Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / İqtisadiyyatla bağlı “yol xəritəsi” nə vaxt açıqlanacaq?

İqtisadiyyatla bağlı “yol xəritəsi” nə vaxt açıqlanacaq?

qtisadiyyatla bağlı uzun müddət ictimaiyyətə detalları açıqlanmayan “yol xəritəsi” artıq yekunlaşıb. Ancaq hələ də ictimai müzakirəyə açıq deyil. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Banker.az-a bildirilib ki, dövlət başçısı İlham Əliyevin 2016-cı il 16 mart tarixli sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” adlı sənəd müvafiq İşçi Qrupunun rəhbərliyi altında artıq yekunlaşıb. Hazırda sənədin hüquqi və linqvistik ekspertizası həyata keçirilir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib: “Eyni zamanda Strateji yol xəritəsinin gələcək 10 ildən artıq bir müddətdə vacib əhəmiyyəti əsas götürülərək bütün dövlət orqanlarından müvafiq rəylərin alınması prosesi gedir. Sənədin ilin sonuna qədər təsdiqi və ictimaiyyətə açıqlanması planlaşdırılır”.

Onun sözlərinə görə, strateji yol xəritəsi yeni iqtisadi çağırışlar fonunda postsovet məkanında ilk belə sənəd olacaq ki, bütün maraqlı tərəflərin iştirakı və açıq ictimai müzakirələr aparılmaqla qəbul edilir: “Strateji yol xəritəsinin yazılmasında 400 nəfərə qədər xarici və yerli ekspert birbaşa iştirak edib. Bununla yanaşı sənədin yazılması üçün 4000 nəfərlə 150-yə qədər görüş keçirilib. Görüşlərdə Nobel mükafatı laureatı Edvard Preskottdan başlamış ölkənin sıravi fermerlərinə qədər hamının fikri öyrənilib. Yeri gəlmişkən, Strateji yol xəritəsinin ilk açıq ictimai müzakirəsi məhz cəbhə xəttinin yaxınlığında- Ağdam rayonunun Quzanlı qəsəbəsində 300 nəfərin iştirakı ilə keçirilib. Bu, strateji yol xəritəsinin Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində həyata keçiriləcəyinə bir daha əminlik yaradır. Sonradan Bakıda və bölgələrdə onlarla ictimai müzakirələr təşkil edilib”.

Onun sözlərinə görə, İİTKM-də sənədin əhatə etdiyi 11 istiqamət üzrə alt-işçi qrupları yaradılaraq beyin mərkəzi formalaşdırılıb. Həmçinin İİTKM “on-line” qaydada təklifləri qəbul etməklə müzakirələri praktik olaraq bütün tərəflər üçün əlçatan edib. Öncə qabaqcıl dünya təcrübəsi öyrənilib, sonra həmin təcrübənin əsasında və yerli şərait nəzərə alınmaqla Strateji yol xəritəsi hazırlanıb. İndiyədək 5000 səhifəlik material işlənilib və 1000-dən çox yazılı təklif müxtəlif dövlət orqanları, yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən verilib. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” sənədi haqqında N12/1 saylı qərar qəbul edib.

Qərarda strategiyanın əsaslandırılmış bir sənəd olması vurğulanıb, habelə strategiyadan irəli gələn vəzifələrin elmi tədqiqatlarda nəzərə alınması tövsiyə edilib: “Strateji yol xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişafın əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafına uyğun olaraq Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcəkdir və yüksək gəlirli ölkələr qrupuna daxil olacaq. Strateji yol xəritəsi iqtisadiyyatın 11 əsas sektoru ilə yanaşı, həm də ümumi iqtisadi mühiti ehtiva edən milli iqtisadiyyat perspektivini də əhatə edir. Ümumilikdə, milli iqtisadiyyat perspektivi və 11 iqtisadi sektora dair yol xəritəsini özündə birləşdirən Strateji yol xəritəsi 12 sənəddən ibarətdir. Strateji baxış və yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə təfsilatlı birillik yol xəritəsi, 2017-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci il üçün uzunmüddətli baxış və 2025-ci ildən sonra hədəf baxışından ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal trendlər, mövcud vəziyyətin GZİT təhlili, görüləcək tədbirlər, tələb olunan investisiya və əsas indikatorları əhatə edir. Seçilmiş prioritetlərə qısamüddətli dövrdə fokuslanmaqla orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın fundamenti qoyulacaq. Strateji yol xəritəsi iqtisadi inkişafa töhfə verən bütün aktorlar, o cümlədən, yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcəkdir. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi özəl sektor olacaqdır. Strateji yol xəritəsinin inklüziv hazırlanma prosesi onun icrasında bütün tərəflərin iştirakının təmin edilməsini əsaslandırır”.

V.Qasımlının sözlərinə görə, sənəddə nəzərdə tutulan bir sıra tədbirlərin əhəmiyyəti və tətbiqinin zəruriliyi nəzərə alınaraq, həmin tədbirlər barədə ayrı bir sənəd halında dövlət başçsıına məruzə olunub və qeyd olunan məsələlər dövlət başçısı tərəfindən son beş ay ərzində imzalanmış bir sıra fərman və sərəncamlarda öz əksini tapıb.

Keçmiş maliyyə naziri Saleh Məmmədov məsələ ilə bağlı musavat.com-a bildirib ki, ölkədə bir iqtisadi proqram qoyulmalıdır və bu proqramın yerinə yetirilməsi üçün konkret hansı sənədlər lazımdırsa, hazırlanıb qüvvəyə minməlidir: “Bu sənədlər qanunlardan, qanun qüvvəli qərarlardan, təlimatlardan, metodik göstərişlərdən ibarət olacaq. Minlərlə belə sənəd qəbul olunmalıdır. Həm da ilk başdan iqtisadi inkişaf fəlsəfəsinin prinsipləri müəyyən olunmalıdır ki, ona uyğun da proqram və sənədlər hazırlansın. O ki, qaldı islahatlara zəruri proqramı, iqtisadi inkişaf fəlsəfəsinin prinsiplərini və bütün sənədlərin ümumi istiqamətlərini dəfələrlə vermişəm, mətbuatda dərc etdirmişəm. Onu inkar edən yeni daha təkmil bir proqram qoyulacaqsa məmnuniyyətlə müzakirə etməyə, gərəkirsə, qəbul etməyə hazıram”.

Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, strateji yol xəritəsinin hazırlanmasına ayrılan müddət başa çatsa da, sənəd açıqlanmır: “16 mart 2016-cı ildə imzalanmış “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında prezidentinin sərəncamında qeyd olunur ki, işçi qrupu 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın, 2025-ci ildən sonrakı dövrə hədəf baxışının . layihələrini altı ay müddətində hazırlayıb prezidentinə təqdim etməlidir. Artıq sərəncam imzalandığı müddətdən 6 ay 15 gün ötməsinə baxmayaraq, hələ də yuxarıda sadalanan sənədlərdən xəbər yoxdur. Həmin sənədlərin layihələrinin vaxtında Prezident Adminstrasiyasına təqdim olunduğuna şühbəm olmasa da, onun məqsədli şəkildə gecikdilriləcəyi ilə bağlı gözləntilərim artıq özünü doğrultmaqdadır. Baxmayaraq ki, bu istiqamətdə görülən işlərə külli miqdarda ödəniş hesabına dünya şöhrətli “McKinsey” şirkəti də cəlb olunub. Amma əvvəlcədən də gözləndiyi kimi, onu Aparatdan keçirmək o qədər də asan olmayacaq. İnanmıram ki, Aparatda ilişib qalan sənədlərin “hərəkətini orada tormozlayan qüvvələrə” yaxın zamanlarda qalib gəlmək mümkün olsun. Yəqin ki, “bu xəmir hələ çox su aparacaq”. Bundan da ən çox itirən iqtisadiyyat, biznes və istehlakçılar olacaq”. (Musavat.com)

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın