Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Koçak Gold işi” yenidən məhkəmədə

“Koçak Gold işi” yenidən məhkəmədə

Türkiyənin məşhur “Koçak Gold” şirkətinin Azərbaycandakı fəaliyyəti ilə bağlı 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə iddia verilib. Aprelin 9-da hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq iddianı “Bakı Hüquq Şirkəti” qaldırıb.

Şirkətin direktoru Natiq Ələsgərov deyir ki, şirkətlə xidməti müqavilələri olub, xidmət göstəriblər, lakin xidmət haqları ödənməyib. Ona görə də məhkəməyə üz tutublar: “Əlimizdə xidmət göstərməyimizi sübut edən səs yazıları var. Həmin səs yazılarını redaksiyanıza, məhkəməyə, hüquq mühafizə orqanlarına da təqdim etmişik”.

N.Ələsgərovun sözlərinə görə, “Koçak Gold” dünyaca məşhur şirkətdir, amma öhdəliklərini yerinə yetirmir: “2011-ci ildə Milli Təhlükəsizlik Nazirliyi (2016-cı ildə ləğv edilib-red.) “Koçak Gold”un Azərbaycandakı nümayəndələrindən biri olmuş Hamit Pehlevanı həbs edib. Ona qaçaqmalçılıq ittihamı verilib. Bundan sonra şirkətin Azərbaycanda problemləri yaranıb: “2012-ci ildə şirkətin sahiblərindən olan Cavit Koçak Bakıya gəlib “Bakı Hüquq Şirkəti” ilə xidmət müqaviləsi bağladı. Bu müqaviləyə görə direktoru olduğum şirkət Azərbaycanda “Koçak Gold”a borcu olan şəxslərdən pulu yığıb onlara təhvil verməli idi. İşə başladıq. Cavit Koçak borcluların siyahısını verdi, məni onlardan biri olan Abbas Səfərli ilə tanış etdi. Dedi ki, Abbas Səfərlinin şirkətə borcu var, borcu rəsmiləşdirmək lazımdır. Belə də etdik. Abbas Səfərli borcun etirafı haqda müqaviləyə imza atdı. 2012-ci ilin 6 sentyabrında bağlanan müqaviləyə görə, Abbas Səfərlinin “Koçak Gold”a 851 dollar borcu vardı. Həmin məbləği də hissə-hissə ödətdirmişdik. Amma “Koçak Gold” bizim xidmət haqqımızı ödəmədi”.

Natiq Ələsgərov deyir ki, Abbas İsmayıl oğlu Səfərlinin “Koçak Gold”a 851 min ABŞ dolları borcunu təsdiq edən hər hansı bir rəsmi faktura və ya Türk Cümhuriyyətinin vergi orqanı tərəfindən təsdiq edilən rəsmi sənəd yoxdur. Biz “Koçak Gold”dan  ödənilməli olan xidmət haqqını tələb edirik. Buna qədər də məhkəmələrə qaçaqmalçılıq haqda sübutlar da təqdim etmişik. Bu günə qədər də həmin cinayətlərin üstü açılmamış qalıb. Baş verənlərlə bağlı Azərbaycanın Baş Prokurorluğuna, Türkiyənin Azərbaycandakı səfirliyinə, Türkiyə Prokurorluğuna da müvafiq müraciətlər hazırlamışam”.

Yada salaq ki, Türkiyənin məşhur “Koçak Gold” şirkətinə qarşı 2011-ci ilin noyabrında MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri əməliyyat keçirib. Şirkətin nümayəndəsi Hamit Pehlivan Ahmeti Bakıda, “20 Yanvar” metro stansiyası yaxınlığında saxlayıblar. Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Sonradan 1 kiloqramı dövlət nəfinə müsadirə edilən qızılın 39 kiloqramının izi MTN-in binasında itib. Bu cinayət işi üzrə zərərçəkənlərin sayı 20-yə qədərdir. Maraqlıdır ki, 2015-ci ildə MTN-dəki “təmizləmə” əməliyyatından sonra da bu cinayət araşdırılmamış qalıb. İş üzrə 2 zərərçəkən Siyavuş Fehruz oğlu və Fizuli Bəxtiyar oğlu Məhərrəmov “Yeni Müsavat”a danışıblar. Onlar “Koçak Gold”un Azərbaycandakı nümayəndəsi Hamit Pehlevanın həbsindən sonra baş verənləri anladıblar. Deyiblər ki, “Koçak Gold” onlara çatmalı olan, lakin çatmayan qızılların pullarını almaqla müflis duruma düşmələrinə səbəb olub.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …