Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Kredit büroları haqqında” qanun qüvvəyə mindi, indi nə olacaq?

“Kredit büroları haqqında” qanun qüvvəyə mindi, indi nə olacaq?

Uzun gözləntilərdən sonra “Kredit büroları haqqında” qanun qüvvəyə mindi. Bu qanunla bağlı xeyli gözlənti vardı, ancaq ekspertlərin fikrincə, həmin gözləntilər boşa çıxıb.

Kredit bürosu nədir?

Kredit bürosu vətəndaşların və şirkətlərin kredit tarixçəsinin məlumat bazasını saxlayan qurumdur. Tutalım, hər hansı vətəndaşın kredit təşkilatına, lizinq şirkətinə, mobil telefon operatoruna, nisyə mal satan dükana, kommunal xidmət göstərən müəssisəyə və digərlərinə olan borcu vətəndaşın borc aldığı qurum vasitəsilə kredit bürosunun məlumat bazasına daxil edilir.

Bu məlumatdan kimlər və necə yararlanır?

Elə həmin məlumatı verən sözügedən qurumlar toplanan bilgilərdən yararlanır. Məsələn, vətəndaş bankdan kredit götürmək istəyəndə, həmin bank kredit bürosunun bazasına daxil olub vətəndaşın kredit tarixçəsi ilə tanış olur və həm də bunun əsasında borcu verib-verməmək qərarına gəlir. Başqa sözlə, kredit bürosu pis kredit tarixçəsi olan şəxsin borclanmasının və beləcə, problemli borc həcminin artmasının önünü kəsir. Bu baxımdan belə büroların faydası danılmazdır.

“Azərbaycanda artıq 10 ildən çoxdur ki, mövcuddur”

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, belə bir qurum Azərbaycanda artıq 10 ildən çoxdur ki, mövcuddur: “Adı da Mərkəzləşdirilmiş Kredit Reyestridir (MKR). Əvvəllər Mərkəzi Bankın, bu ildənsə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) nəzdində fəaliyyət göstərir. Orada yalnız bankların və bank olmayan kredit təşkilatlarının verdiyi kreditlərə dair məlumat var və həmin məlumatdan da, təbii ki, yalnız sözügedən qurumlar yararlana bilir. Digər borc verənlər MKR-də iştirak etmir”.

Ekspertin qənaətinə görə, bu da təbii kredit risklərini artırır: “Axı ola bilər ki, vətəndaşın kredit təşkilatları üzrə kredit tarixçəsi müsbətdir, amma dükanlara və digər şəxslərə xeyli ödənilməmiş borcu var. Belə şəxs də asanlıqla banklardan kredit ala bilir, çünki banklar onun mənfi tarixçəsini bilmir. Buna görə də kredit bürolarının yaranması ilə bağlı əsas gözlənti o idi ki, orada bütün əsas borc verənlər cəmləşsin və hər bir şəxsin kredit tarixçəsi tam olsun”.

Ə.Həsənov xatırladır ki, yeni qüvvəyə minmiş qanuna əsasən, kredit bürosunda iştirak yalnız kredit təşkilatlarına məcburidir: “Digərləri üçün könüllüdür. Qanuna görə, 2 il ərzində yaradılacaq kredit büroları MKR-in də bazasından istifadə edə biləcək. Bu isə o deməkdir ki, reallıqda yaxın vaxtlarda tək kredit bürosu yaranacaq və bu, faktik olaraq, MKR-in özəlləşdirilməsi olacaq. Başqa büroların yaradılma ehtimalı azdır. Əslində, heç buna ehtiyac da yoxdur. Azərbaycan kimi kiçik ölkə üçün vahid kredit bürosunun (fərqi yoxdur: dövlət, yaxud özəl) mövcudluğu normal haldır. Əsas problem bu deyil. Əsas problem odur ki, yeni qanunun mahiyyəti elə yalnız bundan ibarətdir: MKR-in faktik ləğvi və bazasının özəlləşdirilməsi”.

“Əsas məsələ isə kənarda qaldı”

Ekspertin fikrincə, əsas məsələ qanundan kənarda qalıb: “Qanunda bütün borc verənlərin icbari qaydada kredit bürosunda iştirak etməsi məsələsi yoxdur. Aydındır ki, əksər borc verənlər, özəlliklə nisyə mal satan dükanlar kredit bürosuna könüllü qoşulmayacaq. Niyə? Ona görə ki, onlar qeyri-şəffafdır və bir qayda olaraq, vergidən yayınırlar və həmin səbəbdən nisyə satışları barədə məlumat verməkdə maraqlı deyillər”. (Azadliq.org)

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın