Ana səhifə / Kriminal / JTI: Azərbaycan Xalçası Ensiklopediyası nəşr ediləcək

JTI: Azərbaycan Xalçası Ensiklopediyası nəşr ediləcək

Korporativ Sosial Məsuliyyətin (KSM) əhəmiyyəti qlobal miqyasda artmaqdadır. Düşüncə və yanaşmaların dəyişməsi şirkətləri korporativ vətəndaşa çevrilmək və beləliklə, insanlara ən yaxşı şəkildə xidmət etmək imtiyazı qazanmağa sövq edir. Bu qlobal meyllər əvvəlki illərlə müqayisədə indi daha çox ölkəyə sirayət edib. Zəngin xeyriyyəçilik tarixi olan Azərbaycan da bu baxımdan istisna deyil. Transmilli və yerli şirkətlər ölkədə insanların həyatlarını yaxşılığa doğru dəyişmək məqsədilə müxtəlif KSM layihələri həyata keçirirlər.

“Japan Tobacco International” şirkəti 2007-ci ildən fəaliyyət göstərir. Bu beynəlxalq tütün şirkətinin mədəniyyət ocaqlarına dəstəkdən tutmuş yerli icmalara sərmayələrə qədər geniş KSM portfeli var. Biz bu layihələr barədə şirkətin Azərbaycandakı nümayəndəliyinin Korporativ məsələlər və kommunikasiyalar üzrə meneceri Əli Verdiyevlə söhbətləşdik.

– İnsanlara ən faydalı şəkildə yardım etmək şirkətlər üçün bir imtiyazdır. JTI şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi 8 il ərzində bu vəzifənin öhdəsindən gələrək, korporativ vətəndaşa çevrilə bilibmi?

– Şirkət olaraq biz inanırıq ki, biznes yalnız ədalətli cəmiyyətlərdə çiçəklənə bilər. Məhz buna görə də biz könüllü olaraq öz əsas biznes fəaliyyətimizdən kənara çıxan layihələr həyata keçirərək, yerli icmaları dəstəkləyib onlarla gözəl münasibətlər qururuq. Biz işlədiyimiz ölkələrdə insanların həyat keyfiyyətini artıran effektiv proqramlara vəsait ayırırıq.

– Azərbaycanda hansı layihələri dəstəkləyirsiniz?

– Biz qayda olaraq biz diqqətimizi iki istiqamətə yönəldirik – insanlar və incəsənət. Azərbaycanda biz azsaylı tərəfdaşlarla daha effektiv əməkdaşlıq qurmaq yolunu seçmişik. İnsanlar istiqaməti ilə əlaqədar biz Milli QHT Forumu və digər QHT-lərlə işləyirik. Məqsəd ehtiyacı olan icmalara təmiz içməli su təmin etməkdir. Mən qeyd etməliyəm ki, bu sərmayə həqiqətən də özünü doğruldub. Biz 2013-cü ildən indiyədək dörd su təchizatı layihəsi həyata keçirmişik və ümumilikdə 15 minə yaxın insan içməli su ilə təmin edilib. Bizim Kürdəmir rayonunun Qarasaqqal kəndində həyata keçirdiyimiz su təminatı layihəsi iki mükafata layiq görülüb – Amerika Ticarət Palatasının “Ən yaxşı KSM layihəsi” üzrə Gümüş Mükafat və JTI-ın 2014-cü il üzrə xüsusi “KSM Mükafatı”. İkinci mükafat üzrə bizim layihəmiz şirkətimizdə çalışan insanların əksəriyyətinin səsini qazanaraq 2014-cü ilin ən yaxşı layihəsi seçilmişdi.

– Layihə barədə ətraflı məlumat verə bilərsinizmi?

– Layihənin məqsədi Qarasaqqal kəndində yaşayan 1800 insanı təmiz içməli su ilə təmin etmək idi. Biz bununla bağlı Milli QHT Forumundan təklif aldıqdan sonra real vəziyyətlə tanış olmaq üçün kəndə səfər etdik və gördüklərimizdən heyrətə gəldik: kəndin içindən suyu çirkli üç kanal axırdı və insanlar həmin kanalların suyundan içmək üçün istifadə edirdilər. İçməli su mənbəyi yox idi. Kənd sakinləri infeksion xəstəliklərdən əziyyət çəkir və ya digər yaşayış məntəqələrinə köçməli olurdular. Biz buna cəld reaksiya verərək, Forum və Kürdəmir rayon İcra Hakimiyyəti ilə əməkdaşlığa başladıq və qısa müddətdə kanal suyunu təmizləyərək içməli suya çevirən su təmizləyici qurğunu yerli sakinlərin ixtiyarına verdik. Layihə üzrə iş 2013-cü ilin dekabrında başladı və su təmizləyici qurğu 2014-cü ilin aprel ayında istismara verildi. Biz su qurğusunun vəziyyətini yoxlamaq üçün 2015-ci ilin mayında yenidən kəndə səfər etdik. Bizə dedilər ki, su qurğusu istifadəyə verildikdən sonra infeksion xəstəliklərin sayı azalıb, yerli sakinlərin digər yaşayış məntəqələrinə köçü demək olar ki, dayanıb.

– Digər layihələriniz hansılardır?

– İnsanlarla bağlı sahədə bizim ikinci tərəfdaşımız “Damla” aztəminatlı ailələrə yardım ictimai birliyidir. JTI-ın dəstəyi ilə “Damla” imkansız, tənha və yaşlı insanlara, habelə əlilliyi olan şəxslərə aylıq ərzaq yardımları göstərir. Layihə çərçivəsində çox əlverişsiz şəraitdə yaşayan təxminən 250 insan ərzaq yardımı ilə təmin ediləcək.

İncəsənət istiqaməti üzrə biz Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi və “Yarat!” Müasir İncəsənət Məkanı ilə əməkdaşlıq edirik. Biz Azərbaycan muğam ifaçılarının müxtəlif ölkələrdə konsertlərini dəstəkləməklə muğamımızın xaricdə təbliğ olunmasına kömək edirik. İndiyədək JTI Bakı, Paris, Lion, Vyana, Varşava, Moskva, Cenevrə və Astana şəhərlərində belə konsertlərin keçirilməsini dəstəkləyib. Biz bu əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Milli Xalça Muzeyi ilə biz ilk dəfə olaraq Azərbaycan Xalçası Ensiklopediyasını dərc etdirməyi qərar aldıq və bu istiqamətdə işlərimiz artıq yekunlaşmaq üzrədir. Bu, Azərbaycan xalçaları, onların tarixi və bu günü, ölkəmizin müxtəlif xalçaçılıq məktəbləri və digər məlumatları özündə birləşdirən nəşr olacaq.

– Bəs nəyə görə muğam və xalçalar?

– Çünki onların hər ikisi Azərbaycan xalqının unikal incəsənət nümunələridir. Hər ikisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Hər ikisi əsrlərdən keçərək bu günümüzə gəlib çatmışdır. Muğam Azərbaycan incəsənətinin incisidir, xalçaçılıq isə xalqımızın qədim sənətlərindən biridir. Lakin ürəkağrıdıcı haldır ki, Azərbaycan xalçaları bəzən İran və ya erməni xalçaları kimi təqdim olunur. Biz düşündük ki, Azərbaycan xalçalarını bir ensiklopediyada toplamaq və bununla da onlar barədə məlumatlılığı artırmaq çox faydalı olardı. Ensiklopediya əvvəlcə Azərbaycan dilində iki cilddə nəşr olunacaq. Daha sonra isə o, ingilis və rus dillərində də işıq üzü görəcək. Məqsəd xalçalarımız haqqında həqiqətləri dünyaya çatdırmaqdır.

– Yapon mədəniyyəti necə? Axı JTI da yapon şirkətidir.

– Bəli, biz yapon şirkətiyik. JTI yapon mədəniyyətini də dəstəkləyir. Biz 2012-ci ilin martında tanınmış yapon skripkaçısı Ken Aisonun konsertini təşkil etmişdik. Ötən ilin iyun ayında şirkətimizin dəstəyi ilə Yapon Film Festivalı keçirilmiş, dekabrında isə ənənəvi yapon sənəti olan Kabuki teatrı ölkəmizə səfərə gəlmişdi. Biz yapon mədəniyyətini dəstəkləməkdə davam edəcəyik və bunun üçün daha yaradıcı yollar axtarırıq. Hazırda biz yapon və Azərbaycan mədəniyyətlərinin sintezi barədə düşünürük və tezliklə bunu reallaşdıracağıq.

Azinforum.az

jti1

jt2

jt3

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın