Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Kriminal / “Lotu Quli”nin kirvəsi ifadə vermək istəmədi

“Lotu Quli”nin kirvəsi ifadə vermək istəmədi

“Lotu Quli”nin kirvəsinin növbəti məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazov Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti dəfə hakim qarşısına çıxarılıb.

M.Namazovun cinayət işi üzrə məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutub.

Məhkəmədə M.Namazovun vəkili vəsatətlə çıxış edib. Vəkil qeyd edib ki, ibtidai istintaqda M.Namazova vəkil çağırmaq imkanı verilməyib və ona dövlət hesabına vəkil təyin edilib: “Səbəb olaraq isə göstərilib ki, guya Məhəbbət Namazovun buna maddi imkanı olmayıb”.

Vəsatətdə ibtidai istintaq zamanı M.Namazova təyin edilmiş vəkil Oqtay Əliyevin şahid qismində dindirilməsi tələb edilib. Vəkillər işi aparan müstəntiqin də əlavə şahid kimi məhkəməyə çağırılmasını istəyiblər.

Dövlər ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə Məhəbbət Namazova ifadə verməyi təklif edib. M.Namazov ifadə verməyə hazır olmadığını deyib.

Məhkəmə noyabrın 8-nə təxirə salınıb.

Rəsmi ittihama görə, Məhəbbət Namazov 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, onun avtomobilindən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

İttihama görə, daha sonra Məhəbbət Namazovun Ağstafa rayonu Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Axtarış zamanı evdən xeyli miqdarda patronun tapıldığı qeyd edilir.

Qeyd edək ki, Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Məhkəmədə ittihama münasibət bildirən Məhəbbət Namazov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilməyib.

Xatırladaq ki, “Lotu Quli”nin yeznəsi Vidadi Hüseynov da narkotik ittihamı ilə həbs edilmişdi. Məhkəmənin qərarı ilə 1 il 6 ay cəza alan V.Hüseynov cəzasının 1 il 3 ayını çəkdikdən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. V.Hüseynov “Bulaq” restoranında silahlı qarşıdurmadan sonra həbs edilmişdi. Məhəbbət Namazov da eyni ərəfədə həbs edilib.

Bildirək ki, “Lotu Quli” 8 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 23-də azadlığa çıxıb.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …