Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / İlkinin üzünə duran kamera yoldaşı görün kimdir… – DETALLAR

İlkinin üzünə duran kamera yoldaşı görün kimdir… – DETALLAR

Tovuzda 11 yaşlı Nərmin Quliyevanın oğurlanması və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı cinayət işində Baxşəli Qəhrəmanov adlı şəxsin adı keçir.

B.Qəhrəmanov cinayəti törətməkdə ittiham olunan İlkin Süleymanovla Bakı İstintaq Təcridxanasına köçürüldüyü ilk vaxtlarda onunla eyni kamerada saxlanılıb. Sonradan istintaq İlkin Süleymanova qarşı sübut kimi həm də Baxşəli Qəhrəmanovdan istifadə edib. İddia olunub ki, İlkin Süleymanov yuxuda sayıqlayıb, Nərmini oğurlayıb öldürdüyünü etiraf edib və s.

Baxşəli Qəhrəmanov Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsilə həbs edilib. O, məhkəmədə dindirilərkən İlkin Süleymanov bu şəxsin yalan danışdığını, bu cinayətə aidiyyəti olmadığını və Baxşəli Qəhrəmanovun da yanında heç vaxt uşağı oğurlayıb öldürməsi haqda heç nə demədiyini bildirib.

Eyni kamerada saxlanmış daha iki nəfər dindirilərkən isə Baxşəli Qəhrəmanovdan fərqli olaraq, İlkin Süleymanovun özünü təqsirli bilmədiyini deyiblər: “İlkin həmişə deyirdi ki, mən bu cinayəti törətməmişəm. Qanun var, haqq öz yerini tapacaq, mən bəraət alacağam”.

Baxşəli Qəhrəmanova gəlincə, həmin kamerada saxlanılanlardan biri məhkəmədə demişdi ki, onun həm öz davranışlarına, həm də ittiham olunduğu əmələ görə həbsdə ona hörmət eləmirdilər.

Bizimyol.info Baxşəli Qəhrəmanovun ifadəsindən başqa bir işdə də şəxsin uzunmüddətli həbs cəzası alması üçün sübut kimi istifadə edildiyini üzə çıxarıb.

Söhbət jurnalist Fikrət Fərəməzoğludan (İbişbəyli) gedir. Baxşəli Qəhrəmanov ifadəsində iddia edib ki, Fikrət Fərəməzoğlu ondan pul tələb edib, əks halda rəhbərlik etdiyi saytda onun haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib.

Fikrət Fərəməzoğlu isə deyir ki, həbs olunana qədər onu ümumiyyətlə, nə görüb, nə də tanışlığı olub: “Mənim həbsimdə də o, yalançı üzəduranlardan biri olub. Onu zərərçəkmiş kimi tanımışdılar. Halbuki, mən həbs olunan günə qədər nə onu görmüşəm, nə də tanışlığım olub. Araşdırma aparanda adı qarşıma çıxıb”.

Jurnalist vurğulayıb ki, Baxşəli Qəhrəmanovdan Tovuz işində də istifadə olunması haqda məlumatlıdır. Fikrət Fərəməzoğlunun sözlərinə görə, onun İlkin Süleymanovun üzünə durması, yalan danışması təəccüblü deyil: “Çünki həyat tərzi belədir, ona nə tapşırıblarsa, onu da edir. Hətta İlkin Süleymanovun ünvanına başqa fikirlər səsləndirsə, iddia eləsə ki, qaldıqları kamerada ona qarşı təcavüz edib, buna da təəccüblənmərəm. Çünki ondan hər şey gözləyirəm…”.

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …