Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Kriminal / İqbal Ağazadənin evinə basqın edildi: əlində kəsici alət…

İqbal Ağazadənin evinə basqın edildi: əlində kəsici alət…

Partiya sədri nazir Vilayət Eyvazovdan hadisənin professional araşdırılmasını xahiş edib

“Ümid” partiyasının sədri İqbal Ağazadənin evinə basqın edilib.

Azinforum.az xəbər verir ki, bu barədə özü məlumat verib. O, qeyd edib ki, evinə hücum edən şəxsin əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu olub:

“Ay yarım öncə gecə saatlarında naməlum şəxs tərəfindən evimə gələn əsas elektrik xətti xüsusi alətlə kəsilib, qaz sayğacından evə qaz dolmasını xəbərdar edən xətt sıradan çıxarılıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ərizəsilə müraciət edərək olayın araşdırılmasını xahiş etmişdim. Ərizəmə video görüntüləri də əlavə etmişdim. Hadisəni törədən şəxsin kimliyini müəyyən etmək o qədər də çətin deyildi. Lakin keçən günlər ərzində bununla bağlı ciddi bir nəticə əldə edilmədi.

Bu gün yenə də gecə saatlarında qəflətən işıqlarımız söndü. Qonşuların işıqlarının yanması məndə olayın təkrarlandığı qənaəti yaratdı. Mən dərhal küçəyə çıxdım və işığı kəsən adamın qaçdığının şahidi oldum. Uzun təqibdən sonra şəxsi yaxaladım. Əlində xüsusi kəsici alət və özünü müdafiə üçün idman çubuğu var idi. Müqavimət göstərsə də onu saxlamağa müvəffəq oldum. Şəxs rus millətindən olan, idmanla professional məşğul olduğunu deyən birisi idi. Heç bir sualıma cavab vermədi. Danışdırmağa cəhd etsəm də sadəcə susdu. Bu hərəkətini niyə edib, məni və evimi necə tanıdığı barədə heç bir cavab vermədi”.

İqbal Ağzadə olayı sıradan bir hadisə hesab etmədiyini deyib: “Məni tanımayan, o cümlədən mənim tanımadığım birinin belə hərəkəti səbəbsiz və sifarişsiz deyil. Qənaətlərimi hələ bölüşmək niyyətində deyiləm. Çünki şəxsi hüquq-mühafizə orqanlarına təhvil vermişəm. ( Xətai rayon 37- ci polis bölməsinə) Heç kim, o cümlədən istintaq aparan şəxslər bu olayın təsadüf və ya adamın psixoloji problemi olması ilə izah etməyə çalışmasın. Bizə də məlum olan bəzi məsələlər var artıq”.

Partiya sədri hüquq-mühafizə orqanlarından, xüsusilə cənab nazir Vilayət Eyvazovdan hadisənin professional araşdırılmasını xahiş edib.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …