Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / İqtisadçı “yaxın 1-2 il ərzində bankların əksəriyyəti bağlanacaq” deyir

İqtisadçı “yaxın 1-2 il ərzində bankların əksəriyyəti bağlanacaq” deyir

“Təəssüf ki, bank sistemini idarə edənlərin kifayət qədər savad və səriştəsi yoxdur”
Bank sektorundakı durğunluq mətbuata da yansayıb. Artıq banklarla bağlı xəbərlərə nadir hallarda rast gəlinir. Gündəmdə olmasa belə, bank sektorunda problemlər davam edir. Qaytarılmayan kreditlərin həcmi 1,5 milyardı ötüb. Bağlanmış banklarda əmanətlərin qaytarılması prosesi davam edir. Demək olar ki, bütün banklar kredit verilməsini dayandırıb.
İqtisadçılar isə bank sektorundakı durğunluğun səbəbini bir neçə amillə izah edirlər.
İqtisadçı ekspert, uzun illər bank sektorunda çalışmış Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında bank sektorunun hazırkı durumunu dəyərləndirdi.
O bildirdi ki, hazırda bağlanmış banklarda sığortalanmış əmanətlər qaytarılır: “Təəssüf ki, bəzən dollar əmanətlərini də manatla qaytarırlar deyə əmanətçilər məzənnə fərqində itirmiş olur. Amma hər halda, vəsaitlərin batmasındansa manatla qaytarılması daha yaxşıdır. O da düzdür ki, əmanətlər Əmanətlərin Sığortalanması Fondunun öz vəsaiti deyil, Mərkəzi Bankın kreditləri hesabına qaytarılır. Buna görə də sual yaranır ki, 10 ildən çox müddət ərzində bu fond banklardan yığdığı milyonlarla vəsaiti necə idarə edib, hara sərf edib ki, pulu tez qurtardı və kreditə möhtac oldu. Hər halda, hüquq-mühafizə orqanları bu məsələni ciddi araşdırmalıdır”.
İqtisadçı sığortalanmayan əmanətlərlə bağlı vəziyyətin ürəkaçan olmadığını da vurğuladı: “O ki qaldı vətəndaşların sığortalanmamış əmanətlərinə və hüquqi şəxslərin müflis banklardakı cari hesablarda qalmış vəsaitlərinə, burada vəziyyət çox acınacaqlıdır. Məlum olduğu kimi, onlar ödəniş növbəliliyində sonuncu yeri tutur. Yəni müflis bankların əmlakı hesabına əvvəlcə Mərkəzi Bankın kreditləri qaytarılacaq, sonra fond zəhmət haqqını götürəcək, daha sonra işçilərin maaşı veriləcək, ondan sonra dövlət vergini və s. götürəcək, nəhayət, nəsə qalsa, sonda sözügedən şəxslərə vəsaitlərinin heç olmasa bir qismi qaytarılacaq. Buna nəinki illər lazımdır, bu prosesin düzgün aparılmasından da çox şey asılıdır. Buna görə də qabaqcıl ölkələrdə bu hallarda kreditorların ümumi yığıncağı yaradılır ki, o, ləğvetmə prosesinin şəffaf və düzgün aparılmasına nəzarət etsin. Bizdə isə kreditorlara heç məlumat belə verilmir ki, müflis bankların nəyi var, nəyi yox. Palata məlumat yayır ki, guya kreditorların ümumi yığıncağı yox, komitələri yaradılacaq. Amma bu da real yaradılmır. Müflis bankların olan-qalan əmlakını satandan sonra yaratmağın nə mənası?”
Əkrəm Həsənov onu da qeyd etdi ki, bu kimi hallar iş adamlarını banklardakı hesablarından vəsaitləri geri götürməyə sövq edir: “Ola bilər ki, hansısa qiymətli əmlakları gözdən uzaqda satmaq istəyirlər ki, tez-tələsik formal olaraq ucuz qiymətə versinlər, artıq qalan hissəsini isə ciblərinə qoysunlar. Bu, ittiham deyil, şübhədir. Çünki baş verənlər belə şübhələrə tam əsas verir. Ortada bank sisteminə etimad məsələsidir. Fikir verin, sahibkarlar və hüquqi şəxslər banklarda pul saxlamağa qorxur, dərhal nağdlaşdırırlar. Niyə? Çünki sabah pul qoyduqları bankın da müflis olmasından və bu zaman ləğvetmə prosesinə təsir edə bilməyəcəklərindən qorxurlar”.
Ekspertin sözlərinə görə, bank sektorunun ən ciddi problemi qaytarılmayan kreditlərdir: “Digər ciddi məsələ problemli kreditlərin həcminin durmadan artmasıdır. Sahibkarlar bir-bir müflis olur, işlərini bağlayır, işsizlik artır, gəlirlər düşür, qiymətlər artır və s. Bütün bunlar borclular tərəfindən öhdəliklərini icra etməyə mane olur. Dollar kreditləri məsələsi də həll olunmur. Heç cari məzənnə ilə də onları manata çevirmirlər. O cümlədən ona görə ki, Mərkəzi Bank manat kütləsini sıxıb və dövriyyədə manat çox azdır. Manatın dəyərinə etibar olmadığı üçün kreditlərin çoxunu ödəyən yoxdur. Eyni zamanda bank sahibləri və inzibatçıları tərəfindən yaradılmış süni problemli kreditlər məsələsi də həllini tapmır. Yəni söhbət faktiki oğurladıqları, mənimsədikləri vəsaitdən gedir. Palata müvafiq yoxlamaları aparmaqdan çəkinir. Problemli kreditlərin məntiqi sonu bu il də bir neçə bankın müflis olması olacaq. Artıq bir neçə bank aylarla əmanətləri qaytarmır və Palata da həmin banklara qarşı tədbir görmür. Əvvəllər bağlanan banklar da bu yolu keçmişdi. Buna görə də yaxında bir neçə, yaxın 1-2 il ərzində isə bankların əksəriyyəti bağlanacaq. Bütün bunların qarşısını almaq üçün sərt və şəffaf siyasətin həyata keçirilməsi tələb olunur. Təəssüf ki, bank sistemini idarə edənlər bunun üçün kifayət qədər nə savada-səriştəyə, nə düzgünlüyə, nə də cəsarətə malik deyil”.

musavat.com

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın