Ana səhifə / Kriminal / İri un və çörək istehsalçıları: “Qiymət artmayacaq”

İri un və çörək istehsalçıları: “Qiymət artmayacaq”

Son günlər sosial şəbəkələrdə və bəzi internet resurslarda unun qiymətinin növbəti dəfə qalxması ilə bağlı məlumatlar dolaşır. Həmin məlumatlarda 50 kiloqramlıq unun (1 kisə) qiymətinin 35-38 manat çərçivəsində müəyyənləşdiyi bildirilir. 

Ölkənin ən böyük un istehsalçılarından biri olan “Karat Holding”in baş direktoru Taleh Qasımov isə “APA-Economics”ə bildirib ki, hazırda unun 1 kisəsi 26 manata satılır. Baş direktor əlavə edib ki, yaxın gələcəkdə də heç bir qiymət artımı nəzərdə tutulmayıb.

Ölkədə digər iri un istehsalçılarından olan “Neon” firmasının baş direktoru Arif Həsənov bildirib ki, unun qiymətində artım olmayıb. Onun sözlərinə görə, indi unun bir kisəsinin qiyməti Bakıda 26 manat, Gəncədə isə 26,70 manatdır. A. Həsənov Gəncədə unun 70 qəpik baha olmasını Bakıdan Gəncəyə hər tona görə taxılın daşınması üçün əlavə 15 manat ödənişin olması ilə izah edir: “Bizdə bir həftə əvvəl də unun bir kisəsi 26 manat 70 qəpik idi, indi də bu qiymətədir”.

“APA-Economics”in Bakının bir neçə topdansatış mərkəzində də qiymətlərlə maraqlanıb.

Paytaxtın Mirəli Qaşqay küçəsində yerləşən topdansatış mərkəzlərində “Karmen” ticarət nişanlı unun bir kisəsi 28 manata təklif olunur. Burada unun 1 kiloqramı istehlakçılara 65 qəpikdən təklif olunur.

Azərbaycanın rayonlarında isə mağazalarda qiymətlər yol və çatdırılma xərclərinə görə dəyişir.

Belə ki,  Siyəzəndə mağazada 50 kiloqramlıq unun qiyməti 25-27 manat, Quba -Xaçmazda 28 manat, Zaqatala –  Şəkidə 27.50 və 28 manat, Ağdamda 25 kq-liq 14 manat, 50 kq-lıq 26.50 manata, Ucarda 26 manata,  Göyçayda 29 manat,  Lənkəran-Astarada 27-28 manat, Astarada 45 kq-lıq 26 manata, Gəncədə 28 manata satılır.

Rayonlardakı topdansatış məntəqələrində isə 50 kiloqramlıq un kisələri 26 manata təklif olunur.

Bakıda fəaliyyət göstərən bir neçə çörək zavodlarının mağazalara təqdim etdiyi çörəyin çəkisi və qiymətini də araşdırmışıq.

“Gilan Holdinq”in tərkibinə daxil olan və Azərbaycanın iri çörək istehsalçılarından olan №1 çörək zavodundan bildiriblər ki, çörəyin bişmə prosesində yalnız texnoloji avadanlıqlardan istifadə olunur ki, bu da çörəyin çəkisində 3% fərq yarada bilər.

Zavodun baş satış müdiri Ramin Qədirov bildirib ki, mağazalara təqdim etdikləri çörəyin qiymətində və çəkisində heç bir dəyişiklik yoxdur: “Hərçənd ki, bəzi işbaz mağaza sahibləri çörəyin qiymətini fərqli tərzdə istehlakçılara təqdim edirlər, qiymətləri bizim təklif etdiyimizdən kifayət qədər yüksəkdir, amma bizim şirkətin nümayəndələri mütəmadi olaraq bazarı araşdırır və bu cür halların qarşısını almaq üçün səy göstərirlər”.

№1-li çörək zavodunun məhsullarının çəkisi və dəyəri: 

Digər çörək istehsalçısı “Muğan” ASC-dən də bildiriblər ki, çörək zavodu mağazalara təqdim etdiyi çörəyin çəkisində və qiymətində heç bir dəyişiklik olmayıb. Şirkətin unla təminatı məsələsinə gəlincə, bildiriblər ki, hələ ki, zavod öz ehtiyatından istifadə edir.

“Muğan” ASC-nin məhsullarının çəkisi və dəyəri: 

“Nur” MMC də istehsal etdiyi məhsulun qiymətində və çəkisində heç bir dəyişikliyin olmadığını bildirir. İstehsalçı qeyd edir ki, idxal etdiyi unun qiymətində də heç bir dəyişiklik yoxdur.

“Nur” ASC-nin məhsullarının çəkisi və dəyəri:

“Xəzər” zavodundan isə bildirilib ki, unun kisəsi onlara 26,50 manata başa gəlir və bu zavodda istehsal olunan çörək əhaliyə 40-50 qəpiyə satılır.

“Xəzər” zavodunun məhsullarının çəkisi və dəyəri:

“Sərham” MMC-nin təsisçisi Rasim Nəbiyev isə bildirir ki, zavodda 3 çəkidə çörək istehsal olunur və onların çəkisi və qiyməti aşağıdakı kimidir:

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev “APA-Economics”ə açıqlamasında bildirib ki, manatın məzənnəsinin dəyişməsi ilə bağlı olmayan əsassız qiymət artımı, süni qıtlıq yaradaraq malların satış dövriyyəsindən çıxarılması və ya satışının dayandırılması və digər sui-istifadə hallarına qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə onun təmsil etdiyi qurumda təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, istehlak bazarına nəzarət gücləndirilib. Belə ki, hazırda istehlak bazarında baş verən qiymət artımının səbəbləri, xarici valyutanın yerli və idxal mallarının qiymətinə təsiri əsaslı şəkildə araşdırılır: “Məzənnə dəyişikliyi ilə bağlı olmayan əsassız qiymət artımı hallarına yol verən şəxslərə qarşı Baş Prokurorluğu ilə birgə qanunvericiliyə uyğun ən ciddi məsuliyyət tədbirləri görülür. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış monitorinq zamanı “Giləzi-Quşçuluq Şirkəti” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC və “Astel LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yumurtanın pərakəndə satış qiymətinin bahalaşdırılması ilə istehlakçıların mənafeyinə mühüm ziyan vurulması halları müəyyən olunduğundan müvafiq materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və toplanmış materiallar əsasında 12 yanvar 2016-cı il tarixdə fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə cinayət işi başlanıb. Hazırda təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bundan başqa, Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Alfa med” MMC-nin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib”.

Nazirlik rəsmisi əlavə olaraq xatırladıb ki, bundan öncə, yanvarın 9-da aparılmış birgə tədbirlər nəticəsində Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Muğan” firması və Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Səma” firması tərəfindən ədədlə satılan dairəvi “zavod çörəyi”nin istehsalı zamanı mövcud standartların tələblərinə əməl edilmədiyi, qiymətlərin gizli artırılması məqsədilə çörəyin çəkisinin azaldıldığı müəyyən olunub: “Yol verilmiş qanun pozuntuları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Muğan” firmasının direktoru Tahir Mirişovun və “Səma” firmasının direktoru İlham Bəkirlinin nəzərinə çatdırılmaqla, onlara bu cür qanun pozuntularına təkrar yol verəcəkləri təqdirdə barələrində daha ciddi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın