Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Kimlərin maaşı artırıla bilər?

Kimlərin maaşı artırıla bilər?

Son vaxtlar ölkədə baş verən iqtisadi proseslər əhalinin aztəminatlı təbəqəsinin sosial təminatı məsələsini daha da aktuallaşdırıb.

Azinforum.az-ın ans press-ə istinadən məlumatına görə, baş verən inflyasiya fonunda gəlirlərlə bazar qiymətlərinin uyğunsuzluğu əmək haqları və pensiyaların artırılmasını labüd edir.
Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunmuşdu.
“Bu il pensiya və əmək haqqının qaldırılması nəzərdə tutulmalıdır. Hökumət təkliflər hazırlasın. Əlbəttə, indiki şəraitdə bunu etmək o qədər də asan məsələ deyil. Ancaq mən dəfələrlə demişəm ki, biz çox güclü sosial siyasət aparırıq. Sosial infrastrukturun yaradılması, ünvanlı dövlət sosial yardımının təmin edilməsi üçün çox ciddi addımlar atılmışdır. Böyük vəsait tələb edən addımlar atılmışdır. Ona görə, pensiyaların və əmək haqlarının qaldırılması məsələsinə hökumət baxmalıdır, təkliflər verməlidir. Əlbəttə ki, dövlət büdcəsinə də düzəlişlər ediləcək, dürüstləşmə aparılacaq. Orada həm sosial təminat məsələləri və investisiyayönümlü məsələlər öz həllini tapmalıdır”, – deyə prezident çıxışında bildirmişdi.
İqtisadçı mütəxəssis Oqtay Haqverdiyev 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranmış vəziyyəti şərh edərək bildirdi ki, indiki halda pensiyaların artırılması daha realdır. Onun fikrincə, pensiyalar inflyasiyaya uyğun olaraq, ən azı 3 faiz artırılacaq.
Amma iqtisadçı əmək haqları ilə bağlı bunu deməkdə çətinlik çəkdi:
“Hesab edirəm ki, əmək haqlarının artırılması məsələsində hökumət olduqcə qəliz vəziyyətlə qarşılaşacaq. Bunun üçün dövlət büdcəsinə yenidən baxılmalıdır. Amma büdcədəki vəziyyət də göz qabağındadır. Neftin qiyməti günü-gündən enməkdədir. Bu baxımdan əmək haqlarını artırmaq asan olmayacaq”.
Ekspertin sözlərinə görə, əmək haqqı artırılsa belə, bu, yalnız büdcədən maliyyələşən təşkilatlarda çalışan insanlara aid olacaq. Bu da təxminən 1 mln 300 min nəfərdir. Amma əhalinin çox hissəsi büdcədən maliyyələşməyən idarə və təşkilatlarda çalışır ki, onların məvacibləri sual altında qalır.
Millət vəkili Vahid Əhmədov da hazırda əhalinin əmək haqları ilə alıcılıq qabiliyyəti arasında disbalans yarandığı qənaətindədir. Millət vəkili ötənilki devalvasiyanın daha çox aztəminatlı ailələrə, təqaüd alan insanlara təsir etdiyini vurğuladı.
Odur ki, pensiya və əmək haqqının artırılmasını zəruri sayan Vahid Əhmədov deyir ki, bunun üçün düzgün mexanizm işlənilməlidir:
“Təbii ki, pensiya və əmək haqlarının artırılması üçün dövlət büdcəsinə baxmalıyıq. Büdcəyə adətən may-iyun aylarında baxırıq. Bu artımların hansı mənbələrdən edilməsinə diqqət yönəldilməlidir. Yəni, dövlət büdcəsi hesabına və ya ehtiyat fondundan, yaxud Neft fondundan olması məsələləri araşdırılmalıdır”.
Ölkə başçısının tapşırığından sonra müvafiq dövlət qurumları yəqin ki, bu sahədə müəyyən tədbirlərə əl atacaq. Amma bunun nə qədər zaman aparacağı və necə reallaşdırılacağı məsələləri hələlik qeyri-müəyyəndir.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …

Bir cavab yazın