Cümə , Dekabr 4 2020
Ana səhifə / Kriminal / “Kazbek” mahnısını oxuyan müğənni həbs edildi

“Kazbek” mahnısını oxuyan müğənni həbs edildi

Gövhər Həsənzadə: “Onları müzakirə etmək reklam etmək deməkdir”

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə əsasən narkotik vasitələri təbliğ edən “Kazbek” mahnısının ətrafında müzakirələr davam etməkdədir. Xüsusən də gənc, hətta məktəb yaşında qızların mahnının sədaları altında rəqs edib, kiçik klip formasında paylaşımlar etməsi cəmiyyətdə xüsusi narahatlıqla qarşılanıb. Təəssüf ki, mahnı ilə bağlı çoxsaylı tənqidlər və sərt reaksiyalar olsa da, onu dinləyənlər də bir o qədər çoxluq təşkil edir.

Məsələyə rəsmilər də biganə qalmayıb. Mətbuata açıqlama verən deputat Fazil Mustafa mahnını ifa edən və onu yayanlar barəsində Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edəcəyini deyib. Onun sözlərinə görə, açıq-aşkar narkomaniyanı təbliğ edən bu mahnı kimlərinsə sifarişi ilə də ərsəyə gələ bilər.

Qeyd edək ki, mahnının müəllifi daha çox bu tip, bayağı, primitiv sevgi mahnıları ilə tanınan Vüqar Sədadır. “Xəzərxəbər”ə danışan V.Səda bildirib ki, “Kazbek” mahnısını illər öncə Rusiyada bir məclisdə ifa edib. Mahnının ətrafında gedən söz-söhbətdən sonra onun sosial şəbəkələrdə geniş yayılmasının qarşısını almaq üçün paylaşılan “Youtube” kanallarından sildirməyə başlayıb. V.Səda onu da qeyd edib ki, mahnının əsl mahiyyəti “fırlanım” sözü olub. Lakin sonra kontekstdən çıxarılaraq narkomaniyanın təbliğinə yönləndirilib. 

Gövhər Həsənzadə ile ilgili görsel sonucu

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan bəstəkar Gövhər Həsənzadə bu cür mahnıların boykot edilməsinə çağırış edib:“İstəməzdim ki, bu cür məsələlərlə bağlı peşəkar insanlar, sənətkarlar rəy bildirsin. Sözün düzü, mən o mahnı ilə  tanış deyiləm. Amma gedən müzakirələrdən belə anlayıram ki, çox səviyyəsiz, tərbiyəsiz mahnıdan söz gedir. İllərdir bu cür mahnıların geniş yayılmasına səbəb efirdə tərbiyəli mahnılara az yer verilməsidir. Biz bu cür mahnıları tənqid etdikcə, əksinə, daha da onları reklam  etmiş oluruq. Bu baxımdan düşünürəm ki, bu tip mahnıları boykot etmək, onların müzakirəsinə yer verməmək, haqqında danışmamaq lazımdır. Çox istədim ki, efirlərdə bir qurum olsun və onların təbliğinin qarşısı alınsın. Təəssüf ki,  belə bir qurum yoxdur. Bu günlərdə eşitdim ki, bayağı mahnılar ifa edən birisi məclislərin birində mənim mahnımı ifa edib. Bu barədə mənə bildirəndə çox qəzəbləndim və həmin müğənniyə bir daha mənim mahnımı ifa etməsini qadağan edəcəyimi bildirdim. Lakin Bakıya döndükdən sonra məsələyə son qoydum, çünki məsələ gündəmə gələcəkdi və həmin müğənni reklam olunacaqdı”.

Fazil Mustafa ile ilgili görsel sonucu

Deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, aprelin 1-də artıq rəsmi qurumlara yazılı surətdə müraciət ünvanlayıb: “Yəqin ki, cavab bir müddət sonra veriləcək. Qeyd edim ki, bu məsələyə xüsusi həssaslıq göstərilir. Çox güman ki, qısa müddətdə bunun həll ilə bağlı açıqlama veriləcək. Çünki məsələni hər hansı şəkildə ləngitmək olmaz. Bu, elə bir sürətlə yayılır ki, gələcəkdə tendensiya yarada, narkotik vasitələrə qarşı bir stimul ola bilər. Bunun üçün də məsələnin qarşısı alınmalıdır”.

“Mahnının müəllifi cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Əlövsət Allahverdiyev ile ilgili görsel sonucu

Bu barədə hüquqşünas Əlövsət Allahverdiyev əməkdaşımıza açıqlamasında bildirib. Hüquqşünas qeyd edib ki, qanunvericilikdə bununla bağlı konkret cinayət məsuliyyəti var: “Söhbət ondan gedir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bildirilir ki, narkotik maddələrin istifadəsi, təbliği, eyni zamanda onun satışı ilə bağlı konkret olaraq cinayət məsuliyyəti var. Yəni bu əməllə məşğul olanlar cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin adını qeyd etdiyiniz mahnıda söhbət narkotik maddələrin təbliğindən gedir. Bu cür mahnının dövriyyəyə buraxılması əlbəttə ki,  gənc və yeniyetmələrimizin psixologiyasına təsir edir, şərait yaradır. Bir tərəfdən məktəblərdə, təhsil müəssisələrində narkotik vasitələrin zərəri barədə maarifləndirici tədbirlər təşkil edilir, digər tərəfdən bu cür mahnılarla onlar təbliğ olunur. Bu artıq birbaşa cəmiyyətin psixologiyasına təsir edir. Mən həmin videonu çox böyük təəssüflə izlədim, bu çox zərərlidir. Videoçəkənlərə xəbərdarlıq edilməsinin tərəfdarıyam. Amma mahnının müəllifi cinayət məsuliyyətinə cəlb oluna bilər. Bunun qarşısı alınmasa, tendensiya halını ala, artıq normal qarşılana bilər”.

Vüqar Abdullayev həbs ile ilgili görsel sonucu

“Kazbek” mahnısı ifa edən “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev  həbs olunub.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

DİN rəhbərliyinin tapşırığına əsasən bununla əlaqədar müvafiq tədbirlər həyata keçirilib. Nəticədə dediyi meyxana ilə narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini “Vüqar Səda” ləqəbli Vüqar Abdullayev olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılmış şəxsi axtarış zamanı “Belamurkanal” papirosuna doldurulmuş və istifadə edilməsi üçün hazırlanmış marixuana aşkar edilib. Müəyyən olunmuşdur ki, V.Abdullayev narkotik istifadəçisidir. İlkin dindirmə zamanı o, həmin videonun bir neçə il əvvəl çəkildiyini, bu hərəkətlərinə görə peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.

Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndəriləcək.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …