Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / İstirahət mərkəzi tikmək, zavod almaq: Rzayev özünü iş adamı kimi təqdim edib – Təfərrüatlar

İstirahət mərkəzi tikmək, zavod almaq: Rzayev özünü iş adamı kimi təqdim edib – Təfərrüatlar

Külli miqdarda dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, zavod almaq, istirahət mərkəzi tikmək, mənzil satmaq adı ilə ayrı-ayrı şəxslərdən külli miqdarda pul alaraq dələduzluq etməkdə suçlanır.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda suçlanan 1966-cı il təvəllüdlü Elxan Rzayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili işin ibtidai istintaqa qaytarılmasını istəyib.

“İş geri qaytarılmalıdır. Bir sıra istintaq hərəkətləri aparılmayıb. Bu barədə vəsatətlərimizə əhəmiyyət verilməyib. Müstəntiq sənədləri bizə təqdim etməyib. Vacib sənədlər çatmayıb, texniki sənədlər çatıb”- deyə vəkil bildirib.

Elxan Rzayev də vəkili ilə razı olduğunu deyib: “Heç bir cinayət törətməmişəm. İstintaqda heç bir araşdırma aparılmayıb. Sizdən xahiş edirəm, bu işlərə görə şəkər xəstəliyinə tutulmuşam. Mən faktiki istintaqın girovuyam. Bu işin heç bir hüquqi əsası yoxdur, uydurmadır”.

Hakim tərəflərin narazı qaldığı məsələlərin məhkəmə istintaqında araşdırılacağını bildirib.

Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Elxan Rzayev tanışı olan bir neçə nəfərə qarşı dələduzluq edib. Onlardan Şamaxı rayonunda istirahət mərkəzi tikərək şərikli qazanc əldə etmək, Quba rayonunda taxtadan 3 ev tikərək icrayə verməklə qazanc əldə etmək adı ilə külli miqdarda pul alıb.

Bundan başqa o, başqa bir tanışında qızıl alıb sataraq qazanc əldə etmək vədi verib, amma ona qarşı da dələduzluq edib. Qubada tikinti materialları satan şəxsdən 17 min manat dəyərində mal alaraq pulunu ödəməyib.

Səadət İmranovadan Şamaxıda zavoda alaraq şərikli işlətməyi vəd edib və buna görə də ondan 126 min dollar pul alıb. Lakin nə zavodu alıb, nə də İmranovanın pulunu geri qaytarıb.

İttihamda yazılır ki, təqsirləndirilən şəxs Ələkbər Cəfərovdan Qubada torpaq sahəsi almaq adı ilə 5 min manat borc alıb. Lakin borcunu qaytarmayıb.

Başqa bir tanışından isə “İnşaatçılar” metrostansiyasının yaxınlığında ucuz qiymətə satılan evi alıb, baha qiymətə satmaq adı ilə külli miqdarda pul alıb.

Elxan Rzayevin törətdiyi əməllər məhkəmə istintaqı dövründə sübuta yetirilərsə, onu 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Amma Elxan Rzayev özünü qətiyyən təqsirli bilmir. Deyir ki, ona qarşı irəli sürülən ittihamlar əsassızdır.

Elxan Rzayev deyib ki, zərərçəkmiş elə onun özüdür. O, barəsində bəraət hökmü çıxarılmasını istəyir. Deyir ki, bütün bunlar ona qarşı hazırlanmış plandır.

Qeyd edək ki, Elxan Rzayevə qarşı Cinayət Məcəlləsinib 178.3.2-ci (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini üçün məhkəmə istintaqı zərərçəkmişlərin dindirilməsi ilə davam edəcək. /musavat.com

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …