Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Kriminal / Korrupsioner məmurların cəzasını məhkəmələr niyə azaldır? – ŞƏRH

Korrupsioner məmurların cəzasını məhkəmələr niyə azaldır? – ŞƏRH

Şirvan Apelyasiya Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan digər sabiq vəzifəli şəxslər barəsindəki hökmdən verilmiş şikayətlərə baxılıb və onların cəzası azaldılıb.

Belə ki, hakim Elşad Əliyevin sədrliyi ilə araşdırılan cinayət işi ilə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmənin qərarı ilə sabiq icra başçısı Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib. Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, rayon mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, rayon mərkəzi xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon təhsil şöbəsinin müdiri Mətləb Allahverdiyev, təhsil şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, yaşıllaşdırma idarəsinin rəisi Emin Sadıqov 4 il, mənzil istismar sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilmişdilər…

Şirvan Apelyasiya Məhkəməsi həmçinin, Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov və onunla birgə tutulan şəxslərin əmlakları üzərinə qoyulmuş həbslə bağlı qərarı da dəyişdirib.

Rüşvətxor məmurlara ömürlük həbs cəzası verilsin! - TƏKLİF

Qərara əsasən, Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov, İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun əmlakları üzərinə qoyulan həbs götürülüb. Yalnız dövlət nəfinə müsadirə olunmuş 1 qeyri-yaşayış sahəsi saxlanılıb.

Sabiq vəzifəli şəxslərin əmlakları aşağıdakılardan ibarətdir:

Ceyhun Cəfərova məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0,0370 ha torpaq sahəsi;

Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi;

Sabiq icra başçısının birinci müavini Tacəddin Novruzova məxsus Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi.

Rayon İH-nin şöbə müdiri Natiq Kərimova məxsus Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri,

Kürdəmir rayonu Karrar kəndində 2,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi;

Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi;

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi;

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 17 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi;

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal hissəsi 80 saylı ünvanda yerləşən 0,0300 ha torpaq sahəsi;

Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 7 ünvanında yerləşən 83 nömrəli mənzil;

Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında yerləşən 41,5 kv.m qeyri-yaşayış binası.

Məhkəmə qərarını belə əsaslandırıb ki, Ceyhun Cəfərov dövlətə dəyiş ziyanı tam ödəyib.

Ceyhun Cəfərov mənimsəməyə görə 304 min manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş ziyana görə 382 min manat ödəyib.

Ölkədə korrupsioner məmurların yeni həbs dalğası - vətəndaşların artan  şikayətləri və ...

Bəs onun vətəndaşlara etdiyi zülm? Dövlət siyasətinə vurduğu mənəvi ziyan? Habelə, özünə qaytarılan əmlaklarının siyahısına diqqət etdikdə, ümumi məbləği milyonlarla ölçülür…

Nəzərə çatdıraq ki, korrupsiyaya görə həbs edilən məmurların cəzasının sonradan azaldılması halı ilk deyil. Bu sanki bir tendensiya halını alıb. Belə ki, daha əvvəl apelyasiya və ali məhkəmə instansiyalarında Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun, Şirvan Apelyasiya Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyevin də cəzaları azaldılıb, bir sıra mülkləri özlərinə qaytarılıb.  Dövlət, xüsusi xidmət orqanları, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məmurları tutur, onlara birinci instansiya məhkəməsində ağır və haqq etdikləri cəzalar verilir, amma sonra yuxarı instansiya məhkəmələri cəzalarını azaldır, korrupsiya yolu ilə əldə etdiklərini də özlərinə qaytarır. Əlbəttə, bu son deyil, 3-6 ilə endirilmiş cəzanın hamısını da yatmayacaqları ehtimalı var. Onlar ya cəzasının üçdə ikisini çəkmələri şərti, yaxud yerli məhkəmə ilə 2-3 il yatdıqdan sonra azadlığa çıxmağa da nail ola bilərlər, bu cür güzəştli davranışla. Ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizənin daha da sərtləşdirilməsi bir siyasi xəttə, iradəyə çevrildiyi vaxtda, məhkəmələrin korrupsionerlərə güzəştlərin tətbiqi birmənalı qarşılanmır. Digər rüşvətəmeylli məmurlar da düşünəcək ki, milyonları yığacaq, sonra 2-3 il həbsdə yatdıqdan sonra çıxıb ömrü boyu kef edəcək. 

Burada məhkəmə sisteminin özünün korrupsiya və rüşvətə bulaşmasına dair deyilənlər də göz önünə gəlir. Lakin bu məsələ ilə bağlı Musavat.com-a danışan mötəbər mənbə iddia edir ki, məsələ heç də korrupsionerlərə güzəşt və ya onlardan rüşvət almaqla bağlı deyil: “Bu, bir anlaşma məsələsidir. Bu məmurlardan dövlətdən və xalqdan taladıqlarının əhəmiyyətli hissəsini alıb, milliləşdiriblər. Dövlətə hazırda çoxlu vəsait lazımdır. Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin və digərlərinin timsalında sübut olundu ki, məmurlara yüksək cəza verməklə, onların taladıqlarının geri qaytarılması mümkün olmur. Hər hansı yollarla xaricə çıxardılmış hissə xaric, korrupsionerlərin Azərbaycanda saxladıqları əmlakın, pul kütləsinin böyük bir hissəsini isə milliləşdirmək mümkün olur. İstintaq vasitəsilə. Onlara bu cür təsir edib, əllərində olan pul kütləsinin və dəyərli əmlakın ciddi bir hissəsini dövlətin nəfinə xilas etmək mümkündür. Hazırda müşahidə etdiyimiz nümunədə belə davranılıb”. 

Bu iddiaların hansı gerçəkdir? Korrupsionerlərin sərvətlərinin böyük qismini əllərindən alıb, cəzalarını azaltmaqla, onlarla əməkdaşlığa getmək doğru variantdırmı? 

“2-3 min manatlıq oğurluq etmiş şəxsə də 8-10 il, icra başçısına 6 il?”

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a deyib ki, korrupsiyaya qarşı mübarizənin belə bir şəkil alması əvvəlcədən bəyan olunan məqsədlərə xidmət etmir: “Korrupsioner məmurlara qarşı mübarizənin lap əvvəlində elan olundu ki, kimsəyə güzəşt edilməməlidir. Məhkəmələrdə isə tam bir əks proses gedir. Bu biz hüquqşünasları, ölkə ictimaiyyətini də narahat edir. Biz görürük ki, xəstəsinə dərman almaq üçün 2-3 min manatlıq oğurluq etmiş şəxsə də 8-10 il, böyük bir rayonu çapıb talayan, 10 milyonlarla maddi ziyan vuran, əhalinin sosial-iqtisadi vəziyyətini daha da çətinləşdirən bir icra başçısına da 8-10 il cəza verilir, sonra cəzası 6 il olur. 2-3 min oğurluq edəndən fərqli olaraq icra başçısı həbsdə uzağı 3 il qalır. Son olaraq Kürdəmirin icra başçısı ilə bağlı qəbul olunan qərara baxaq. Vurduğu zərərdən 300 min manatını ödəyib. Bu pulu ortaya atıb və özü ilə bərabər Kürdəmiri çapıb-talayan vəzifə sahiblərinin hər birinin cəza müddəti azaldılıb. Həmin 300 min manatı da gözdən pərdə asmaq üçün ödəyiblər. Bu adamlar Kürdəmirdə rəhbər vəzifələrdə olarkən milyonlarla manat büdcə pulunu yedikləri görünür. Bəs qalan pullar hanı? Kürdəmirin icra başçısı 600 min manat pul yeyib və doyub? Buna kim inanar?”

Əsabəli Mustafayev: “Ermənistana və Paşinyana qarşı beynəlxalq sanksiyalar  tətbiq edilə bilər”

Əsabəli Mustafayev

Əsabəli Mustafayev deyir ki, korrupsiyaya görə həbsə alınan məmurların xəstəlik adı ilə azadlığa buraxılması praktikası da geniş yayılıb: “Çox təəssüflər olsun ki, burada da korrupsiya əlamətləri var. O həbslər böyük korrupsiyaların qarşısını almalı olduğu halda kimlər üçünsə şirnikləndirici bir prosesə çevrilib. Bu proses başlayanda korrupsioner məmurlar xof, qorxu içində idilər. Düşünürdülər ki, gec-tez qara maskalılar onların da kabinetində əllərinə qandal taxacaqlar. O zaman bir çox icra başçıları, məmurlar  korrupsiyadan yayınmağa çalışırdılar. İndi isə məhkəmələrin qəbul etdikləri hökm və qərarları görüb qollarını çırmalayıb büdcə pullarını əvvəlkindən daha rahat, daha iştahlı şəkildə basıb yeyirlər. Çünki ortada həbsə düşən korrupsioner icra başçılarının, məmurların taleyi var. Korrupsiyaya qurşanmaqla 10 milyonlarla manata sahiblənən icra başçısı həbsə düşür, 2-3 milyon xərcləyir və 2-3 ilə azadlığa çıxıb şad-xürrəm həyatını davam edir. Əvvəllər hər gün 10 min manat oğurlayan icra başçısı, belə məhkəmə praktikalarını görüncə 100 min manat oğurlanmağa həvəslənir”.

Vəkil deyir ki, icra başçıları, məmurlar haqda məhkəmələrdə oxşar yüngülləşdirici əsaslı hökm və qərarların çıxarılması bu prosesin eyni mərkəzdən idarə olunması nəticəsini hasil edir: “Məhkəmələrin harada keçirilməsindən asılı olmayaraq eyni ssenari üzrə getməsi, nəticələrin oxşar olması bu işlərin eyni mərkəzdən idarə olunmasını söyləməyə əsas verir. Sanki prokurorluq, ittiham idarəsi bu işlərdə yoxdur. Bu qənaətə icra başçılarının cinayət dosyelərinin eyni nəticə ilə bitməsi oxşarlığına görə gəlirəm. Bu işlər nəticə etibarı ilə hüquqi müstəvidən çıxır. İlkin olaraq prokurorluq 12-15 il cəza tələb edir. Məhkəmə 10-11 il cəza təyin edir. İş apelyasiya instansiyasına, yuxarı instansiyaya gedir və baxırsan ki, icra başçısının azad edilməsi məsələsi müzakirə olunur.

Bütün bunlar Azərbaycan cəmiyyətinin gözü qarşısında baş verir və yaranmış durum insanlarda yenə də ümidsizlik formalaşdırır”. Musavat.com

Həmçinin oxuyun

Şəmkirdə məmurun həbsinin – Təfərrüatı

Prokurorluq orqanları tərəfindən sudan istifadəyə dair qanunvericiliyin tələblərinə əməl edilməsi daim diqqətdə saxlanılmaqla, bu sahədə …