Səbayel Rayon Məhkəməsi sabiq milli təhlükəsizlik naziri Eldar
Mahmudovun ən sadiq adamlarından biri, hazırda “İnterpol” xətti ilə
axtarışda olan “Akula Akif” ləqəbli Akif Mustafayevin “Mars-M” şirkətinə
qarşı iddiasını təmin edib. Bu həmin “Akula Akif”dir ki, Eldar Mahmudov
vəzifəsindən çıxarılandan dərhal sonra Azərbaycandan qaçmışdı. Hazırda
Fransada gizləndiyi ehtimal olunan Akif Mustafayev özünü iş adamı kimi
tanıtsa da, əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqda
MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.
“Akula”nın
sxeminə əsasən, MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra
onları izləyib və həbs edirdi. Bu zaman “Akula” MTN-dəki mütəşəkkil
qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və
onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını,
beləliklə, girovun “xilas edilməsini” həyata keçirirmiş.
Lakin
proses bununla da yekunlaşmırdı. “Akula” MTN-dən “xilas etdiyi” iş
adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün
“krışalıq” edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurmuş.
Onun “Mars-M” şirkətində 25 faizlik paya hansı şərtlər daxilində sahib
olduğu bilinmir. Belə məlumatlar var ki, Akif Mustafayev “Mars-M”
şirkətinin təsisçiləri olan Bəşirov qardaşlarının qaynıdır. Hazırda
qardaşlardan Mərhəmət Bəşirov həbsdədir. Arif Bəşirov isə dünyasını
dəyişib. Akif Mustafayevin adından Səbayel Məhkəməsinə sübut kimi təqdim
edilən, onun “Mars-M” şirkətinin 25 faizlik payını almasına dair
kağızda isə Arif Bəşirovun adı var. Həmin kağıza görə Arif Bəşirov
şirkətin 25 faizini Akif Mustafayevə 7 milyon 500 min dollara satıb.
Qardaşlardan
Loğman Bəşirov isə mətbuata açıqlamasında alqı-satqıdan məlumatsız
olduğunu, məhkəməyə sənəd kimi təqdim olunan kağızların heç bir hüquqi
qüvvəsinin olmadığını deyib. Bundan başqa şirkətin hesabına 2009-cu
ildən bu yana Akif Mustafayevin 7 milyon 500 min dollar köçürülmədiyini
qeyd edib.
Mərhəmət Bəşirovu həbsə aparan məsələ haqda da maraqlı məlumatlar var.
“Mars-M”
şirkətinin Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi
“Yasmin” biznes mərkəzi bu gün də məhkəmələrdə mübahisə obyektidir. Belə
ki, bina inşa olunandan sonra Mərhəmət Bəşirov oradakı mağazaları 22
nəfər iş adamından ümumilikdə 17 milyon dollar almaqla onlara satıb. İş
adamları orada mağazaları özlərinin bizneslərinə uyğunlaşdırıb işə
başlayandan bir qədər sonra məlum olub ki, Mərhəmət Bəşirov ümumilikdə
ticarət mərkəzini “Xalq Bank”a girov qoymaqla külli miqdarda pul götürüb
və pulu banka qaytarmayıb. Bank məhkəməyə müraciət etməklə kreditin
təminatı olan ticarət mərkəzinin satılmasını və əldə olunan vəsaitin
kredit məbləği il əvəzləşdirilməsini istəyib. Məhkəmə iddianı təmin
edib. Lakin çıxarılan hökmdə iş adamları Afət Ağazadənin, Sahib
Quliyevin, Azər Mahmudovun, Akif Mahmudovun, Fuad Ramazanovun, Natəvan
Bağırovanın, Əliağa Məmmədovun, Anar Hüseynovun, Zülfüqar Kazımovun,
Yalçın Məlikovun, Adil Məmmədovun, Ədalət Zamanovun, Vüqar Həsənovun,
Elçin Əliyevin, Qalıb Məmmədovun pullarının hansı hesabdan
qaytarılmasına aydınlıq gətirilməyib.
İş
adamları ölkə rəhbərliyinə ünvanladıqları müraciətlərdə yazırlar ki,
“Mars-M” firmasından (VÖEN 1500418111) Bakı şəhəri, Nərimanov rayonu,
S.Vurğun küçəsi, 120 ünvanında inşa etdiyi zirzəmi və 5 mərtəbədən
ibarət qeyri-yaşayış binasından, daha çox 2009-cu il tarixdə olmaqla,
2009-2013-cü illərdə müxtəlif ölçülü qeyri-yaşayış sahələrinin
milyonlarla qiymətləndirilən dəyərini tam ödəməklə alıblar.
“Bir
çoxumuz həmin qeyri-yaşayış sahələrini, külli miqdarda pul xərcləyərək
təmir etdirmişik və öz fəaliyyətimizlə bağlı təyinatına uyğun istifadə
etmişik. Lakin, təəssüf ki, ”Mars-M” firmasının və “Xalq Bank” ASC-nin
bəzi vəzifəli şəxslərinin çirkin niyyətlə qurduqları və icra etdikləri
plan nəticəsində hazırda əmlakımızdan məhrum olmuşuq. Əmlakı faktiki
olaraq ələ keçirmiş “Xalq Bank” ASC binaya mühafizə yerləşdirməklə,
bizim sahələrimizə girişimizə, qanuni əsaslarla aldığımız əmlakımızdan
təyinatına uyğun istifadə etməyimizə mane olmaqla yanaşı, illər əvvəl
“Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan
məhkəmə mərhələsində əmlakımızı ələ keçirməsini leqallaşdırmaqla
məşğuldur. Onlarla vətəndaşın milyonlarla dəyərində olan əmlakından
məhrum olmasına görə isə, yalnız bir nəfər – “Mars-M” firmasının
təsisçisi Mərhəmət Bəşirov cinayət məsuliyyətinə cəlb edilməklə, guya
qanunsuzluğa hüquqi qiymət verildi və qanunsuzluğu etmiş şəxs
məsuliyyətə cəlb olundu görüntüsü yaradıldı. Bu da “Xalq Bank” ASC-nin
qurduğu oyunun bir hissəsidir: cinayət işi məhz onun müraciəti əsasında
başlanılıb və qanunsuzluğun bir tərəfi olmasına baxmayaraq, özünü
zərərçəkmiş şəxs (?!) qismində tanıda bilib. Əslində, həm qanunsuzluğa
düzgün hüquqi qiymət verilməyib, həm də bu qanunsuzluğu etmiş “Mars-M”
firmasının digər vəzifəli şəxsləri, o cümlədən “Xalq Bank” ASC-nin
aidiyyəti vəzifəli şəxsləri məsuliyyətdən tamamilə kənarda qalıblar”
-deyə iş adamları müraciətlərində yazırlar.
Maraqlıdır
ki, Səbayel Rayon Məhkəməsində bu gün də Azərbaycan hüquq-mühafizə
orqanları tərəfindən axtarışda olan Akif Mustafayevin iddiası qəbul
edilərkən, iddiaya baxılarkən və nəhayət onun xeyrinə qərar verilərkən
bütün bunlar gözə alınıbmı?
Axtarışda olan şəxsin Azərbaycan məhkəməsində qalib gəlməsi çox maraqlı mətləblərdən xəbər verir…
“Yeni Müsavat”
Həmçinin oxuyun
Məktəb direktoru 300 min manat mənimsədi
Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …