Cümə , Aprel 12 2024
Ana səhifə / Kriminal / Keçmiş rektorun 15 il azadlıqdan məhrum edilməsi tələb olunur: prorektorun qətlinə sifarişə görə…

Keçmiş rektorun 15 il azadlıqdan məhrum edilməsi tələb olunur: prorektorun qətlinə sifarişə görə…

13 il əvvəl “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətlinə sifariş verməkdə ittiham olunan, həmin universitetin o vaxtkı rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun icraçı direktoru Müşfiq Atakişiyevə prokuror 15 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Cövdət Mehrəliyev çıxış edib.

Prokuror bildirib ki, Müşfiq Atakişiyev, eləcə də bu cinayətdə təqsirləndirilən daha iki nəfər – Dəyanət Quliyev və Samir Quliyevə qarşı ittiham məhkəmədə təsdiqini tapıb.

Dövlət ittihamçısı adları çəkilən digər iki təqsirləndirilən şəxsin də 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərdən Dəyanət Quliyev Müşfiq Atakişiyevin bacısı oğludur.

O, uzun illər polis mayoru kimi daxili işlər orqanlarında çalışıb.

Samir Quliyev isə İmişli şəhərində Dəyanət Quliyevgilin qonşusu olub, onlar yoldaşlıq ediblər.

Təqsirləndirilən şəxslərin üçü də Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə ittiham olunur.

2011-ci ildə baş vermiş qətlin üstü 12 il sonra – 2023-cü ildə Dəyanət Quliyevin Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib, cinayəti etiraf etməsilə açılıb.

O, məlumat verərkən cinayəti özünün törətdiyini deyib.

Elan edilən sənədlərdən o da məlum olub ki, Dəyanət Quliyev “102”dən əvvəl 21 dəfə dayısı Müşfiq Atakişiyevə zəng edib.

Məhkəmədəki dindirmələr və sənədlərin elanından məlum olub ki, bacısı oğlu Müşfiq Atakişiyevdən pul istəyirmiş.

Sabiq rektor özü də məhkəmədə ifadəsində bunu təsdiqləyib.

O bildirib ki, Dəyanət Quliyevə dəfələrlə pul verib, maddi-sosial durumunun yaxşılaşmasında ona kömək edib, lakin son vaxtlar o, qumara qurşandığına görə pul verməkdən imtina edib:

Dedim ki, mənim qumar üçün veriləsi pulum yoxdur”.

İttihama əsasən, Müşfiq Atakişiyev prorektorun onu nüfuzdan saldığını, yerinə rektor vəzifəsinə keçmək istədiyini düşünərək, bacısı oğlu Dəyanət Quliyevə onu avtomobillə vurmaq və ya başqa bir yolla aradan götürmək tapşırığı verib.

O isə dayısının uzun illər ona maddi və mənəvi dəstəyini nəzərə alaraq, onun istədiyini yerinə yetirmək qərarını verib. Lakin plandan kənara çıxaraq, dayısının tapşırdığı işi həmyerlisi və dostu Samir Quliyevə 40 min dollar müqabilində həvalə edib. Amma ona bu işin sifarişçisinin Müşfiq Atakişiyev olduğunu bildirməyib.

Dəyanət Quliyev dostu Samir Quliyevi prorektorun yaşadığı evin yaxınlığında idman etdiyi meydançaya apararaq, onu göstərib.

Samir Quliyev 10 gün ərzində onu izlədikdən sonra 2011-ci il sentyabrın 16-da səhər saat 5 radələrində dəmir boru parçasıyla onu başından vuraraq, qətlə yetirib.

Müşfiq Atakişiyev məhkəmədə bildirib ki, özünü qəsdən adam öldürmə ittihamıyla təqsirli bilmir.

Amma Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə özünü təqsirli sayır. Onun sözlərinə görə, mərhum prorektoru 1-2 aylıq işdən uzaqlaşdırmaq üçün ona xəsarət yetirilməsini istəyib, lakin onu öldürmək niyyəti qətiyyən olmayıb.

Digər təqsirləndirilən şəxslər də bu cinayəti pul müqabilində törətmədiklərini deyirlər.

Dəyanət Quliyev bildirib ki, dayısının onun üzərində zəhməti çox olmuşdu, bu səbəbdən cinayəti törətmək qərarına gəlib.

Samir Quliyev isə deyir ki, Dəyanətlə uzun illər dost idilər, onun xahişini yerinə yetirib.

Müşfiq Atakişiyev bu hərəkətinin səbəbi barədə danışarkən deyib ki, Tariyel Əhmədovu 1995-ci ildən tanıyırdı.

Son vaxtlar onun rektor vəzifəsinə iddialı olduğunu eşitmişdi. Bu səbəbdən bacısı oğlundan xahiş edib ki, Tariyel Əhmədova xəsarət yetirsin, prorektor xəstəxanaya düşsün:

“Tapşırdım ki, xəstəxanalıq eləsin, onun ölməyini istəmirdim. Çünki onunla aramızda konflikt vardı. Öləndə hamı məndən şübhələnəcəkdi”.

İqtisad elmləri namizədi olan 1966-cı il təvəllüdlü Müşfiq Atakişiyev Azərbaycan Neft və Kimya İnstitutunu (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib.

2005-ci ildə professor adını alan Atakişiyev 2008-2010-ci illərdə Ali Attestasiya Komissiyasının iqtisadiyyat üzrə ekspert komissiyasının sədri, eyni zamanda, 2000-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri olub.

2022-ci ildən isə İqtisadiyyat İnstitutunun icraçı direktoru idi.

“Təfəkkür” Universitetinin lisenziyası 2017-ci ildə ləğv edilib.

Həmçinin oxuyun

Məmurla həbs olunan iş adamı arasında nə baş verib? – “Restoranda 500 min verdim”

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon …