Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Jurnalist atasını vurub öldürən AZAL əməkdaşından 166 min manat istəyir

Jurnalist atasını vurub öldürən AZAL əməkdaşından 166 min manat istəyir

Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Seymur Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keşirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Samir Məmmədov sədrlik edib. Prosesdə hadisədən 1 il 4 ay sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə vəsatətlə çıxış edib. O, hadisədən sonrakı müddət ərzində S.Qarayevin azadlıqda olduğunu deyib: “Cinayət işinin materiallarından da göründüyü kimi, onun törətdiyi hadisə insan ölümü ilə nəticələnib. Bundan başqa, hadisə zamanı bir nəfər də ağır xəsarət alıb”. İ.Əlizadə təqsirləndirilən S.Qarayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini onun məhkəmə zalında həbs olunmasını istəyib.

Hakim bildirib ki, vəsatət növbəti iclasda yazılı şəkildə təqdim edilməlidir. Məhkəmədə zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin istintaq dövründə təqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb.

Məlum olub ki, mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” Hospitalda 59050 (mərhumun ailəsinin bu xəstəxayana əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub.

Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir. İttihama görə, S.Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi “GAC minik” markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən yolun Z.Bünyadov prospekti, 70A ünvanın qarşısına düşən hissəsində piyadalar Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli vurub.

S.Qarayev özünü təqsirli bilsə də, mülki iddianı qəbul etmədiyini deyib.

Zərəçəkmiş Ə.Talıbov təqsirləndirilən şəxsdən şikayətçi olduğunu söyləyib: “Hadisədən sonra Seymur Qarayev mənə heç bir köməklik göstərmədi. Qəzadan sonra aldığım xəsarətlərə görə işləmirəm. Hazırda sosial vəziyyətim çox acınacaqlıdır. O, mənə yalnız xəstəxanada olan zaman bir az yardım göstərdi. Hətta Seymur Qarayev xəstəxanada mənim MRT müayinə cavablarını özü ilə aparıb və bu günə qədər də qaytarmayıb. O, mənə dedi ki, “get rayona, sənə orada yardım göstərəcəyəm. Lakin dediyinə əməl etmədi. Hətta ona zəng edəndə dəfələrlə mənə deyib ki, gəlib sənə baş çəkəcəyəm. Amma bir dəfə də gəlmədi və dediklərinin hamısı yalan çıxdı”.

Zərərçəkmiş Ə.Talıbov bildirib ki, təqsirləndirilən S.Qarayev istintaqda və məhkəmədə yalan ifadələr verib: “O, bizi gördüyü halda maşının əyləcini basmadı, maşını nə sağa, nə də sol tərəf istiqamətinə çəkdi. Yalnız bizi vurduqdan sonra maşını saxladı. İndi yalandan deyir ki, güya biz qəfildən avtomobilin qarşısına çıxmışıq. Bunlar hamısı yalandır”.

Zərərçəkmişin hüquqi varisi İ.Əlizadəyə ifadə verməsi üçün söz verib. Lakin o, ifadə verməyə hazır olmadığını, növbəti iclasda danışmaq istədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təytin edilib.

Qeyd edək ki, S.Qarayev Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, 2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Ə.Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …