Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Lotu Quli: “Oğru şərəfi mənim üçün hər şeydir”

Lotu Quli: “Oğru şərəfi mənim üçün hər şeydir”

Ötən gün 21 illik həbs həyatından sonra azadlığa qovuşan Nadir Səlifov – Lotu Quli ciddi şəkildə müzakirə olunmaqdadır. Rusiya mediasının xüsusi təhlillərlə bu azadlığa reaksiyası isə daha maraqlıdır. Lotu Quliyə Ded Xasan və Rövşən Lənkəranskidən sonra güclənən kriminal savaşı bitirəcək yeganə şəxs kimi baxılması gənc yaşından işlədiyi cinayətlə türməyə düşən, faktiki olaraq ömrünün az qala yarısını həbsdə keçirən, elə türmədə də məşhurlaşan və “taclandırılan” bu şəxsə diqqətləri cəmləyir.
1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulan Nadir Səlifov kriminal aləmdə heç də hər kəsə müəssər olmayan bir ləqəblə tanınır. Adətən, vərdiş edilən təxəllüslə deyil, məhz “Quli” adlanması isə heç də Azərbaycan dilindəki “Qulu” adından irəli gəlmir. “Quli” – gürcücə “ürək” deməkdir və Nadir ürəkli, cəsarətli olduğu üçün gənc yaşında bu ləqəblə tanınıb.
Nadir Səlifov 1996-cı ildə Azərbaycanda həbs olunub. Qulinin vəkillərinin sözlərinə görə, o, həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. O, xüsusilə ağır cinayətlərdə, o cümlədən qətldə, mütəşəkkil cinayətkar qrup yaratmaqda və quldurluqda ittiham olunub. Qulini 15 il müddətinə azadlıqdan məhrum etmişdilər.
Qulinin həbs müddəti azaldığı bir vaxtda qardaşı Müşfiq Səlifov da həbs edilmişdi. Rəsmi məlumata görə, voleybol oyununa baxmağa gələn universitet tələbəsi M.Səlifovun üstündən tapança tapılmışdı. M.Səlifovun həbsindən sonra Azərbaycanın bir neçə həbsxanasında “qiyama cəhd” oldu ki, bu işdə də rəsmilər Qulini sorumlu tuturdular.
2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açıldı. Quliyə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürüldü.
Quli bu maddələri qondarma, onun “oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, qətiyyətlə rədd edirdi. 2005-ci ilin oktyabr ayının 14-də baş tutan məhkəmə prosesində haqq-ədalət tərəfdarı olduğunu bildirmişdi: “Siyasətlə məşğul deyiləm, mənim öz ideyam var: ədalət və təmizlik…”
Nadir Səlifov həbsxanada narkotik satışı və istifadəsinə qarşı olub. Qapalı keçən məhkəmə prosesində bildirib ki, dustaqların, gənclərin taleyi önəmlidi:
“Bu məhkəmə prosesinin qapalı keçməsinin əleyhinə olmuşam. Çünki mənim gizlədiləsi heç nəyim yoxdur və mən düzəm. Mən bu gün Azərbaycanda yeganə qanuni oğruyam ki, Azərbaycan türmələrindəki sözübütöv dustaqların və gənclərin taleyi mənim üçün əhəmiyyətsiz deyil. Bu ilin payızında mənim “zon”lara bütün növ narkotikdən istifadənin qadağan olunması barədə “proqonum” olub. Və hər şey də bundan sonra başlayıb… Çünki mən həbsxanalarda narkotik satışında külli miqdarda pul əldə edənlər üçün əngəl yaratmışam. Mən qanuni oğruyam və mənim üçün oğru şərəfi hər şeydən üstündür”.
2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində zorlama maddəsi Qulinin üstündən götürülüb. Məhkəmə həmçinin onun qapalı həbsxanada deyil, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına qərar verib.
Məlumatlara görə, Quli ilə azərbaycanlı avtoritetlər arasında problem Bayıl təcridxanasından başlayıb. Belə ki, Quli oğru etiketlərinə zidd olaraq “böyük qardaş”- Sabirabadlı Hikmətə əl qaldırıb. Deyilənlərə görə, konfliktə səbəb qanuni oğruların Rusiyada biznes obyektlərinə nəzarət uğrunda mübarizəsi dayanırmış.
2009-cu ildə Hikmətin qətlini də Qulinin sifarişi hesab edənlər var. Qulini “oğru” hesab etməyənlər bir neçə il əvvəl, hələ Sabirabadlı Hikmətin sağlığında Moskvada 9 oğrunun toplaşdığı “sxodka”da qəbul edilən qərarı əsas gətirirlər. Həmin qərar Qulidən “oğru” adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada Azərbaycanın əksər “zon”larına paylanılıb. Bundan sonra kriminal aləmdə azərbaycanlılar arasında parçalanma dərinləşib, tərəflər çoxsaylı itkilər verib ki, öldürülənlər sırasında bir çox qanuni oğrular (Sabirabadlı Hikmət, Otar, Nardaranlı Mirseymur, Ağbaş Çingiz və sair…) da olub.
Quli və tərəfdarları təbii ki, bu qərarı qəbul etmir və onların da öz arqumentləri var. Çünki kriminal aləmdə bu cür mühüm məsələnin müzakirəsində ittiham edilən tərəf, yəni Qulinin də iştirak etməsi və “oğru” adının hansı səbəbdən ondan alınmasının izah olunması və özünü müdafiə etməyə şərait yaradılması vacibdir.
Lotu Quli hazırda ən nüfuzlu azərbaycanlı kriminal avtoritet sayılır.
Qeyd edək ki, Lotu Qulinin azadlığa buraxılması haqda məlumat dünən yayılıb. Onun azadlığa çıxdıqdan dərhal sonra ölkəni tərk edib, Gürcüstana getdiyini mediaya vəkili deyib. KİV isə onun İstanbula yollandığını iddia edib.(Axar.az)

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …