Ana səhifə / Kriminal / Kredit götürən şəxsə zamin durulmasının təhlükəli məqamları…

Kredit götürən şəxsə zamin durulmasının təhlükəli məqamları…

İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a açıqlamasında bildirdi ki, zamin əslində bankdan kredit götürən şəxsin öhdəliyini bölüşür: “Zamin durmaq, borc öhdəliyini bölüşmək deməkdir. Bu baxımdan vətəndaşlar ehtiyatlı olmalıdırlar. Krediti götürən şəxs borcunu qaytara bilmədiyi halda, bütün borc öhdəlikləri onun üzərinə düşür. O baxımdan praktik olaraq, krediti götürən şəxs üçün nəzərdə tutulan bütün öhdəliklər zamin üçün də keçərlidir”.
Ekspertin sözlərinə görə, əgər zaminin həmin bankda hesabı varsa, kredit borcu ödənilmədiyi təqdirdə, bank məhkəmə qərarı olmadan borcu zaminin hesabından çıxara bilər: “Prosedur belədir ki, kredit qaytarılmadığı halda bank məhkəməyə müraciət edir. Məhkəmənin qərarı kreditin qaytarılması ilə bağlı olur. Məhkəmə qərar verir ki, həmin kredit ödənilsin və ya geri qaytarılsın. Bu zaman artıq kreditlərin geri qaytarılması ilə bağlı prosedurlar müəyyənləşdirilir ki, krediti kim qaytarmalıdır. Bu zaman zaminin əmək haqqından həmin kreditin tutulması ilə bağlı qərar qəbul edilə bilər. Əgər kredit ödəyən şəxs borcunu qaytara bilmirsə, bankda zaminin hesabı varsa, bank məhkəməyə müraciət etmədən pulunu götürə bilir. Çünki, müqavilədə qeyd olunur ki, kredit götürən qaytara bilməsə, zaminin hesabından çıxılacaq. Əgər zaminin hesabı yoxdursa, məhkəməyə müraciət edilir”.
 
Vüqar Bayramov hazırda minlərlə insanın məhz zamin olduğu üçün banklara kredit ödəmək məcburiyyətində qaldığını vurğuladı: “Çox təəssüf ki, bu gün Azərbaycanda zaminlərin sayı 1 milyon 300 minə yaxındır. Kredit götürənlərin sayı isə 2 milyon 500 min nəfərdir. Zaminlərin sayının çox olması o deməkdir ki, bəzi insanların zaminlik hüququnu bilmədən zamin durması, indi onlar üçün ciddi bir öhdəliyə çevrilib. Minlərlə insan var ki, görmədiyi, xərcləmədiyi krediti, sadəcə zamin durduğu üçün ödəmək məcburiyyətindədir”.
 
Bank-kredit məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov isə qeyd etdi ki,  zamin də elə borcluya bərabər bir şəxsdir: “Yəni, bank qarşısında zamin də borcludur. Ona görə də borc  qaytarılmırsa, bank onu həm zamindən , həm də borcludan tələb edə bilər. Kimdən ala bilirsə, borcu alacaq, daha sonra borclu olan şəxs zamin qarşısında borclu sayılacaq. Zamin kredit götürəndən tələb edə bilər ki, onun yerinə banka ödənilən vəsaitləri qaytarsın. Bizdə əksər insanlar zaminlik müqaviləsinə qol çəkərkən başa düşmürdülər ki, bu, əslində borcdur və sabah gəlib səndən də borcu tələb edə bilərlər”.
Hüquqşünasın sözlərinə görə, borcluya qarşı tətbiq olunan tədbirlər zaminə qarşı da həyata keçirilə bilər:“Əmlakı məhkəmə qərarı ilə satışa çıxarıla bilər. Lakin əmlakı yoxdursa, ona qarşı hər hansı tədbir görülə bilməz. Lakin borclu ilə zamin arasındakı münasibətlər də qanunla tənzimlənir. Yəni, sonradan zamin kredit götürən şəxsdən pulunu tələb edə bilər və qarşı tərəf də borcunu ödəməlidir. Əlbəttə, əgər imkanı varsa… Bizə müraciət edən şəxslər var ki, hazırda işsiz qalıb və onun banka olan borcunu ona zamin durmuş keçmiş iş yoldaşı ödəyir. Lakin zamin ondan borcunu ala bilmir. Çünki, həmin şəxsin gəliri yoxdur və məhkəməyə versə belə, yenə də borcunu ala bilməyəcək”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın