Ana səhifə / Kriminal / Məhkəmə icra başçısının sabiq müavini ilə bağlı qərar elan etdi

Məhkəmə icra başçısının sabiq müavini ilə bağlı qərar elan etdi

Sumqayıt Apellyasiya Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xanlar Heybətov və Arif Mustafayev barəsində dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan olunub.
“Report”un əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməyib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttihama görə, X.Heybətov 11.02.2019-cu il tarixdən 11.03.2020-ci il tarixədək Quba Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, işlədiyi müddət zamanı qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranan nüfuz və etibarından sui-istifadə edib.
Belə ki, X.Heybətov A.Mustafayevlə birgə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (Rüşvətə təhrik etmə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Quba Rayon Məhkəməsinin hökmü ilə X.Heybətova 9 min manat məbləğində cərimə cəzası tətbiq olunub.
Bundan başqa, A.Mustafayev 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun barəsində 6 min manat məbləğində cərimə cəzası tətbiq edib.
Hər iki şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti verib.

Həmçinin oxuyun

Rəşad Dağlının dostunu güllələyən şəxsin cəzası azaldıldı

Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb …