Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / İqtisadiyyatda inqilabi dəyişikliklər… – Fikrət Yusifov

İqtisadiyyatda inqilabi dəyişikliklər… – Fikrət Yusifov

Son 13 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında yaşayıb yaradan Azərbaycan sosial sferada və iqtisadiyyat sahəsində böyük uğurlar qazanaraq təkcə Cənubi Qafqazın deyil, Şərqlə Qərbin qovşağında yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrilib.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, bu uğurlar Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin məntiqi nəticəsidir: “O, hakimiyyətə gəldiyi ilk gündən “biz bundan sonra elə yaşamalıyıq ki, sanki bir neft ölkəsi deyilik və neftimiz yoxdur” deyərək neftlə bağlı iqtisadiyyatın çətinliklərini layiqincə qiymətləndirə bildi. Neft pullarının daimi olmayacağını yaxşı bilən İlham Əliyev ölkə iqtisadiyyatının köklü şəkildə yenidən qurulmasına və paralel olaraq sosial sferada əsaslı islahatların aparılmasına start verdi.

İqtisadiyyatın real sektorunun yüksək səviyyədə inkişaf etdirilməsinin mümkünlüyünün ona münbit fəaliyyət meydanının yaradılmasından keçdiyini yaxşı bilən dövlət başçısı 2004-cü ildən başlayaraq “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” dövlət proqramları çərçivəsində iri infrastruktur layihələrinin reallaşdırılmasına start verdi. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Görülən işlərin nəticələri özünü çox gözlətmədi. Bir neçə il ərzində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 50 faizdən 70 faizə qədər yüksəldi. Bu bir neft ölkəsinin iqtisadiyyatında baş verən əsaslı dönüşün başlanğıcı idi. İndiyə qədər dünyanın heç bir neft ölkəsində buna bənzər hadisə müşahidə olunmamışdı. Bütün bu uğurlardan sonra qarşıda duran başlıca hədəf real sektorda ixracın həcmini dəfələrlə artırmaq və son nəticədə ölkə iqtisadiyyatının neftdən asılılığını optimal hesab edilə biləcək səviyyəyə endirib, əhalinin sosial vəziyyətini müasir standartlar səviyyəsinə yüksəltmək idi”.

F.Yusifov bildirib ki, bu gün Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə real sektorun əsas istiqamətləri üzrə ölkə iqtisadiyyatında inqilabi dəyişikliklər baş verməkdədir: “Qeyri-neft sənayesində iri və orta istehsal müəssisələrinin qurulması yaxın gələcəkdə Azərbaycanı xam neft satan ölkədən neftdən hazırlanan məhsulların ixracatçısına çevirəcək. Son bir neçə il ərzində Azərbaycana möhkəm valyuta gətirə biləcək texniki məhsulların – pambığın, baramanın, tütünün və başqa məhsulların istehsalında yüksək nəticələr əldə edilib. İki il öncə cəmi 200 kiloqram barama istehsal etmiş bir ölkədə qarşıdakı üç ildə barama tədarükü 1300 tona çatdırılacaq. İndi artıq ölkə rəhbərliyi qeyri-neft sənayesi və aqrar sektorda istehsal ediləcək məhsulların “Made in Azerbaijan” brendi ilə dünya bazarlarında öz layiqli yerini tutması istiqamətində lazımi tədbirlər görür”.

Müsahibimiz qeyd edib ki, islahatlar bir qayda olaraq yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yaxşılaşması ilə müşayiət olunur: “Hazırda Azərbaycan dünyanın turizm mərkəzinə çevrilməkdədir. Bunun üçün hər cür şəraiti olan ölkəmizdə cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən qərarların əhəmiyyəti misilsizdir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verməyi hədəfləmiş istiqamətlərdən biri də ölkəmizin əlverişli coğrafi mövqeyindən məharətlə istifadə etməklə onu tranzit yükdaşımalar sahəsində nəhəng ticarət dəhlizinə çevirmək oldu. Son bir neçə il ərzində bu sahədə görülən işlərə rəğmən çəkinmədən demək olar ki, Azərbaycan bu gün Şərqlə Qərb, Şimalla Cənub arasında tranzit yükdaşımaların lokomotivinə çevrilir. Tarixi İpək Yolunun bir qolu kimi Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub-Şərqi Asiya ölkələrindən və Hindistandan tranzit yüklərin Azərbaycan üzərindən şimala və qərbə daşınmasını hədəfləyən Şimal-Cənub ticarət dəhlizi, Xəzər hövzəsinin Ələt zonasında ən boyük Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi əslində bu sahədə yeni eranın təməlini qoydu. Bu layihələrin icrası sayəsində Azərbaycan üzərindən yüklərin daşınması ölkəmizə milyardlarla dollar valyuta axınını təmin edəcək. Bu isə öz növbəsində ölkədə social məsələlərin daha uğurla həll edilməsinə yaxşı zəmin yaradacaq”.
F.Yusifovun sözlərinə görə, ötən illər ərzində Azərbaycanda sosial sferada əldə edilmiş uğurlar onsuz da yüksək qiymətə layiqdir: “Belə ki, son 13 il ərzində 1 milyon 500 mindən çox iş yeri yaradılıb. Ölkəmizdə mövcud olan 34 elektrik stansiyasından 25-i bu illər ərzində tikilib. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır. Son 13 il ərzində 10 min kilometrdən çox yol çəkilib. İçməli su layihələri bir çox şəhərlərdə artıq icra edilib, 24 saat fasiləsiz təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir. Bu illər ərzində cəmi mövcud olan 5000 məktəbdən 3 minə yaxını, 600-ə yaxın isə xəstəxana tikilib, yaxud əsaslı təmir edilib. Bölgələrdə 41 olimpiya mərkəzi inşa olunub. Əmək haqları təxminən beş dəfə, pensiyalar yeddi dəfə artıb. Müasir və multikultural dəyərləri ilə dünyəvi bir dövlətə çevrilmiş gənc Azərbaycan Respublikasının qısa bir zamanda sosial və iqtisadi sahələrdə əldə etdiyi bu uğurlar, heç şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin gərgin əməyinin məntiqi nəticəsidir. Bu gün bütün sahələrdə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış və dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilmiş Azərbaycanı iqtisadi cəhətdən tənəzzül içərisində boğulan, öz iqtisadi və siyasi müstəqilliyini itirən, sosial problemlər məngənəsində sıxılıb əzilən və bu səbəbdən əhalisi kütləvi şəkildə immiqrasiya edən Ermənistanla müqayisə etmək isə ümumiyyətlə, mümkün deyil”.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın