Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Lotu Quli”nin kirvəsinin məhkəməsində şahidlər ifadə verdi: “20 manata üzə dururlar…”

“Lotu Quli”nin kirvəsinin məhkəməsində şahidlər ifadə verdi: “20 manata üzə dururlar…”

“Lotu Quli”nin kirvəsinin növbəti məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.

Məhkəmədə şahid Bayramov Rafiq ifadə verib.

O, təqsirləndirilən şəxsin qohumu olduğnu deyib və bildirib ki, Məhəbbət Namazovgilin evində axtarış aparılarkən orada olub. Şahid polis əməldaşlarının evdən silah və patron götürdüklərini deyib: “Biz evin zalında idik. Polislərin əlində silah və bıçaq gətirdi. Bir də maşın nömrələri. Amma haradan gətirdiklərini, evdən götürdüklərini görməmişəm”.

Sualları cavablandıran şahid söyləyib ki, polislər evi axtaran zaman onlarla birlikdə otaqlara getməyiblər: “Biz zalda gözlədik. Onlar özləri gətirdilər”.

R.Bayramov qohumu M.Namazovun hərdən maşın alveri olə məşğul olduğunu, heç vaxt narkotikdən istifadə etmədiyini deyib.

Digər şahid isə Musayev Yasin olub. O, M.Namazovun kəndçisi olduğunu və Sadıxlı kənd bələdiyyəsində işlədiyini deyib.

O da evdə axtarış aparılan zaman şahid kimi dəvət edilən şəxslərdən olub. Şahid söyləyib ki, axtarışdan sonra götürülən xəncər, patronlar aktlaşdırılıb: “Mən o əşyaların haradan götürüldüyünü görmədim, amma dedilər, evdən çıxıb”.

Prokuror şahidə sual verib ki, “əşyaların haradan götürüldüyünü görmədiyin halda protokola necə imza çəkibsən?”.

Şahid suala belə cavab verib: “Biz həyətdə idik. Bir neçə polis evə daxil oldu. Sonra əşyalar protokollaşdırıldı”.

Dövlət ittihamçısı Sabir Abdinov evdə aparılan axtarış zamanı Məhəbbət Namazovun övladının evdən götürülən fotosu haqda da sual verib. Şahid uşaq şəklini gördüyünü söyləyib.

Bələdiyyə üzvü olan şahid M.Namazovu uşaqlığından tanıdığını, onun nə zamansa narkotik istifadəçisi olması haqda eşitmədiyini bildirib.

Məhəbbət Namazov da şahidə sual verib: “Sən ifadəndə yazmısan ki, axtarışdan 2-3 gün əvvəl məni kənddə, evimizin qarşısında görmüsən. Mən 3 ay idi Azərbaycana gəlmişdim, kəndə gəlməmişdim”.

Şahid Yasin Musayev istintaqda belə ofadə vermədiyini, yanlışlıq olduğunu deyib.

M.Namazov şahiddən “bu ifadəni sənə yazdırıblarmı” deyə soruşub. Şahid isə bu suala cavab verməyib.

Şahid İsayev Elman da məhkəmədə ifadə verib. O, Məhəbbət Namazovun avtomobilinə baxış keçirilən zaman hal şahidi kimi iştirak etdiyini deyib. O bildirib ki, maşından patron götürüldüyünü görüb.

Məhəbbət Namazov isə hal şahidlərinə sual vermək istəmədiyini deyərək, əlavə edib ki, şahidlər 20 manat alaraq üzə duran şəxslərdir.

Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Xatırladaq ki, “Lotu Quli”nin yeznəsi Vidadi Hüseynov da narkotik ittihamı ilə həbs edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov “Bulaq”restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.

Bildirək ki, “Lotu Quli” 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …