraxan pul almadığını sübut edə bilməz! Necə? Sən? Onu? Pulsuz? Yaxşı, bəsdir sən Allah! Axaxa, günahsız idi? Bunu rəisə(rayon prokuroruna, məhkəmə sədrinə) özün izah edərsən. Sistem bu. Mexanizm bu. Hüquq bu!”

Bəli, durum belədir. 1 məhbusun nümunəsində Azərbaycanda məhkəmə-hüquq sisteminin dərin uçurumun dibinə yuvarlandığı göz önündədir.

Nə etməli? Həbsdəki fərruxları necə xilas etməli?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, məhkəmə-hüquq sistemindəki islahatların vacibliyi məsələsini dəfələrlə ən müxtəlif səviyyələrdə qaldırıblar: “Prezidentin son fərmanı belə məsələlərin olmamasına görə verilib. Günahsız insanların həbsə göndərilməməsinə görədir. Fərman çox yaxşıdır, icra olunması hava, su kimi vacibdir. Sözsüz ki, islahatlar birinci məhkəmələrdən başlamalıdır. Bu gün bizim bütün bəlalarımız məhkəmə sistemindən gəlir. İkincisi atılan hər bir addımın müsbət bəhrəsi olur və sözsüz ki, bu fərmanın da bəhrəsi bütün ölkə üçün çox gözəl olacaq. Bu gün reformalar məhz məhkəmələrdən başlanmalıdır. Prezident olduqca vacib fərman verib. Həmin fərmanın icra məsələsi daim diqqətdə saxlanmalıdır. Məhkəmələrin daimi monitorinqi aparılmalı, hakimlərin qanunlara uyğun qərarlar verməsi təmin edilməlidir. Fərrux adlı məhkumun yaxınları İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adına bir məktub yazsınlar. Həmin məktubu bizim ofisə versinlər, baxaq. Həmin iş üzrə hökmə baxıb müvafiq addımlar ataq, səlahiyyət sahiblərinə müraciət edək. Əlimizdə sənəd olmalıdır ki, biz müvafiq müraciətlər edə bilək. Sonuncu əfv fərmanı verilərkən belə şəxslərdən azadlığa çıxanlar oldu. Bir çox insanın azadlığa çıxması üçün əlimizdən gələni əsirgəmədik. Həmin Fərruxun qohumları, yaxınları müraciət etsinlər, nə baş verdiyini sənədlərlə, sübutlarla təqdim etsinlər, kömək edək. Həmin yazılanlarla tanış oldum, təəssüflənirəm ki, belə hadisələr baş verib”.

Mövzuya qayıdacağıq.

Həmçinin oxuyun

“Arvadını” başqa kişi ilə yatağa saldı, sonra 4 oğlanla… – Azərbaycanda

Bakıda hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Daşqın Səmədov, Hikmət Məlikov, Elman Verdiyev …