Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Jurnalist Camal Qaşıqçının qanını batıran səbəblər

Jurnalist Camal Qaşıqçının qanını batıran səbəblər

Demokratiya paytaxtları jurnalistin başına gətirilən dəhşətə görə Ərəbistanın üzərinə getmir; Qərb ərəblərdən niyə çəkinir?

Avropa Birliyi və G-7 ölkələri jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı ortaq bəyanat yayıblar. “Əl-Cəzirə”nin xəbərinə görə, bəyanatda jurnalistin yoxa çıxmasından narahatlıq ifadə olunub, eləcə də hadisədə əli olanlar barəsində cinayət işi açılması tələb olunub.

Oktyabrın 2-də yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçının isə öldüyü artıq dəqiqləşib. Ən son olaraq Türkiyə və ABŞ mediasında Qaşıqçının qətlə yetirildiyini təsdiqləyən səs yazısı yayılıb. “Yeni Şafak” qəzetini yaydığı səs yazısında Qaşıqçının işgəncə ilə öldürüldüyü qeyd olunur. Qəzetin yazısında qeyd olunur ki, Camal Qaşıqçı konsulluqda dindirilib və bu zaman əvvəlcə barmaqları qoparılıb, ardınca isə başı kəsilib. O da bildirilir ki, konsul Məhəmməd Uteybi Ərəbistandan gələnlərin Qaşıqçını konsulluq binasında öldürməsinə etiraz edib. Ancaq gələnlər “Ərəbistana qayıtdıqdan sonra yaşamaq istəyirsənsə sus” deyirlər. Daha sonra isə konsul otaqdan çıxarılıb.

Amerika mediası isə Ərəbistandan gələn məhkəmə tibb ekspertinin Qaşıqçının cəsədini doğradığını və bu zaman qulaqlıqda musiqi dinlədiyi və otaqdakılara da belə etmələrini dediyini yazır.

Bu məlumatlar onu göstərir ki, artıq Qaşıqçının öldürüldüyü ABŞ və Türkiyə istintaqına məlumdur. Ancaq belə görünür ki, indi ər-Riyad bu qətlin hansı formada və şəraitdə baş verməsi ilə bağlı uyğun açıqlama verməyə hazırlaşır. Amerikanın CNN kanalı bir neçə gün əvvəl krallığın Qaşıqçının konsulluqda dindirilmə zamanı öldüyünə dair açıqlama verməyə hazırlaşdığı haqda xəbər yayıb.

Ancaq hər şeydən daha çox diqqət çəkən qətl hadisəsi ilə bağlı məlumatlı olan ABŞ və Türkiyə hakimiyyətinin bu məlumatı nədən açıqlamamasıdır. Xüsusən də ABŞ hakimiyyətinin bu məsələdə susqunluq nümayiş etdirməsi, əksinə, ər-Riyada məhz qətl işi ilə bağlı səfər edən dövlət katibi Mayk Pompeonun orada krala və şahzadəyə istintaqa dəstək verdikləri üçün təşəkkür etməsi birmənalı qarşılanmayıb.

Khashoggi ile ilgili görsel sonucu

Artıq dünyada belə fikirlər yayılır ki, ABŞ hakimiyyəti qətl işinin ört-basdır edilməsi üçün ər-Riyadla hansısa formada anlaşmaya gedir. Çinin “Global Tayms” qəzeti Qərb ölkələrini bu məsələdə ikiüzlü davranmaqda ittiham edib. Qəzet vurğulayıb ki, casus qalmaqalına görə Rusiya ilə diplomatik əlaqələri məhdudlaşdıran Britaniya nədənsə jurnalistin işində susqundur.

Bu arada Qərb mediası Qaşıqçını qətlə yetirən heyətin vəliəhd-şahzadə Məhəmməd bin Salmana yaxın adamlar olması haqda xəbər yayıb. Üzə çıxan fotolarda İstanbul konsulluğuna gələn 15 nəfərlik heyətdə olanlardan bir neçəsinin vəliəhdi xarici səfərlərdə müşayiət etdiyi görünür. Üstəlik, 15 nəfərlik heyəti İstanbula gətirən və geri qaytaran təyyarənin məxsus olduğu şirkətin keçən il Səudiyyə hökuməti tərəfindən müsadirə olunduğu iddia olunur.

ABŞ rəhbərliyinin bu hadisələrdə xeyli təmkinli görünməsi, xüsusən də ilk günlərdə daha qəzəbli və qəti açıqlamaların qətl barədə daha detallı məlumatlar yayıldıqdan sonra təmkinli açıqlamalara çevrilməsi şübhələrə səbəb olur. Məsələ ondadır ki, ilk günlərdə prezident Tramp bildirib ki, Qaşıqçı cinayətində əli olanlar “ağır şəkildə” cəzalandırılacaq. Ancaq sonrakı günlərdə bildirib ki, senatorların tələblərinə baxmayaraq Səudiyyə Ərəbistanı ilə bağlanmış silah müqavilələri qüvvəsində qalacaq. Çünki ABŞ imtina edəcəyi təqdirdə Ərəbistan Çin və Rusiya ilə əməkdaşlıq edə bilər.

Khashoggi ile ilgili görsel sonucu

Belə bir iddianı isə açıq şəkildə Ərəbistan hakimiyyətinə yaxın “Al-Arabiyya” telekanalının rəhbəri Türki əd-Dəxil məqalə yazaraq Ərəbistanın Vaşinqtonu təhdid etdiyi maddələri bir-bir qeyd edib. O, ər-Riyadın Amerikadan investisiyalarını geri çəkə biləcəyi, silah və texnikanı Çin və Rusiyadan almağa başlayacağı, eləcə də İran, Hizbullah, Həmasla əlaqələr qura biləcəyi, ölkənin şimalında Rusiyaya hərbi baza verə biləcəyini və daha bir sıra rıçaqları qeyd edib.

Aydın məsələdir ki, saraya yaxın olan Türki əd-Dəxilin özbaşına belə bir iddianı ortaya atması real deyil. Ən azından cəzalandırıla bilər. Aydın məsələdir ki, bu təhdidlər Səudiyyə sarayının demək istədiyidir. Ərəbistan üzərinə çox gələ biləcəkləri təqdirdə Amerikanın alternativləri ilə də əməkdaşlıq edə biləcəyinə işarə edir. Buna oxşar mesajı Qaşıqçı məsələsindən bir neçə gün əvvəl də şahzadə Məhəmməd bin Salman üstüörtülü şəkildə Vaşinqtona göndərib.

Yeri gəlmişkən, 2016-cı ildə ABŞ-da 11 sentyabr hadisələrinə görə Ərəbistana qarşı məhkəmə iddialarının önünü açan qanun layihəsi qəbul olunanda ər-Riyad eyni sərt reaksiyanı vermiş, ABŞ-dakı 700 milyard dollardan çox ərəb sərmayəsini geri çəkəcəyi ilə hədələmişdi. Maraqlıdır ki, ondan sonra sözügedən qanun layihəsi bir kənara qoyuldu.

İndi isə ər-Riyad öz mesajını media üzərindən Vaşinqtona çatdırdı. Belə görünür ki, bunun təsiri olub. Yeri gəlmişkən, dövlət katibi Pompeo ər-Riyadda olarkən Ərəbistan kralı Suriyadakı Amerikanın dəstəklədiyi kürd qüvvələrinə 100 milyon dollar bağışlayıb. Bu da bir mənada şantajın təsir etdiyini göstərir.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …