Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / İmtahan günü intihar edən Pənahın atasının qatilinin məhkəməsi başlayır

İmtahan günü intihar edən Pənahın atasının qatilinin məhkəməsi başlayır

Bakıda mənzil davasına görə qaynını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə istintaq yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi baxılması üçün hakim Əlövsət Abbasovun icraatına verilib.

Belə ki, E.Məmmədov qaynı Mərkəz Quliyevi öldürməkdə ittiham edilir. M.Quliyevin ölümündən 1 ay sonra oğlu, 17 yaşlı Pənah Quliyev özünü yaşadığı binanın 4-cü mərtəbəsindən ataraq intihar etmişdi.

Həmin zaman bu məsələ medianın gündəmində oldu və bir çox səpkidə müzakirələrə səbəb oldu. P.Quliyev qəbul imtahanından çıxan gün özünü öldürmüşdü və onun az bal yığdığı üçün canına qıydığı iddia edilirdi.

Belə ki, M. Quliyev iki dəfə ailə həyatı qurub. Birinci evlilikdən bir oğlu olub, uşaq isə 12 yaşında xəstəlikdən vəfat edib. İkinci evliliyindən isə Pənah dünyaya gəlib. Pənahın 6 yaşı olanda Mərkəz Quliyev işləmək, pul qazanmaq üçün Rusiyaya gedib və daha geri qayıtmayıb. Bir müddət əvvəl isə Bakıda yeznesi Eldar Məmmədovun adına özü üçün mənzil alıb.

E.Məmmədov daha sonra Mərkəzdən külli miqdarda borc pul alıb.

M.Quliyev ölümündən bir neçə ay əvvəl Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Yeznəsi isə ona şərt qoyub: əgər ona olan borcunu tam silərsə, evi geri qaytaracaq. Mərkəz onunla razılaşıb və aprelin əvvəlində ikisi də sənədlərini götürərək Binəqədi rayon Məhkəməsinə yola düşüblər.

Məhkəmə binasına yaxınlaşanda Eldar Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan Mərkəz Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Aprelin 17-də M.Quliyev komadan ayılmayaraq vəfat edib.

M.Quliyevin yeznəsi Eldarın adına aldığı mənzilin qiyməti təxminən 120-130 min manat olub. Qətlə görə məhkəmə prosesi baş tutmadığı üçün ev yenə də Eldarın adında qalıb. M.Quliyevin birinci oğlu vəfat etdiyi üçün Pənah yeganə varis elan olunub, bu dəfə isə ailəyə Pənahın 18 yaşı tamam olmadığı üçün ona vəkil tutmaq və bu yolla evi öz adına keçirməsi məsləhət görülüb. Lakin imtahan günü Pənahın intiharı bu işi də yarımçıq qoyub.

Sumqayıtda 17 yaşında həyatına qəsd edən P.Quliyevin son sözü də bu evlərlə bağlı olub: “Evlərin hamısını anama verirəm, ƏGƏR QALSA”.

 

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …