Ana səhifə / Kriminal / Lənkəranskinin qətlində adı hallanan “Şakro Molodoy”u nə gözləyir: ölüm, yoxsa yenidən həbsxana?

Lənkəranskinin qətlində adı hallanan “Şakro Molodoy”u nə gözləyir: ölüm, yoxsa yenidən həbsxana?

“Cinayət aləmində Şakro Molodoy kimi tanınan “qanuni oğru” Zaxari Kalaşov hədə-qorxu ilə pul tələb etdiyi üçün cəza çəkdiyi koloniyadan azad edildikdən sonra yenidən cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Bunu bu yaxınlarda Lenta.ru-ya müsahibəsində kriminoloq, Ural Dövlət Hüquq Universitetinin dosenti Danil Sergeyev deyib.

Onun sözlərinə görə, Federal Penitensiar Xidmətin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında daha yüksək vəzifə tutma”) maddəsi ilə ittiham irəli sürmək və material toplamaq üçün əsasları ola bilər.

“Şakro Molodoy köhnə, klassik Qafqaz qrupunun nümayəndəsidir, məşhur italyan “Cosa Nostra”sının Rusiya variantıdır. Şakro kimi oğrular sovet vaxtından var, amma bu gün onların vaxtı keçib. Onlar ənənənin davamçısı idilər, lakin tez bir zamanda ticarət yolunu tutdular və cinayəti biznesə çevirdilər”, – ekspert deyib.

Qeyd edək ki, Zaxari Kalaşov 1953-cü il martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürdüdür.

O, hələ18 yaşı olanda SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona “qanuni oğru” adını 1971-ci ildə Avdo Mirzoyev verib.

1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutub. Burada da tezliklə ulduzu parlayan Z.Kalaşov digər gürcü “qanuni oğru” Tariel Onianinin (“Taro”) köməyi ilə əlaqələrini və nüfuz dairəsini genişləndirib. Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarında onun adı “kriminal aləmin generalı” kimi keçir. Onun müxtəlif dövrlərdə “Solntsev”, “İzmaylovski” və “Bratski” kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir.

O, əsasən qeyri-leqal kazino, narkotik və silah alveri ilə məşğul olub. Rusiyada üç dəfə mühakimə olunandan sonra 2003-cü ildə Z.Kalaşov Tariel Onianinin köməyi ilə İspaniyaya yerləşib. İspaniya polisinin məlumatına görə, Z.Kalaşov burada “On birlərin klanı” adlı gürcü-rus mafiyasına rəhbərlik edib. O, Rusiyanın və MDB-nin kriminal dairələri ilə ciddi əlaqələr qurub.

2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirib və bir neçə “qanuni oğru” həbs olunub. “Şakro Molodoy” gizlənə bilsə də, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilib. İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşovun mühakiməsi uzun müddət davam edib. Uzun araşdırmalardan sonra – 2010-cu ilin iyununda Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarılıb.

Ona qarşı ən ciddi ittiham erməni kökənli ABŞ vətəndaşı Aleksandr Kraynanın oğurlanmasıdır. Onu 2000-ci il, iyunun 18-də Tiflisdəki “Şeraton” hotelinin dayanacağında “Şakro Molodoy”la birgə görüblər. Bir neçə gün sonra Kalaşov biznesmenin xanımına zəng edərək ərinin oğurlandığını deyib. O, Kipr banklarının birindəki bank hesabını verərək ora 1,2 milyon dollar köçürülməsini istəyib. Pul deyilən hesaba köçürülsə də, biznesmenin hələ də öldü-qaldısı bilinmir.

2010-cu ildə bu cinayət işi ilə bağlı Gürcüstan hökuməti İspaniya Ədliyyə Nazirliyinə Z.Kalaşovun ekstradisiyası üçün sorğu verib. Ona bu cinayət işi ilə bağlı 18 il qiyabi hökm də çıxarılıb. Amma onun vəkilləri hər dəfə bu ekstradisiyanın qarşısını alıblar. Qeyd edək ki, onun Tiflis ətrafında olan nəhəng villası müsadirə olunub və polisin binası kimi fəaliyyət göstərir.

2014-cü il oktyabrın 29-da “Şakro Molodoy” İspaniyada həbsdən çıxdıqdan sonra Rusiyaya qayıdıb və Daxili İşlər Nazirliyinin nümayəndələri ilə aparılan profilaktik söhbətdən sonra sərbəst buraxılıb. Hətta bu hadisəyə bir neçə mahnı həsr edilib. Gürcüstan onun ekstradisiyasını tələb etsə də, Kalaşovun Rusiya vətəndaşlığına malik olduğu əsas götürülərək, bu tələb rədd edilib.

Bir sıra “avtoritetlərin”in, o cümlədən “Ded Xasan”ın ölümündən sonra o, postsovet məkanında kriminal aləmin əsas liderliyinə namizəd idi.

2016-cı il iyulun 12-də Zaxari Kalaşov hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək saxlanılıb. 2018-ci ildə keçirilən məhkəmənin hökmü ilə hədə-qorxu ilə pul tələb etdiyinə görə cəzasını ciddi rejimli koloniyada çəkmək şərtilə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, onun adı İstanbulda qətlə yetirilən Rövşən Lənkəranskinin (Canıyev) ölümü ilə də bağlı hallanıb. O zaman qeyd olunurdu ku, Moskvada Rövşən Lənkəranskinin qətlinə “Şakro Molodoy”un baş cangüdəni Batır Bekmuradov fərman verib.

Bildirilirdi ki, “Şakro Molodoy” 2014-cü ilin martında həbsdən azad ediləndən sonra Rusiya kriminal aləminin “xaç atası” sayılan Aslan Usoyanın (“Ded Xasan”) qəbri üstünə yollanıb və orada onun qətlini sifariş verən şəxsi tapıb öldürəcəyinə and içib.

Bunun ardınca mətbautda “Şakro Molodoy”un “Ded Xasan”ın qətlinə görə Rövşən Lənkəranski ilə haqq-hesab çəkəcəyi haqda xəbərlər yayıldı. Bu səbəbdən də “Şakro Molodoy”un Rövşən Lənkəranskinin qətlindən bir neçə gün əvvəl “içəri”yə girməsi “yeraltı dünya”da birmənalı qarşılanmadı. Bildirilirdi ki, Rövşən Lənkəranski xüsusi çəkiyə malik “qanuni oğru”dur və onun öldürülməsinə görə cavab özünü çox da gözlətməyəcək. Belə bir halda “Şakro Molodoy”un “içəri” girməsi “öz evi” hesab olunan məhbəsdə öldürülməsinin qarşısını birmənalı şəkildə alacaqdı. Bu baxımdan “Şakro Molodoy”un “içəri”də sağ-salamat qalacağı ehtimalı böyük idi. Bu gün isə o, artıq azadlqdadır. Bu azadlığın nə qədər davam edəcəyini isə gələcək göstərəcək…

BakuPost

Həmçinin oxuyun

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı – VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin …