Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / İlham Şaban: “Yanacağın qiyməti yeni ildə artırıla bilər”

İlham Şaban: “Yanacağın qiyməti yeni ildə artırıla bilər”

“Büdcəni doldurmaq üçün alternativ imkanlar məhduddur, ona görə də, məmurlar belə variantlara əl atırlar”

Dünyanın dörd bir yanında təşkil olunan saysız toplantı, görüşmə və açıqlamalardan sonra neftin qiymətlərini xilas edən anlaşma gecə 02:00-də bir telefon söhbətiylə baş tutdu. OPEC-in noyabrın 30-da təşkil edilən toplantısından əvvəl anlaşmanın olacağından heç kim əmin deyildi. Ümid verən açıqlamalar gəlsə də neft ölkələri hasilatın nə qədər azaldılması məsələsində bir nöqtəyə gələ bilmirdi.

Hətta Rusiya və Braziliya kimi OPEC-ə daxil olmayan hasilatçılar belə bir araya gələ bilmirdilər. Ancaq noyabrın 29-dan 30-na keçən gecə Səudiyyə Ərəbisatnının Enerji naziri Xalid Al-Falih və Rusiyanın enerji naziri Aleksandr Novak arasında olan bir telefon söhbəti anlaşmaya zəmanət yaratdı. Anlaşmanın önündəki ən böyük əngəllərdən biri Rusiyanın hasilatı azaltmaq istəməməsi və sadəcə dondurmağa üstünlük verməsiydi. “Bloomberg”in yayadığı məlumata görə, Novak telefon söhbətində Rusiyanın hasilatı azaldacağına söz verərək anlaşma üçün möhkəm zəmin yaradıb.

Bunun qarşılığında Al-Falih də digər OPEC ölkələrini anlaşmaya razı salıb. OPEC 2008-dən bəri ilk dəfə günlük hasilatı 1,2 milyon barel azaltmaq barədə qərarını açıqladı. Rusiya və OPEC-ə daxil olmayan digər ölkələr də hasilatı günlük 600 min barel azaldacağını bəyan etdilər. Anlaşmanın nə qədər uzunömürlü olacağına dair fikirlər səslənsə də, iki nazirin fədakarlığının nəticəsinin qısa bir müddəti əhatə edəcəyi ehtimal olunur. Görünən budur ki, bu açıqlamadan sonra neftin qiyməti 15 faiz artaraq 50 doları keçdi (fins.az).

Qeyd edək ki, Azərbaycan nefti “AzeriLight” markalı neftin də 1 barelinin qiyməti 0,07 dollar və ya 0,13 artaraq 55,04 dollar təşkil edib. Bu mövzuda Qafqaznews-a danışan ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, dekabrın 10-da yekun qərar verilənə qədər, neft qiymətlərində 50-55 dollar arasında artma və azalmalar müşahidə ediləcək.

“Lakin bu bahalaşmalar kağız üzərindədir, çünki bazarda təklif tələbdən çoxdur və heç də hər kəs öz malını sata bilmir. Məsələn, təkcə OPEK ölkələrinin gündəlik satılmayan nefti 1,2 milyon bareldir. Qeyri-OPEK ölkələrində isə bu göstərici gündə 500 min barel təşkil edir. Bu, ona bənzəyir ki, sizə yüksək maaşla yanvarda iş söz veriblər, amma siz bir ay qalmış o iş üçün dostunuza qonaqlıq verirsiniz.

Yəni, bu artımlar ciddi səmərəsini ancaq 2017-ci ildə verə bilər. O da, ancaq razılaşma tam əldə olunsa, nəsə gözləyə bilərik”, – deyə ekspert vurğulayıb. İ.Şabanın fikrincə, Azərbaycan üçün də neftin qiymətindəki bahalaşma əhəmiyyət daşıyır.

“Amma Tarif Şurasının qəbul etdiyi qərarlar və əhalinin hökumətdən bahalaşma ilə bağlı gözlədiyi güzəştli addımların olacağını düşünmürəm. Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enmir. Hesablamalara görə, TŞ-nin bu qərarıyla büdcəyə 300 milyon manat artıq vəsait daxil olacaq. Lakin bunun ağırlığını nəinki vətəndaşlar, bütün özəl şirkətlər və dövlət qurumları da hiss edəcək.

Paralel olaraq, elektrik enerjisi və qazla bağlı bütün sektorlarda, o cümlədən qida sənayesində istehsal xərcləri artacaq. Büdcəni doldurmaq üçün alternativ imkanlar məhduddur, ona görə də, məmurlar belə variantlara əl atırlar”, – deyə ekspert qeyd edib.

O, yeni ildə yanacağın da bahalaşacağını istisna etmir: “Lakin bu mövzuda dəqiq fikir bildirmək çətindir. Tarif Şurası axşam saat 10-da xəbər yayır ki, bahalaşma olacaq… Hər kəs qaçır yanacaqdoldurma stansiyasına, insanlar 2 manat qabağa düşmək üçün uzun növbəyə düzülürlər… Amma iki saat sonra isə başqa bir xəbər yayılır. Tarif Şurası hər an süpriz qərarlar qəbul edə bilər”.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın