Ana səhifə / Kriminal / KLİNİKİ TİBBİ MƏRKƏZDƏ NƏ BAŞ VERİR? – Həkim-cərrahın Prezidentə Açıq məktubu

KLİNİKİ TİBBİ MƏRKƏZDƏ NƏ BAŞ VERİR? – Həkim-cərrahın Prezidentə Açıq məktubu

Ölkədə əhalinin ən cox narazılıq etdiyi sahələrdən birinin də səhiyyə sistemi olduğu heç kimə sirr deyil.Həm özəl, həm də dövlət xəstəxanalarında müayinə və müalicənin çox baha, keyfiyyətinin isə əksinə, çox aşağı olması insanlarda haqlı narazılıqlar yaradır.

Bir ölkədəki həkim səhv edərək xəstənin sağlam ayağını kəsirsə, səhv müalicə yazıb ölümünə səbəb olursa, saxta diaqnozlarla xəstənin ailəsini müflis olana qədər soyursa və bunlar artıq adı hala çevrilibsə, səhiyyənin hansı durumda olduğunu xüsusi izah etməyə ehtiyac yoxdur.

Təbii ki, belə bir vəziyyətin yaranmasında hökumətin və Səhiyyə Nazirliyinin də “xidmətləri” böyükdür. Dövlət xəstəxanalarında çalışan həkimlərə hələ də yaşayış minimumundan az əmək haqqı verən hökumət, açıq şəkildə onları xəstələri soymağa sövq edir. Özəl xəstəxanalar isə ayrı-ayrı oliqarxların nəzarətində olduğundan və onlar milləti soymağa vərdiş etdiklərindən, belə təşviqə ehtiyac duymurlar.

Səhiyyə Nairliyinin “yoxlamaları” isə formal xaraktet daşıyaraq, haqq yığımına çevrilib. Gələnlər “paylarını” alaraq, gedirlər. Baş verən naqislikləri nəinki görməzlikdən gəlirlər, hətta bəzən xəstəxanalarda, özəl klinikalarda baş verən qanunsuzluqları, açıq cinayətləri ört-basdır etməyə çalışırlar.

Həkim, tibb bacısı olmaq və daha yaxşı xəstəxanada işə başlamaq üçün Səhiyyə Nazirliyinin kriteriyaları isə hamıya məlumdur. Bunun nəticəsidr ki, savadlı həkimlərin, Tibb Universitetini yüksək qiymətlərlə bitirən məzunların bir çoxu ölkəni tərk edərək, xaricdə işləməyə üstünlük verir. Bu və digər faktlar səhiyyəmizdə acınacaqlı durumun yaranmasına səbəb olub.

Belə vəziyyət isə təbii ki, cəmiyyəti, o cümlədən vicdanlı həkimlərimizi də narahat edir. Onlar problemləri qabartmaqla yanaşı, vəziyyətin təcili olaraq düzəldilməsi üçün müxtəlif təşəbbüslərlə də çıxış edirlər.

1sBakı 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) I cərrahiyyə şöbəsinin həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru, Avropa Endoskopik Cərrahlar Cəmiyyətinin üzvü Qafar İskəndərov da məhz belələrindədir. O, Prezident İlham Əliyevə ünvanladığı Açıq məktubda uzun illərdir çalışdığı Kliniki Tibbi Mərkəzdəki problemləri qabartmaqla yanaşı, vəziyyəti düzəltmək üçün təkliflərlə də çıxış edib.
Onun surətini “AzPolitika.info”ya göndərdiyi Açıq məktubunda deyilir:

“Möhtərəm cənab Prezident!
Məlumat üçün Sizə bildirirəm ki, 1993-cü ilin fevralından indiyə qədər Bakı şəhəri Kliniki Tibbi Mərkəzdə həkim-cərrah kimi fəaliyyət göstərirəm, heç bir partiyanın üzvü deyiləm.Azərbaycanın səhiyyə sistemində qüsur və naqisliklər vətəndaşın dövlətə olan inamını sarsıdacaq həddə çatdığından bu məktubu Sizə ünvanlamaq məcburiyyətində qaldım.

Hal-hazırda, Azərbaycanın dövlət xəstəxanalarında həkim işləmək çox çətindir, ona görə ki, qeyri-leqal ödənişlər həkimlə vətəndaşı üz-üzə qoyur, daim mübahisə predmeti yaranır. Məni Bakı Baş Səhiyyə İdarəsinə dəvət etmiş rəsmilər özləri dövlət müəssisələrində xərclərin özəl sektoru üstələdiyini etiraf edirlər. Bununla yanaşı icbari tibb sığortanın olmaması və tibb işçilərinin məvacibinin aşağı olması tibb xidmətinin keyfiyyətinin özəyində dayanan problemlərdəndir.

Kliniki Tibbi Mərkəzdə və eləcədə əksər tibb müəssisələrində kadr catışmazlığı işin keyfiyyətinə mənfi təsir göstərir. Təkcə reanimasiya və intensiv terapiya şöbəsində 15 vahid tibb bacısı, 6 vahid həkim ştatı yeri boş saxlanılır. Ştatların boş qalması əslində müəyyən təmənnalı məqsədlər güdür, belə ki, işçilər normadan artıq işlədilir və növbənin pulları onlara ödənilmir. Səviyyə Nazirliyinin apardığı mütamadi “reydlər” isə formal xarakter daşıyır.

Klinikada subardinasiya qaydaları kobud şəkildə pozulur, işçilərə səlahiyyət Baş həkimə yaxınlıq dərəcəsinə görə verilir. Vəziyyət o qədər absurda çatmışdır ki, saat 14.30-dan sonra Baş həkimin şəxsən təyin etdiyi “sadiq” qapıçılar həkimlərə məhəl qoymadan, hətta bəzən həkimlərə kobudluq etməklə xəstə qəbuluna göstəriş verirlər. Klinikada kafedra müdirlərindən biri müalicə işinə birbaşa cavabdeh olmasına baxmayaraq, 4 dəfə müxtəlif baş həkimlər tərəfindən müalicə işindən azad edilib (xəstəxanadan deportasiya olunub).

Xəstəxanada 2009-cu ildən bu günə kimi cari təmir işlərinin aparılması və təmirə lazım olan avadanlıqların (boya, metlax, lampa, su kranı, sanitar texnika və dəftərxana ləvazimatları) alınması həkimlərin şəxsi hesabına həyata keçirilir. Sual olunur: görəsən dövlət bu 7 il ərzində təmir üçün heç bir vəsait ayirmayıbmı, ayırıbsa bu pullar hara xərclənib?

Kliniki Tibbi Mərkəzdə Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulur: həkimlərə 24 saatdan uzun olan ödənişsiz növbələr təyin olunur.

Möhtərəm cənab Prezident!
Bir dövlət xəstəxanasının nümunəsində baş verən nöqsan və naqislikləri qısa şəkildə Sizə təqdim etdik. Əslində bunların miqyası daha böyükdür.

Səhiyyənin təşkili, tibbi xidmətin yaxşılaşdırılması, dövlət, özəl, munisipal və sığorta səhiyyə xidmətlərinin formalaşdırılması, onların arasında münasibətlər sisteminin tənzimlənməsi, səhiyyənin maliyyələşdirilməsi sisteminin yenidən qurulması, bu gün milli səhiyyəmizin qarşısında duran təxirəsalınmaz tədbirlər sırasındandır.

Bununla bağlı mən səhiyyə islahatları konsepsiyasını işləyib hazırlamağa və lazım gələrsə, onu müvafiq dövlət strukturlarına təqdim etməyə hazıram”.

Məktubda göstərilənlərlə bağlı Bakı şəhəri Kliniki Tibbi Mərkəzin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın