Cümə axşamı , Sentyabr 23 2021
Ana səhifə / Kriminal / Məhkəmədə sual: 2 min manat maaş alan məmurun cibində 50 min manat ola bilər?

Məhkəmədə sual: 2 min manat maaş alan məmurun cibində 50 min manat ola bilər?

Mədəniyyət Nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Əvvəlcə şahid qismində “İnkişaf Təmir Tikinti”  MMC şirkətinin təsisçisi Zahid Cabbarov ifadə verib. O, ifadəsində Z.Sultanovla yaxın dost olduqlarını, təsis etdiyi şirkətin tenderlərdə iştirak etdiyini və qalib gəldiklərini deyib: “2008-ci ildən bir yerdə işləyirik. 2010-2011-ci illərdə bizim şirkətə Maştağada tikilən mədəniyyət mərkəzinin abadlaşdırılması və Rəsulzadə qəsəbəsindəki musiqi məktəbinin təmiri üçün vəsait ayrılmışdı”.

Şahid ifadəsində Z.Sultanovun tapşırığı ilə təsisçisi olduğu şirkətə ayrılan vəsaitdən 1 milyon 275 min manat “Bakı Abadlıq” MMC -nin hesabına   köçürüldüyünü deyib. Həmin vəsait paytaxtdakı abadlıq işlərinə sərf olunmalı imiş. Dövlət ittihamçısının suallarını cavablandıran Z.Cabbarov ayrılan vəsaitlərdən Z.Sultanova hır hansı miqdarda faiz verilmədiyini deyib. Şahidin məhkəməyə verdiyi ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyət yarandığından onun istintaqdakı ifadəsi məhkəmədə elan edilib.

İstintaqa verdiyi ifadəsində şahid Z.Cabbarov  ona məxsus şirkətə ayrılan puldan 15-17 faizinin  Z.Sultanova qaytarıldığını, pulların nağdlaşdırılıb keçmiş idarə rəisinə verildiyini qeyd edib. Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməyib: “O yazılan hissədən xəbərim yoxdur. İfadəmi oxumadan imzalamışam. Müstəntiq dedi ki, burda elə bir şey yoxdur. Allah şahiddir”.

Hakim isə şahidin bu cür manevrindən gileylənib: “Müstəntiqə hər şeyi danışırlar, məhkəməyə gələndə təqsirləndiriləni,  qohumlarını görüb, onların yanında dediklərini danırlar”

Daha sonra uzun illər tarixi abidələrin tədqiqi ilə məşğul olan Mətləb İsmayılov ifadə verib. O, ifadəsində Z.Sultanovu tanıdığını, tarixi abidələrlə bağlı görüləcək işləri birgə işlədiyini deyib: ” Bu sahədə ən çox təcrübəli adam idim. Zakir müəllim və işçiləri sonradan gəldi. Plana görə görüləcək iş üçün ayrılan vəsaitin 20 faizini nağdlaşdırıb keçmiş idarə rəisinə geri qaytarırdım”.

Z. Sultanov isə bu məqamda çıxış edərək tarixi abidələrdən birinin təmiri zamanı öz şəxsi vəsaitindən 50 min manat ödədiyini deyib: “Abidələrin hazırlanması üçün 50 min manat cibimdən pul ödəmişəm. Bunu nəzərə almağınızı xahiş edirəm”.

Z.Sultanovun bu ifadəsindən sonra hakimlərdən biri ondan nə qədər maaş aldığını soruşub. Z.Sultanov 2 min manat maaş aldığını deyib. Hakim 2 min manat əmək haqqı aldığı halda 50 min manatı haradan aldığını soruşub.

Z.Sultanov bu suala cavab verməyib, amma deyib ki, “cibindən pul xərcləməsi” görüləcək işlərdən biri üçün ayrılan smetada çatışmamazlıq yaranması ilə bağlı idi.

Məhkəmə prosesi avqustun 27-də davam edəcək.

Xatırladaq ki, Zakir Sultanov tarixi abidələrin və mədəniyyət nümunələrinin, obyektlərinin təmiri, bərpası üçün dövlət büdcəsindən ayrılan pulların bir qismini “otkat” qismində mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, korrupsiya əməlləri nəticəsində dövlətə vurduğu zərərin demək olar hamısını-5 milyon manata yaxın vəsaiti (4 milyon manat nəğd, qalanı mal-mülk qismində) ödəyib. virtualaz.org

Həmçinin oxuyun

Prokuror AXCP sədrinin mühafizəçisinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin mühafizəçisi Niyamməddin …