Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / “Lotu Quli”nin kirvəsinin məhkəməsi- rəis müavini və hal şahidləri ifadə verdi

“Lotu Quli”nin kirvəsinin məhkəməsi- rəis müavini və hal şahidləri ifadə verdi

“Lotu Quli”nin kirvəsinin növbəti məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.

Məhkəmədə şahid qismində ilk ifadə verən şəxs polis əməkdaşı Nağıyev İrza olub. O, Məhəbbət Novruzovun evində axtarış keçirilən zaman Ağstafa Rayon Polis İdarəsinin rəisinin xidmət üzrə müavini vəzifəsində çalışdığını deyib. N.İrza hazırda Gəncə Şəhər Nizami rayon polis idarəsində çalışdığını qeyd edib.

O bildirib ki, evə baxış zamanı mətbəxdə çaydanın içindən patronlar və zirzəmidə avtomobil qeydiyyat nişanları çıxıb.

Dövlət ittihamçısı Sabir Abdinov şahidə sualllar verib. Şahid evə baxış keçirilən zaman hal şahidlərinin olduğunu və götürülən əşyaların aktlaşdırıldığını bildirib.

N.İrza evə baxış zamanı uşaq və silahların əks olunduğu fotonun da götürülərək aktlaşdırıldığını qeyd edib.

Məhkəmədə hal şahidi İlqar Əmrullayev də ifadə verib. O, M.Namazovun Bakıda maşınına baxış keçirilən zaman hal şahidi kimi iştirak etdiyini deyib.

Onun sözlərinə görə, maşından selofanda ağ toza oxşar maddə çıxıb.

M.Namazov şahidə sual vermək istəməyib: “Bədbəxt adamdır. Buna nə sual verim? Öyrədiblər”.

Digər hal şahidi Faiq İsmayılov da məhkəmədə ifadə verib. O, M.Novruzov polis idarəsində olarkən hal şahidi kimi çağırıldığını və orada iştirak etdiyini söyləyib. Hal şahidi selofan paketdə ağ maddə gördüyünü deyib.

Məhkəmədə məlum olub ki, hal şahidi Faiq İsmayılov hal şahidi kimi ifadə verdikdən iki gün sonra həbs edilib. O, narkotik istifadəçisi kimi həbs edilibmiş. Bir neçə ay sonra azadlığa çıxıb.

Faiq İsmayılov hal şahidi kimi polis idarəsinə dəvət olunarkən narkotik vasitənin təsiri altında olduğunu deyib: “Mən ağrıyırdım. Hallı idim. Dedilər yuxarı qalxmaq lazımdır. Mən də qalxdım. Sənədlərə qol çəkdim. Nə yazıldığını, nə olduğunu xatırlamıram. Mən ora dəvət ediləndə selofanda olan maddəni gördüm. Amma bilmədim ki, kimin üstündən çıxıb”.

M.Novruzov isə bildirib ki, hal şahidinə təzyiq edilir: “O indi də düzünü deyə bilmir. Zalda polis əməkdaşı var idi. İndi çıxdı. Hal şahidini də o gətirib. Əgər başqa nəsə desə, çıxanda tutacaqlar”.

Məhkəmədə Məhəbbət Namazovanın xanımı Xəyalə Əmirxanova da ifadə verib. O, Ağstafadakı evlərin aparılan axtarışla bağlı ifadə verib.

“Şəkil, paslı bıçaq, bir də patron var idi. Dedilər ki, evsən çıxəb. Bıçaq mətbəxdə idi, paslı istifadə edilməyən əşya idi. Patronların hardan çıxdığını bilmədim. Dedilər ki, evsən çıxıb”- deyə şahid söyləyib.

X.Əmirxanova söyləyib ki, polis əməkdaşları evə gələn zaman həyat yoldaşının turulduğunu və evlərində axtarış aparacaqlarını deyiblər: “6 nəfər formada olan polis, bir nəfər də mülki geyimli şəxs gəldi. Bağ qapısından da xeyli polis gəldi. Axtarış aparılanda biz evdə bir yerdə gözlədik. Polis əməkdaşları özləri evi axtardılar. Biz onlarla otaqları gəzmirdik”.

X.Əmirxanova həyat yoldaşının necə saxlanılması haqda da danışıb: “Qonşular dedi ki,Məhəbbəti aldadıblar. Deyiblər ki, maşınını vurmuşuq. Məhəbbət də aşağı düşən kimi əllərini bağlayıb aparıblar”.

O, M.Namazovun narkotik istifadəçisi olmadığını, heç siqaret çəkmədiyini də deyib.

Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patron tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Xatırladaq ki, “Lotu Quli”nin yeznəsi Vidadi Hüseynov da narkotik ittihamı ilə həbs edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdiksən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov “Bulaq”restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.

Bildirək ki, “Lotu Quli” 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …