Çərşənbə axşamı , Oktyabr 15 2019
Ana səhifə / Kriminal / Klinika rəhbərinin arvadı: “Dedilər, qadınsan, sənə heç nə etməyəcəyik”

Klinika rəhbərinin arvadı: “Dedilər, qadınsan, sənə heç nə etməyəcəyik”

 

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham olunan mütəşəkkil dəstənin üzvləri – Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi  keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin həyat yoldaşı İlhamə Yusifova ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib. Hadisə zamanı xəsarət aldığını deyən İ.Yusifova qaranlıq olduğundan ona xəsarət yetirənin kim olduğunu dəqiq bilmədiyini söyləyib. Zərərçəkmiş ifadəsində göstərib ki, təqdirləndirilən şəxslərdən biri ona qadın olduğuna görə heç nə etməyəcəklərini deyib.

Məhkəmə prosesi mayın 21-də davam etdiriləcək

Qeyd edək ki, dəstə üzvü Firdovsi Əliyev “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. O, 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun külli miqdarda pulunun, bahalı maşınlarının olduğunu deyib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikanı böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

A.Əmirov bu işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi də cəlb edib. Onlar K.Abdullayevi izləməyə başlayıblar.

Mütəşəkkil dəstənin üzvləri hadisədən bir neçə gün əvvəl Biləcəri qəsəbəsində görüşərək basqın planı barədə müzakirələr aparıblar. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Anten məlumatlarından yerləri bəlli olmasın deyə özlərinə məxsus mobil telefonları Bakı Beynəlxalq Avtovağzalında Elməddin Musayevə vermək qərarına gəliblər. E.Musayev banda üzvlərini orada gözləyib.

Beləliklə, 2017-ci il iyulun 30-da A.Əmirov, N.Musayev və B.Hacızadə Rəsulzadə qəsəbəsində yaşayan professorun evinə gediblər. Anar hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan alman “ovçarka”sını bibər qazı ilə uyudublar. Üzlərinə maska keçiriblər, ikinci mərtəbəyə qalxıblar, pəncərədən otağa giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları odlu silahla hədələyiblər.

Dəstə üzvləri ev sahibindən 2 milyon pulun harada gzilədildiyini soruşublar. Lakin professor onlara o qədər pulu olmadığını deyib.

“Çağırılmamış qonaqlar” evin altını üstünə çeviriblər. Mənzildən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçaq götürüblər. Ümumilikdə banda üzvləri professorun evindən 35 min manatlıq əmlak aparıblar.

Həmçinin oxuyun

Cavidin qatili Rüstəm Abdullayevin qardaşı oğludur

Almaniyada magistr təhsili alan azərbaycanlı tələbə vəhşicəsinə qətlə yetirilib. ” Azinforum.az ” Criminal.az-a istinadən xəbər …