Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Lombardlar müştərilərin girovunu oğurlayır”

“Lombardlar müştərilərin girovunu oğurlayır”

Əkrəm Həsənov: “Lombardlar həm də lisenziyasız və heç bir nəzarət olmadan fəaliyyət göstərir”

 
 
“Azərbaycanda lombardın verdiyi kredit vaxtında ödənilmədikdə, girov predmeti dərhal ”batır”. Halbuki bu, qanunvericiliyə ziddir”. 
Ekspert Əkrəm Həsənov lombardların girovlarla bağlı etdiyi fırıldağı şərh edərkən belə deyib. Onun sözlərinə görə, Mülki Məcəllənin 302.7-ci maddəsinə əsasən lombard girov predmeti olan əşyanı yalnız açıq hərracdan sata bilər. Bu isə o deməkdir ki, əşyanı girov qoyan, yəni borc alan özü də açıq hərracdan əldə edə bilər.
“Lakin lombardlarımız açıq hərrac təşkil etmir. Sadəcə, müştərinin əşyasını mənimsəyirlər. Faktiki olaraq oğurlayırlar. Halbuki Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Xatırladıram ki, həmin məcəllənin 302.6-cı maddəsinə uyğun olaraq isə lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır.
Yeri gəlmişkən, lombardların qanunsuz əməlləri bununla bitmir. Belə ki, məsələn, Mülki Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda əşyanın bazar qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Təcrübədə lombardlar, bir qayda olaraq, bu vəzifələrini icra etmir”,- deyə ekspert bildirib.
 
Onun sözlərinə görə, ölkədə lombardların fəaliyyəti qanunsuzdur: “Mülki Məcəllənin 302.1-ci maddəsi lombardların fəaliyyətinin lisenziyalaşdırılmasını tələb etsə də, lisenziyanı verməli olan dövlət orqanı hələ də müəyyən edilməyib. Buna görə də lombardlar lisenziyasız və heç bir nəzarət olmadan fəaliyyət göstərir. Digər tərəfdən, lombardların əksəriyyətinin kapitalı, öz vəsaiti gülünc məbləğ təşkil edir- 2 manatdan 200 manatadək olur. Yəni bunun hesabına kredit verirlər. Belə çıxır ki, bizim lombardlar kreditləri öz vəsaitləri deyil, cəlb edilmiş vəsaitlər hesabına verir. Yəni birindən aşağı faiz dərəcəsi ilə borc alıb, digərinə yüksək faiz dərəcəsi ilə kredit verir. Başqa sözlə, əslində bizim lombardlar qanunsuz bank fəaliyyəti ilə, yəni cəlb edilmiş pul vəsaitləri hesabına kredit fəaliyyəti ilə məşğul olur”.

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın